YENİ dərs İlİnİn başlanğıcında tələbə və şagirdlərə göstərişlər
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Bilin ki, Allah elm tələb edənləri sevir» (Kafi 1-ci cild).
Əziz tələbələr və şagirdlər, islam övladları! Allahın salam, rəhmət və bərəkəti sizə şamil olsun ki, yeni təhsil ilini həvəslə qarşılayıb, institut və məktəblərin qapısını tərəqqi və kamillik qapısı hesab edirsiniz.
Hədisdə buyurulur: «Özünüzü ilahi əxlaqlarla zinətləndirin» (Bəharul-ənvar, 61-ci cild).
İlahi sifətlər arasında ən şərəflisi elm sifəti, sifət isimləri arasında ən əzəmətlisi alim sifətidir. Ona görə də elm sifəti ilə zinətlənmək digərlərindən daha üstün və dəyərlidir.
Allahdan bir nişanə tapıb, ona yiyələnmək həmin ilahi əxlaqa sahib olmaqdır. Bu nişanələrin ən mühümü elm və qüdrət, bilik və bacarıqdır. Bu iki sifət əlaqəlidir və onların ayrılması qeyri-mümkündür. Harada bilik varsa, orada bacarıq var və harada bacarıq varsa, orada bilik var. Beləcə, bəşəriyyətin ehtiyacları arasında elmdən üstünü yoxdur. Onu tələb edənlər daim axtarışdadır. Həzrət Əli (ə) buyurub: «Bilik qabından savay bütün qablar dolduqca daralır. O isə dolduqca genişlənir.» (Nəhcül-bəlağə).
Əzizlərim, bu fürsəti qənimət bilin. Oxuyun ki, agahlıq və mərifətə çatasınız. Oxuyun ki, özünüzü, cəmiyyəti, islamı izzətləndirə biləsiniz. Oxuyun ki, özünüzü və başqalarını cəhalət pəncəsindən qurtarasınız. Müxtəlif elm sahələrində bu günədək açılmamış düyünləri açmaq üçün oxuyun. Oxuyun və alim olun. Siz kimsədən əskik və bacarıqsız deyilsiniz.
Dünya və onun gələcəyi bilikli millətlər üçündür. öz elminizlə islam ümmətinin tarixi şərəf və izzətini özünə qaytarın. İradəli olun, heç bir elmi dərəcəni əlçatmaz saymayın.
Allah-taala bəşəriyyətə kainatı ram etmək ləyaqəti vermişdir. Elmə varmaqla kainatın sirlərini açın. Fitrətən tələb olunan bütün faydalar elm vasitəsi ilə əldə edilir. Zülmət və zillət isə cəhalət nəticəsidir.
Özünüzü Allah və İslam kəlmələrini ucaltmaq, Quran hədəflərinin gerçəkləşməsi, məhrumlara xidmət üçün hazırlayın. Elm yolunda üzərinizə düşən əziyyətləri Allah bəndələrinin rahatlığı üçün vəzifə bilin. Hamı sizin intizarınızdadır. Allah sizdən çalışqanlıq və fədakarlıq gözləyir. İslam və islam peyğəmbəri sizin ibtidai və ali təhsilinizin, elmi tədqiqatlarınızın intizarındadır. Məsumlar, xüsusilə də əsrin İmamı həzrət Bəqiyyətullah (ə.c) sizi gözləyir.
Hamının gözü elmi mərkəzlərə, dərs və təlim otaqlarına dikilməlidir. Sizin necə çalışdığınız, özünüzü necə hazırladığınız diqqət mərkəzindədir. Elm ocaqlarında müəllimlər, tərbiyəçilər və müdiriyyət bu amallar yolunda əl-ələ verməlidirlər.
Agahlıq, düşüncə və bilikdən ləzzət almağa çalışın. Öz vaxtınızı faydasız işlərə, müsabiqə və oyunlara sərf etməyin. Həqiqi kamillik və ilahi seyr arxasınca gedin. «Yoxsa güman edirsiniz ki, sizi səbəbsiz yaratmışıq» (Muminun-115), «Bu dünya puç və faydasızlıqdan başqa bir şey deyil» (Ənkəbut-64). Bu ayələrin dəyərli mənasını unutmayın. Vaxtı bada verən oyunlardan çəkinin. Bəzilərində müəyyən fayda olan belə oyunlar təhsildə geriliyə səbəb olur.
Həqiqi kamilliyə çatmaq istəyirsinizsə, ətrafınızdakılar da əyləncələrdən uzaqlaşıb sizinlə həmkarlıq etməlidir.
Qısası, onsuz da əldən gedəcək ömrünüzü ucuz qiymətə satmayın. Bilin ki, elm və mərifətdən, ilahi razılıq və ilahi seyrdən qiymətli bir şey yoxdur. Həzrət Əli (ə) buyurur: «Elə bir azadə insan yoxdurmu ki, ağzındakı yemək qırıntısı tək dəyərsiz olan dünyanı öz əhlinin öhdəsinə buraxsın? Doğrusu ömrünüzün qiyməti yalnız behiştdir. Dünyanızı behiştdən başqa bir şeyə satmayın.» (Nəhcül-bəlağə).
Özünüzü vəzifəli bilin, ləyaqətsiz və haram işlərdən çəkinin. Vacib əməllərə, xüsusi ilə də mömin meracı olan namaza əhəmiyyət verin. Cümə və camaat namazında iştirak edin. Tələbəlik və şagirdlik vüqarınızı qoruyun. Öyrənmək və öyrətməyi Allahın razılığı, ilahi sifətlə zinətlənmək üçün hidayətçi bilin. Allahdan yardım diləyin.
Cəmiyyətin mövlası həzrət Mehdini (ə.c) Allahla öz aranızda vasitə qərar verin və bilin ki, sizin müvəffəqiyyətləriniz o həzrəti sevindirir. Siz hamınız o həzrətin ruhani övladlarısınız və o hər bir atadan daha çox sizin müvəffəqiyyətinizi arzulayır.
Hər biriniz üçün, islamın əzəməti üçün, elmi mərkəz və institut məsullarının müvəffəqiyyəti üçün dua edirəm.
Ayətullah-üzma Safi