Əgər Allah sİzİn bİr arzunuzu yerinə yetİrərsə, Ondan nə İstəyərsİnİz?


CAVAB.1 Bismillahir-rəhmanir-rəhim.
Sizin iki sual və nəsihət istəməyinizdən ibarət məktubunuz çatdı.
Suallar, istəklər, gözəl niyyət, dini baxış və vicdanlı həyatın təzahürüdür. Mən bu qəlbinizə, imanınıza görə sizə təbrik deyir, Allahdan sizin üçün müvəffəqiyyət və kamil iman istəyirəm.
Vaxt darlığı səbəbindən müxtəsər cavab verməyə çalışsam da, mövzuların mənəviliyi və onların insan ruhuna bəxş etdiyi şirinlik söhbəti uzadır. Əgər qələmin cilovu çəkilməsə, nəfs bu ürəyəyatan mövzulardan doymaz, qələm yazmaqdan yorulmaz. «Həmd olsun o Allaha ki, bizi hidayət etdi və Allah yol göstərməsəydi, heç vaxt haq yolu tapa bilməzdik» (Əraf-43).
Dünyanın vəziyyəti və dünya xalqlarının fərqli xarakteri, eləcə də, dünyada gedən dəyişikliklərin hər biri moizə və nəsihətdir. Zatın hər bir zərrəsi, hər bir yarpmaq, yağış damlası, hüceyrə, canlı, cansız, bitki, insan, dağ, dəniz, ulduz, qalaktika həqiqətlərdən bir aləm, mənalardan bir kitab, Allaha tərəf gedən bir yoldur. İlahi qayda olan geyimlər, həyat və ölüm, zahiri görünüşlərin və nemətlərin təzələnməsi, ömürlərin sona çatması, dövlətlərin süqutu düşüncəli insanlar üçün həmişə ən yaxşı moizə olub və olmaqdadır. «Səbəb Allahın haqq və Ondan qeyri çağırılanların batil olmasıdır. Allahın mərtəbəsi yüksək və böyükdür» (Loğman-30; Həcc-62).
Yaranış kitabının hansı nöqtə, hərf və kəlməsində, hansı hadisə, kiçik və ya böyük varlıqda ilahi nişanələr müşahidə edilmir ki, qafil insanlar qəflət yuxusundan oyanıb, işlərin aqibəti haqqında düşüncəyə vadar olmasın, yeganə Yaradanın əzəməti qarşısında səcdəyə getməsin, dilindən tövhid kəlmələri qopmasın?!
«İlahi, həqiqətən səmadakı və yerdəki hərəkətlər, gözlərdəki baxış, dənizlərin hər bir qətrəsi, ağacların hər bir yarpağı Sənə dəlil və şahiddir, Sənin mülkündə heyrandır».
Bəli, bütün müşahidə olunanlar ilahi varlığın, Onun elm və qüdrətinin nişanələridir.

Ayıqlar nəzərində yaşıl-yaşıl yarpaqlar
İlahi bir düzümdən söz danışan varaqlar.

Varlığın atomdan tutmuş kəhkəşanlara qədər bütün hissələri Allahın qüdrəti sayəsində hərəkətdədir. Bu təbii hərəkət insan vücudunun zərrələrində də cərəyan etməkdədir. Bütün zərrələr batini bir dillə xəbərdarlıq edir ki, ixtiyar və iradə meydanında hərəkət karvanından geri qalmaq olmaz. Təəssüf doğurar ki, insan bütün bu moizə və xəbərdarlıqları qulaq ardına vurub, ömrünü qəflətdə və oyun-oyuncaqla keçirsin.
Hədisdə belə buyurulur: «İki günü bərabər olan şəxs ziyankar və bu günü dünənindən pis olan şəxs məlundur» (Məanul-əxbar).
Bütün gördükləriniz bizi ayıq olub, vaxtın qədrini bilməyə çağırır. Cavanlığın arxasında qocalıq, sağlamlağın arxasında xəstəlik və həyatın arxasında ölüm dayanmışdır. Vaxt varkən ayağa qalxın, qarşıdakı uzun yolunuz üçün azuqə hazırlayın. Əli (ə)-ın buyuruğunu unutmayın: «Bu qədər öyüd-nəsihət aqil insanların moizəsi və nadanların ibrət götürməsi üçün kifayətdir.» (Nəhcül-bəlağə).
Birinci sualınız olduqca əhəmiyyətlidir. Elmin dərinliklərinə getmiş, kamillik və bəsirət mədəni olan, Allahdan ilhamlanan İmamlardan (ə) savay kimsə bu suala qənaətbəxş cavab verə bilməz. Arzularımdan birinin yerinə yetiriləcəyi təqdirdə Allahdan nə istəyəcəyimi bilmirəm. Onun dərgahından sabit iman, razılıq, yoxsa cənnətmi istəyim? Yoxsa həzrət Mehdinin (ə.c) zühurunu istəyim? Bəlkə, deyim ki, ilahi məni öz bəyəndiyin kimi et? Ya da bütün bəndələr üçün dünya və axirət səadəti diləyim?
Ancaq mən Allahı bağışlayan və bəxşiş verən kimi tanıyıram. Onun rəhmət və kəramət xəzinələrindən nə qədər bağışlanarsa, zərrəcə azalmaz. Bütün dualar icabət olunar. O, mütləq feyz bağışlayandır. «Onun birini dinləməsi digərini dinləməsinə mane olmur və istəyənə də, istəməyənə də əta edir» (Kafi, 2-ci cild). Onun xəzinələri tükənməz və çox bağışlamağı ona yalnız kərəm və səxavət artırar» (Məfatihul-cinan).
O, öz kitabında və həzrət Rəsula (s) vəhyində dua üçün hamıya mütləq izn verib. «Sizin Allahınız deyər: çağırın Məni, cavab verim sizə. Şübhəsiz, Mənə ibadət etməyi özlərinə sığışdırmayanlar tezliklə xar və zarıyan halda cəhənnəmə daxil olacaqlar» (Ğafir-60). Beləliklə də, hamıya dua əmri verilmiş, qurtuluş qapıları taybatay açılmışdır.
Bu səbəbdən də mən bütün ehtiyaclarımı Ondan istəyirəm və Onun ətasını məhdud saymıram. Fəxr edirəm ki, vücudum başdan-ayağa Ona möhtacdır və izzətim Onun ətasına bağlıdır.
Onu da qeyd edim ki, həzrət Peyğəmbər (s) və Əhli-beytdən rəvayət olunan dualar arasında bütün məqsəd və mətləbləri özündə cəmləşdirən dualar çoxdur. Lakin bu dualar artıq seçilmiş olduğu üçün onların arasından bir neçəsini seçmək olmaz.
Əgər İmamların səhabələrinin, alim və hədisçilərin tərtib etdikləri mötəbər kitablardan hər birimiz faydalansaq, saysız-hesabsız rəhmət xəzinələrinə yol açılar.
Bu dualar bəşərin həqiqi ehtiyaclarının bəyanından əlavə, oxuyanın diqqətini ehtiyacsız Allaha yönəldir, onda füsünkar mənəvi halətlər yaradır, Allahla ünsiyyətdən zövq alınır. Eləcə də, elm, mərifət, əxlaq, fəzilət qapıları dua oxuyanın üzünə açılır.
Yəqin ki, o həzrətlərin dua göstərişləri olmasaydı, bəşəriyyət dua işığında vücuda gələn kamilliyi dada bilməzdi. Bu dualar Allahı hansı adlarla çağırmağı, nə istəməyi öyrədir.
Bu dualar və xüsusi ilə də Qurandakı dualar nur, iman, Allaha tərəf seyr, heyvani və nəfs ani istəklərindən qurtuluş, mələkuti dərəcələrə yüksəliş, rəhmət dəryasında üzmək və həqiqi bərəkətdir. İmam Zeynəlabidin (ə) münacatlarından birində belə buyurur: «Ey o kəs ki, səltənəti bütün yeri tutmuş, cəlal və əzəməti hər şeyə qalibdir. Məhəmməd və onun ailəsinə salam göndər. Qəlbimi Sənə tərəf yönəlməyin şadlığı ilə doldur və məni Sənə itaət edənlər cərgəsinə qoş.»
Duanı oxuyarkən anlayırıq ki, Allahdan bir şey istədiyimiz zaman bu sözləri tapa bilməzdik. Öz hacətlərimizi bu duadakı məqamlarla dərk etməz, dünyəvi və maddi istəklərlə kifayətlənərdik. Uyğun duada yenə də buyurulur: «Ey o kəs ki, yolunu azmışlar ona üz tutar, Onu rəhbər görərlər. Qorxmuşlar Onu səslər, Onu sığınacaq bilərlər. İbadət edənlər Ona pənah aparar, Ona arxalanarlar. Axı nə vaxt Səndən qeyrisini çağıran sevindi, Səndən qeyrisi üçün əziyyət çəkən rahatlıq tapdı? Mənim Allahım, sübhlərin işığı, gecənin qaranlığını apardı. Mənsə hələ də arzuma çatmamışam və münacat bulağından doymamışam. Məhəmməd və onun ailəsinə salam göndər. İstəklərimin qəbulu və ya binəsib qalmağım, hansı məsləhətdirsə onu yerinə yetir. Ey mehribanların mehribanı.» (Səhifeyi-səccadiyyə).
Məsumlardan bizə yetişmiş bütün digər dualar da kamil mərifət, bəsirət, tərbiyə aşılayan məzmuna malikdir. Onların vasitəsilə qəlb saflanır, insanın mənəvi aləmin seyrinə şövqü artır.
Kamil dualardan bəzisi Allahdan müvəffəqiyyət, sağlamlıq, yəqin məqamı, təvəkkül və riza diləyir. «Məkarimul-əxlaq» duası kimi dualarda həqiqi ehtiyac və pak fitrət istənilir. Dua edən öz məqam və fəzilətindən asılı olmayaraq, özünü yoxsul, tam ehtiyac içində görür və zatən varlı, kamil olan Allah qarşısında özünü bacardıqca kiçik fərz edir. İnsan bu dualarla ən qorxulu hadisələrlə üzləşmək üçün silahlanır.
Dua əhlini bəla tufanları acizləşdirmir, çətinliklər əldən salmır. Məyusluq və ümidsizlik onlara qələbə çalmır. Ümid Allaha və Onun qüvvəsinədir. «Ey Allah, Səndən ürəyimə, canıma qarışmış iman, yəqin istəyirəm ki, mənə yazdığından başqa bir şey çatmayacağını bilim. Məni qismət etdiyin şeylərdən razı sal.» (Səhifeyi-səccadiyyə, 2-ci cild).
Bu kimi dualarla insanlar çətinliklərə qalib gəlib, öz iman və mövqelərində möhkəmlənirlər. «Allah bizə kifayətdir», «Öz işimi Allaha tapşırıram», «Biz Allah tərəfindənik və Allaha tərəf qayıdacağıq», «Allahdan başqa heç bir qüvvə və qüdrət yoxdur» kimi ayələr bütün zəif nöqtələri qüdrətə çevirir. Həzrət Peyğəmbərin (s) öz qızı Fatiməyə (ə) öyrətdiyi duadakı kimi: «Ey diri və əbədi! Öz rəhmətinlə köməyimə çat, məni bir an da özbaşına buraxma və bütün işlərimi islah et.» (Kənzül-ümman). Dua edən şəxs özünü Allahın amanında və himayəsində görür, heç bir kasıbçılıq və zərər onu qorxutmur.
Həqiqətən dua və çağırışın özü istənilən hacətlərdən daha mühüm və feyzlidir. Ona görə də istər kiçik, istərsə də böyük hər nə varsa, Allahdan istəmək lazımdır.
Xoş o dostların halına ki, Allahla dua vasitəsilə daim rabitədədirlər və vay olsun duanın ləzzətindən və bərəkətindən məhrum olanların halına. Allaha ibadət və pərəstişin həqiqəti duadır. (bax: Bəqərə-156). Hədisdə «dua ibadətin məğzidir» buyurulur. (Vəsailüş-şiə, 4-cü cild).
Rəvayətdə nəql olunur ki, İmam Sadiqdən (ə) soruşdular: İki şəxs namaza birlikdə başlayıb, birlikdə də bitirdilər. Namaz zamanı onlardan birinin duası, digərinin qiraəti mükəmməl idi. Hansının fəziləti daha çoxdur?
İmam (ə) birinci dəfə «hər ikisi fəzilətlidir» deyə cavab versə də, sual verən şəxs yenə də cavab istədi. Həzrət (ə) buyurdu: «Duası çox olan daha fəzilətlidir.»
Uca Allahdan istəyirəm ki, qəlbimizi duaya şövq nuru ilə işıqlandırsın, hər zaman duanın bərəkətindən feyz alaq. Xüsusi ilə həzrət Bəqiyyətullah İmam Zaman (ə.c) üçün duaya müvəffəq olub, onun hakimiyyət nemətinin qədrini bilək.

Cavab 2: Qiyamət günü məndən şəfaət istəyirsiniz. Əvvəla, ümid edirəm ki, siz özünüz şəriət təkliflərinə əməl etməklə, pak iman və Əhli-beytə bağlılıq ruhiyyənizlə şəfaət edənlərdən (bağışlatdıranlardan) olacaqsınız. Rəvayətə görə, möminlər də şəfaət edənlərdəndir.
İkincisi, hamınızın gözü həzrət Rəsuli-əkrəm (s) və Əhli-beytin (ə) şəfaətindədir. Qiyamət günündə şəfatə edənlər çoxdur – o cümlədən dinin həqiqi keşikçisi olan alimlər. Lakin şiələri və möminləri qurtuluş mənzilinə, ali dərəcələrə çatdıran xüsusi şəfaət Məhəmməd və ali Məhəmməd (s) şəfaətidir.

Tubanın təşnəsin yatırdı Kovsər,
Bahar yağışından olarmı əsər?

Öz Allahı ilə əhd bağlamış sizin kimi insanların mənim kimi qüsurlu bir bəndənin şəfaətinə nə ehtiyacı var? Əgər şəfaətdən bir pay nəsib olsa, o da Məhəmməd və ali Məhəmməd (s) şəfaətinin sayəsindədir.
Şərafətli hədislərə görə şəxslərdən şəfaətə şamil olmaq maneələri yoxdursa, ali dərəcə sahibi olanlar aşağı mərtəbəlilərə şəfaət edirlər. Bu şəfaət yalnız günahkarlara deyil, saleh adamlara da aiddir və onların dərəcəsini yüksəldir. Buna əsasən də həzrət Peyğəmbər (s) günahkarlara, salehlərə, şəhidlərə, hətta peyğəmbər və İmamlara da şəfaət edə bilər. Əgər şəfaət günahkarları bağışlatdırarsa, digərlərinin mərtəbələrini daha da ucaldar. Bu mənada məsumların şəfaəti bütün şəxsiyyətlərə və məqam sahiblərinə şamil olunur. Günahkarlara şəfaətin əhatəsi o qədər genişdir ki, onların adlarının Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn və s. olmasının da əhəmiyyəti vardır. Bütün bunlara baxmayaraq insan bədbəxtçilik biyabanında, cəhənnəm əzabında süquta uğrayır. Əgər az mərifətli birisi «təəccüb edirəm nicat tapana, axı necə nicat tapıb» demişsə, kamil söz imana məxsusdur: «təəccüb edirəm həlak olana, axı necə həlak olub?». Doğrudan da insan səadətə çatmalı, xoşbəxt olmalıdır və bu bir gerçəklikdir.
İnsan bu ilahi feyzləri əldə etmək yolunu tutmalı, haqqın rəhmət günəşinin nurundan məhrum olmamalı, günahın insanı yuvarlatdığı çıxılmaz zülmətdən qorxmalı, qəfil əzabdan həzər etməli, bu ayəni unutmamalıdır: «Sonradan pis iş görənlərin aqibəti daha da pis oldu. Çünki onlar Allahın ayələrini yalan bilib, məsxərəyə qoydular.» (Rum-10).
İnsan özünü fəlakətə atmamalı, ilahi rəhmətdən nə məğrur, nə də məyus olmamalıdır. Ümid və qorxu arasında ayıq halda irəliləyib, şeytanın və alçaq nəfsin şərindən Allaha sığınmalıdır. «Uca və əzəmətli Allahın qüvvəsindən qeyri bir qüvvə yoxdur. İddiamızın sonu budur ki, həmd və səna aləmlərin Rəbbinə məxsusdur.»


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter