Nə edək ki, oruc yalnız aclıq və susuzluq olmasın?


Mübarək Ramazan ayını yaşamaqdayıq. Hər birimiz İlahi Ziyafətə dəvətliyik.

Mübarək ayda ən önəmli və vacib ibadətlərimizdən biri – orucdur. Yəni Allah üçün bəzi işlərdən, o cümlədən, bəzi halal işlərdən sübh azanından şam azanına qədər çəkinmək.

Mübarək ayda ən mühüm ibadətlərdən olan orucun keyfiyyətli olmağı üçün bəzi məsələlərə diqqət etməliyik. Orucumuzun keyfiyyətli olmasına necə nail olaq?

Gün ərzində tədbirli, planlı orucluluq keçirməliyik. Yəni belə olmamalıdır ki, yalnız aclıq və susuzluq kimi amilləri düşünüb, günümüzü yataraq keçirək. Mübarək ayda aclıq, susuzluq, isti havalar və s. kimi amillərə gileylənərək, oruculuğumuzu keçirdiriksə, bu halda çox az bəhrə aparmış olarıq İlahi Ziyafətdən. Bəlkə də belə olduqda tutduğumuz oruclar yalnız aclıq və susuzluqdan ibarət olar.

İmam Əli (ə) buyurur: \"Elə oruclar vardır ki, onlar yalnız aclıq və susuzluqdan ibarət olur\". Ancaq mübarək aya baxışımızı düzəltsək, bizlər hər birimiz İlahi Ziyafətdə Allah qonaqları olarıq.

O aclıq və susuzluq ki, o isti hava ki, onda olan oruc Allah üçün, Allah qonağı olduğumuza görə tutularsa - nə gözəldir.

Bu halda \"bəlkə, təqvalı olasınız\" hədəfinə daha yaxın olmuş olarıq. Təqvalı – yəni kontrollu varlıq. Bütün hissləri öz əlində olan, hisslərinin əlində oyuncaq olmayan varlıq.

Həyatın nə olduğu ilə bağlı düzgün baxışı olan... Həyatda hədəfin nə olduğun bilən bir varlıq...

Bütün pisliklərdən təmizlənmiş, bütün yaxşıları qazanmağa istəkli bir varlıq.

Həzrət Fatimeyi-Zəhra (s.ə) oruc tutanlar haqqında belə buyurur: “Oruc tutan (orucunun haqqını əda etməz) o zaman ki, dilini, qulağını, gözünü və əzalarını (o şeylərdən ki, ona haramdır) hifz etməz”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter