İslam yolunda sabİtqədəm olmağım üçün nə etməlİyəm?


CAVAB: Əlhəmdulillahi rəbbil aləmin Vəssəlatu vəssəlamu əla səyyidina və nəbiyyina Əbil-qasimi Muhəmmədin və alihit-tahirin, siyyəma bəqiyyətillahi fil-ərzin.
Allah-taala buyurur: «Bilin ki, mənim doğru və düzgün yolum budur. Onu seçin və digər yolla getməyin ki, sizi Onun yolundan uzaqlaşdırar. Sizə belə tapşırılmışdır. Olsun ki, amanda qalasınız» (Ənam-153).
Sizə verəcəyim nəsihətlər Əllamə Hillinin öz oğlu Fəxrül-Mühəqqiqinə etdiyi nəsihətlərdən götürülmüşdür. O, ən böyük islam alimlərindən, əqli və nəqli elmlərdə misilsiz ustadlardandır. O, çox qiymətli «Təvaid» kitabının sonunda elm aləminin iftixarı olan oğluna bir sıra tapşırıqlar vermişdir.
O, böyük fəqih öz şərəfli oğluna xeyir-dua verdikdən sonra ona təqvalı və pəhrizkar olmağı vəsiyyət edir. Onu Allahın əmrlərinə itaətə, ilahi razılığa səbəb olacaq işlərə, nəhy edilən işlərdən uzaqlaşmağa çağırır.
O, öz oğlundan istəyir ki, ömrünü fəzilət qazanmağa, nadanlıq və naqislik uçurumundan elm və kamal, saleh əməllərin ən ali dərəcəsinə yüksəlməyə sərf etsin, vaxtını səmərəsiz keçirməsin.
Bu vəsiyyətlərdən biri də mömin qardaşlara kömək, zəiflərin ehtiyacını ödəmək, pislik qarşısında yaxşılıq, yaxşılıq qarşısında təşəkkürdür. Onu əxlaqsız və qanmaz adamlarla dostluqdan, hömsöhbət olmaqdan çəkindirir.
Digər tərəfdən öz övladına alimlərlə yaxınlığın gözəl əxlaqa səbəb olduğunu anladır. Səbr və təvəkkül, nəfslə hesab aparmaq, bağışlanmaq istəmək, zülmdən çəkinmək vəsiyyət olunur. Yaddan çıxarma ki,Allah zəif və əldən düşmüş şəxsləri incidənin, yoxsula əziyyət verənin günahından keçmir.
Sonra buyurur: Gecə namazını unutma və çalış həmişə onu yerinə yetirəsən. Böyük məqamlı Peyğəmbər (s) möminləri ona rəğbətləndirib: «Behişt ömrünün sonunu gecələr durmaqla keçirənindir» (Əvaliyul-ləali 2-ci cild).
Qohum-əqrəba və yaxın adamlara baş çək – bu, ömrün uzanmasına səbəb olar. Bacardıqca gözəl əxlaqa yiyələn. Həzrət Peyğəmbər (s) buyurur: «Doğrusu, heç vaxt malınızla xalqı razı sala bilməzsiniz. Belə isə, onları əxlaqınızla razı salın.» (Həmin mənbə 4-cü cild).
Pak nəsil olan məsum övladlarına, kəramətli seyidlərə bağlı olmağa, onlara xidmət və hörmət göstərməyə çalış. Allah-taala onları təkidlə tapşırmış, onlarla dostluğu risalətin savabı bildirmişdir. «Ey Peyğəmbər, de ki, sizdən Əhli-beytlə dostluqdan başqa bir şey istəmirəm» (Şura-23).
Son peyğəmbər həzrət Məhəmməd (s) buyurmuşdur: «Qiyamət günü dörd qrup, dünya əhlinin günahı qədər günah gətirərsə də onlara şəfaət edərəm: mənim nəslimə kömək edənlər, yoxsulluq və çətinlikdə mənim övladlarıma malından bağışlayanlar, dili və qəlbiylə övladlarımı sevənlər, övladlarım qovulub, kənarda qaldıqları vaxt onların ehtiyacını aradan qaldırmaq üçün çalışanlar» (Əvaliul-ləali, 4-cü cild).
Alimləri əzizlə, fəqihlərə təzim et. Həzrət Peyğəmbər (s) buyurub: «Fəqihə ehtiram göstərən şəxs qiyamət günü Allah ilə Onun bəyəndiyi bir halda görüşər. Fəqihi yüngül sayan isə Allah ilə Allahın ona qəzəbləndiyi halda görüşər» (Həmin mənbə, 1-ci cild).
Alimə və hətta onun evinin qapısına baxmaq, onunla yoldaşlıq edib həmsöhbət olmaq ibadətdir. Sənə dini anlamağı, elm əldə etməyi arzulayıram. Məbada, öz elmini ehtiyacı olanlardan gizlədəsən. Quranda buyurulur: «Öz elmini gizlədən şəxsə Allah və bütün lənət edənlər lənət yağdırar» (Bəqərə-159).
Xüsusilə, bidətlər zamanı alimlərin öz elmlərini zahir edib, bidətləri dəf etməsi və camaatı bu yoldan çəkindirməsi vacibdir. Peyğəmbər (s) buyurur: «Ümmətim arasında bidətlər aşkar olduqda din aliminə öz biliyini bəyan etmək vacibdir. Belə olmasa, Allahın lənəti olsun ona» (Əvaliul-ləali, 4-cü cild).
Əllamə Hillinin (r.ə) buyuruqlarından əlavə, mənimdə tövsiyəm budur ki, Allahı unutma və Ona elə ibadət et ki, sanki Onu görürsən. Sən Onu görmürsənsədə, O səni görür. Onu ürəyinlə, dilinlə daim xatırla. Yəqin ki, O da səni yada salar. (Bəqərə-152).
Onun nemətlərinə şükrü unutma. Neməti danmaqdan, Onun nemətləri ilə Ona günah etməkdən çəkin. «Şükr etsəniz, nemətləri artıraram və əgər küfr etsəniz, [bilin ki] mənim əzabım ağırdır» (İbrahim-7).
Alış-verişdə insafı gözlə. Kimsənin kiçik olsa belə, haqqını inkar etmə. Bacardığın qədər din qardaşlarına kömək göstər. Üç əməl çox faydalıdır: dostlara maddi kömək, camaatla insaflı rəftar, Allahı hər zaman xatırlamaq. (İrşad, 2-ci cild).
Mömin qardaş və bacıların hüququna riayət et. Bunun üçün ən asan yol özün üçün istədiyini onlar üçün də istəmək, özün üçün xoşlamadığını onlar üçün də xoşlamamaqdır. Səninlə əlaqəni kəsənlərə yaxınlaş, sənə zülm edənləri bağışla.
Lovğalıq, qürur, xudbinlik, başqalarına yuxarıdan baxmaqdan çəkin. «Lovğalıq edənlərin yeri cəhənnəm deyildirmi?» (Zumər-60).
Allah bəndələrinə mömin bacı və qardaşlarına saymazyana baxma. Sənin alçaq gördüyün şəxs Allah övliyalarından ola bilər. Zahiri əlamətlər həqiqi ölçü deyil. «Bu dünyada var-dövlət yığanların əli o dünyada boşdur» (Kənzul-ummal).
Başqaları ilə müqayisədə özünü nə qədər kiçik saysan və təvazökarlıq göstərsən, uca məqamlara çatarsan.
Yaxşıya dəvət və pisdən çəkindirməni, İslam kəlməsinin ucaldılmasını, Əhli-beyt məktəbinin təbliğini istiqamət seç. Allah yolunda dostluq və düşmənçiliyi gözlə.
Dünya və axirət izzətinin, cəmiyyətin etibarının mühüm səbəblərindən olan əhdə vəfadarlıq, düzlük və sədaqəti uca tut. Hədisdə buyurlur: «İnsanın oruc və namazının çoxluğuna deyil, əmanətdarlığına, danışıqda düzgünlüyünə baxın» (Kafi, 2-ci cild).
Həzrət Peyğəmbər (s) bir hədisdə buyurur: «Mənim ümmətim nə qədər ki, əmanəti qənimət və sədəqəni ziyan bilmir, həmişə xeyirdədir.»
Allahın düşmənləri ilə dostluqdan çəkin və bu üç ayəni unutma:
«Elə bir qövm tapmazsan ki, Allah və Onun peyğəmbərinə iman gətirsin, amma onların müxalifləri ilə dostluq etsin – bu müxaliflər onların ataları, övladları, qardaşları və ya qəbilələri olmuş olsa da! (Mücadilə-22).
«De ki, əgər atalarınız, övladlarınız, qardaşlarınız, arvadlarınız, qohumlarınız, qazandığınız mallar, kasadlığından qorxduğunuz ticarət və bəyəndiyiniz evlər sizin üçün Allahdan, Onun rəsulundan, Onun yolunda cihaddan daha əzizdirsə, Allahın əmrini gözləyin, Allah fisq əhlini sevməz» (Tövbə-24).
«Bu axirət evini dünyada üstünlük arzusunda və azğın olmayanlar üçün qurmuşuq və yaxşı aqibət təqva sahiblərinindir» (Qəsəs-83).
Quran oxumağı tərk etmə. Rəvayətlərə görə Quran Allahın əhdidir. Hər bir şəxs bu əhdə baxmalı və hər gün ən azı beş ayə oxumalıdır.
Yerin və göyün yaranışını, ilahi nişanələri düşünmək, Allahı tanımağa, ruhun və əqlin inkişafına səbəbdir və bu düşüncələrin fəzilətini əldən buraxma! Allah-taala Quranda ağıl sahiblərini vəsf edərək buyurur: «Yer üzündə yəqin əhli üçün ibrətlər vardır. Öz vücudunuzda görmürsünüzmü?» (Zariyat 20, 21).
Aləmin zahirinə baş qatıb, onun batinini görməyənlərdən olma. Belələri haqqında buyurulur: «Göylərdə və yerlərdə çox nişanələr vardır ki, onlardan ötüşüb baxmazlar» (Yusif-105).
Məsumlara təvəssüldən, onların müsibət və fəzilətləri zikr olunan məclislərdən, rövzə məclisləri, həzrət Seyyidüş-şühədanın (ə) əzadarlıq məclislərindən uzaq olub, səhlənkarlıq etməyəsən. Ruhun kamilləşməsindən, nəfsin paklaşmasından, çoxlu savab qazanmaqdan, mərifət və bəsirətin artmasından ibarət olan bu məclisləri qənimət say!
Xüsusi ilə, həqiqi nemətlərin vəlisi, zahiri və batini feyzlər müqəddəs vücudundan bərəkət tapan həzrət Mehdini (ə.c) unutma. Öz rəftar və danışığınla o həzrəti bacardıqca razı sal. Onun zühurunun təcili, nicat dövrünün yaxınlaşması üçün dua et. Onun həqiqi intizarını çəkənlərdən olmağa çalış!
Məhəmməd və ali Məhəmmədə salavat göndərməklə mətin ol! Və bu təqsirli fəqirə də dua etməyi unutma!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter