İslam dinində şadlığa münasibət necədir?
Ayə və rəvayətlərə əsasən insan səadəti üçün faydalı olan şadlıq zəruridir. İslam orta həddi gözləyən dindir. Bu baxımdan ifrat və təfrit şadlıq da məqbul sayılmır.
İslamda insan təbiətinə münasib olmayan heç bir ayin yoxdur. Bütün ilahi göstərişlər insanın fitri ehtiyaclarına uyğun şəkildə tənzimlənmişdir. Şadlıq insanın mühüm fitri ehtiyaclarındandır. Varlıq aləmindəki gözəlliklər, təravətli bahar, lətafətli sübh, ürək oxşayan şəlalələr, ailə və övlad məhəbbəti insanın qəlbini sevinclə doldurur.
Həqiqi şadlığın bəzi amillərini sadalayaq: iman, taledən razılıq, günahdan pəhriz, çətinliklərlə mübarizə, xoş qoxu, idman, həyat həvəsi, fiziki iş, əyləncə, Quran qiraəti, Allahın zikri, sədəqə və s. Qurani kərimdə behişt nemətlərinin sadalanması, İslamın şadlığa müsbət münasibətinin təsdiqidir. Məsumlardan (ə) nəql olunmuş rəvayətlərdə bu münasibət bir daha öz əksini tapır. İslam Peyğəmbəri (s) buyurur: “Mömin şux və fərəhlidir.” (“Tühəful-üqul”, s. 49.) Həzrət Əli (ə) buyurur: “Şadlıq anları qənimətdir.” (“Ğürərül-hikəm”, h. 2023.) İmam Sadiq (ə) buyurur: “Zarafat təbi olmayan mömin yoxdur.” (“Üsule-kafi”, c. 2, s. 663.)
Amma hər şeyin həddi olduğu kimi, şadlığın da həddi var. Şadlıq insanın imanına, tövhid ruhuna, ilahi düşüncəsinə zidd olmamalıdır. İfrat şadlıq nəinki bəyənilmir, hətta məzəmmət olunur. Həzrət Əli (ə) şadlığın əsas səbəblərindən olan zarafat haqqında buyurur: “Çox zarafat edən şəxs vüqarını və ağırlığını itirir.” (“Ğürərül-hikəm”, s. 222.) İmam Sadiq (ə) buyurur: “Çox zarafat etmək insanı abırdan salır. (“Kafi”, c. 2, s. 666)
Şadlıq, gülüş, təbəssüm səmimi olmalı, eləcə də, başqalarının şəxsiyyətini alçaltmamalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Allah cənazəyə, ölümə gülən kəsi qiyamət günü hamının gözü qabağında alçaldar.”
Bir çox müsəlman alimləri həqiqi şadlığın insanın daxili aləminə aid olduğunu bildirirlər. Onların nəzərincə dünyəvi şadlıq dünya kimi müvəqqətidir və onun ardınca qəm-qüssə gəlir. Əksinə, həqiqi mənəvi şadlığa çatmaq üçün qəmdən keçmək lazım gəlir./nur-az