Kasıblığa görə evlənməmək olarmı?


Yaranış qanunları ilə yanaşı addımlayan İslam dinində, evlənmə ilahi əmr kimi qəbul olunmuşdur. Allah-təala buyurur: «Aranızdakı subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və cariyələrinizlə evləndirin!». («Nur» surəsi, ayə 32.)

Həzrət Peyğəmbər (s) buyurur: «Evlənən şəxs dininin yarısını hifz etmişdir». («Səfinətül-bihar», 1-ci cild, səh. 561.)
Öz cinsi istəklərini təmin etmək üçün insan hətta cinayətə gedirsə, demək bu hiss onun xarakterində mövcuddur və onu qanuni yolla təmin etmək zəruridir. Cinsi istəkləri təmin olunmayan şəxs ruhu sarsıntılar içində qovrularaq, normal zehni və fiziki fəaliyyətdən geri qalır. Cinsi yetkinliyə çatmış gənc evlənə bilmirsə, həm özü, həm də cəmiyyət üçün problemlər yaradır. Bəs müasir dünyamızda gənclərin evlənmək imkanından məhrumluğunun əsas səbəbi nədir? Nə üçün şəhərə nisbətən kənd cavanları daha tez evlənir?

Hal-hazırda vaxtında ailə qurmağa mane olan ilkin səbəb kimi, gənclərin iqtisadi durumu göstərilir. Göərəsən, İslam dinində bu problemə münasibət necədir? Həzrət Peyğəmbər (s) buyurur: «Kasıbçılıq qorxusundan evlənməyən şəxs, Allahdan bədgüman olub». («Vəsailüş-şiə», 14-cü cild, səh.24.)

Kübar həyat tərzi arzusu, evlənmək istəyən gənclər qarşısında böyük maneədir. Çox vaxt gənclər yox, valideynlər bu tələblərlə çıxış edirlər. Həzrət Peyğəmbər (s) isə belə buyurur: «Ən pisqədəm qadın, mehriyyəsi ağır olan qadındır». («Vəsaliüş-şiə», 15-ci cild, səh.10.) Başqa bir hədisdə isə, iqtisadi problemlərə görə övladının ailə qurmasına mane olan valideynlərə belə xəbərdarlıq olunur: «Övladı yetkinlik yaşına çatmış şəxs, onu evləndirmək iqtidarında olduğu təqdirdə evləndirmirsə, övlad günaha batsa, bu günah hər ikisi üçün yazılar». («Məcməül-bəyan».)

Gənclərin vaxtında evlənə bilməməsi, cəmiyyətdə əxlaqsızlığa rəvac verir. Eyni zamanda, əxlaqsızlıq yuvalarının mövcudluğu gənclərin evlənməsinə mane olan səbəbdir. Kənd yerlərində belə yuvaların olmaması, gənclərin vaxtında ailə qurmasının şərtlərindəndir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter