Sehr xürafatdır, yoxsa həqiqət?
«Sehr» kəlməsinin lüğəti mənası, «mənbəyi bilinməyən, gizli qalan hadisə» deməkdir. Amma hal-hazırda sehr dedikdə, qeyri-adi bir iş başa düşülür.
Gözbağlayıcılıq, təlqin, yalnız mütəxəssislərə məlum fiziki və kimyəvi proseslər, cindarlıq vasitəsi ilə nümayiş etdirilən hadisələr sehr kimi qəbul olunur.
Sehrbazlıq həzrət Musanın (ə) dövründə çox güclü idi. Amma hal-hazırda da sirk tamaşalarında sehrbazlıqla tez-tez qarşılaşırıq.
Sehrbazlıqa aid yazılmış kitablarda, sehrbazların bir çox sehrləri açıqlanmışdır. Məsələn, sehrbazın əlindən hər hansı bir predmetin uçması indiki dövrdə, çətin ki, kimsəni təəcübləndirsin. Çünki insanların əksəriyyəti kimyadan xəbərdardır və bir çox maddələrin havadan yüngül olduğunu bilir. Bu maddədən hər hansı bir cismdə yerləşdirməklə, onu hərəkətə gətirmək olar.
Yuxarıda deyilənlərdən məlum olur ki, sehr inkar ediləsi xürafat deyil. Amma bu iş, adətən, insanların aldadılması üçün istifadə olunduğundan, İslam dinində qadağandır və böyük günahlardan hesab olunur.