Ayətullah-üzma Safİnİn yetkİnlİk yaşına çatmış cavanlara nəsİhətİ nə oldu?
CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Quranın müraciət etdiyi, ilahi vəzifələr şərəfinə çatmış əziz yeniyetmələr və övladlar! Bu yaşa, bu ləyaqətə çatmağınız münasibəti ilə sizi təbrik edirəm.
Diqqətli olun, bu tarixdən başlayaraq islami cəmiyyətdə üzvlüyə qəbul olmusunuz. Əxlaqınız, danışığınız, fəaliyyətiniz üzərində hesab aparırlar. Allah-taala sizə etibar əta etmiş, (Quranda 88 dəfə) «Ey iman gətirənlər» deyə sizə üz tutmuşdur. Həmin bu etibar baxımından da cəmiyyətdə qiymətiniz vardır.
Sizin fəaliyyətiniz və sözünüz bu vaxtadək şəriət nöqteyi-nəzərindən etibarsız idi. Sizin haqqınızda başqaları qərar çıxarırdılar. İndi isə öz ixtiyarınızdasınız. Allah, Peyğəmbər, məsumlardan başqa kimsəyə tabe deyilsiniz.
Tövhid, nübüvvət, İmamət, məad, keçmiş peyğəmbərlər, kitablar və mələklərə olan etiqadınızı qısaca da olsa, dəlillərlə möhkəmləndirin. Çalışın ki, Allahın yardımı ilə Ona bəndə, Peyğəmbərə itaətçi, İmamlar və xüsusilə də həzrət Mehdi (ə.c) üçün həqiqi əsgər, xalis şiə, İslam və Quran üçün əmin keşikçi, möminlər üçün qayğıkeş bir qardaş olun. Hamının, xüsusilə də ata-ana, müəllim və alimlərin haqqına riayət edin. Sözün qısası, özünüzü gözəl islam əxlaqı ilə zinətləndirin, xalqa yaxşılıqda, elm və mərifət təhsilində daim yorulmadan çalışın. İnkişafınız üçün bütün imkanlardan səmərəli istifadə edin.
Bu gündən başlayaraq həyatınızın dəqiqələrinin də qədrini bilin. Axı siz islam ümməti üçün iftixar olmalı, izzət sahibinə çevrilməlisiniz. Vaxtınızı tənbəllik və süstlüklə keçirməyin, Allah eləməmiş, pislənmiş və haram işlərə, oyunlara sərf etməyin. Bir zaman elə olsun ki, ötən günlərinizə nəzər salanda şad və xoşbəxt olasınız.
Əzizlərim! Təklif nədir? Təklif yaşına çatmaq nədir? Yəni, bu söz, bu da meydan! Bu siz, bu da səadətli fürsətlər! Yəni, məsuliyyət, özünütərbiyə, quruculuq dövrünə qədəm qoyma, ilahi imtahanlarla üz-üzə! özünüzü belə bir həyat üçün hazırlayın və heç bir qiymətə Allahdan başqasına satmayın. Əslində, sizin qiymətiniz behiştdir. «Özünüzü behiştdən qeyri bir şeyə satmayın.» (Nəhcül-bəlağə).
Çalışın ki, seçdiyiniz fəaliyyət sahəsində cəmiyyət üçün faydalı və etibarlı bir üzv olasınız. Fərz edin ki, hamı sizin çalışqanlığınıza möhtacdır və siz öz payınıza düşən bu ehtiyacları aradan qaldırmalısınız.
Allahı heç zaman unatmayın. Onu xatırlamaqdan, dua və ibadətdən, İmamlara təvəssüldən, şərəfli hərəmlərin ziyarətindən güc alın. Allahın lütfünə və yardımına ümidvar olun. Quranda buyurulur: «Haqqımızda çalışanları xüsusi yollarımıza hidayət edərik və şəksiz ki, Allah yaxşı iş görənlərlədir.» (Ənkəbut-69).