İmam Əlinin (ə) nəzərində dünyanın dəyəri necə tanıtdırılır?


İmam Əli (ə) buyurub: «Ey dünya! Mən sənin təlaqını verərək səni boşlamışam, özü də üç dəfə və bundan sonra heç cür qayıtmaq imkanı yoxdur. Ey dünya, məndən uzaq ol! Allaha and olsun ki, heç vaxt sənə təslim olmayacağam ki, sən məni xar edəsən.»
O həzrət həmişə dünya, yəni ondan olan şeylər müqabilində itaətsizlik və üsyan edib və onların onun ruhuna təsir göstərmələrinə qətiyyən icazə verməyib. Digər bir yerdə buyurur: «Mən cilovumu sənin əlinə verməyəcəyəm ki, sən məni çəkərək istədiyin yerə aparasan.»

İslamın buyurduğu zahidlik, tərki-dünyalıq və azad yaşayaraq özünü dünya nemətlərinə satmamaq budur.
Həzrət Əli (ə) başqa bir yerdə belə buyurur: «İnsanlar dünya bazarında iki dəstədirlər: Onlardan biri özlərini satıb əvəzində pul alırlar, ikinci dəstə isə özlərini dünyada alaraq azad edənlərdir.»

O həzrət bir dəfə öz malı olan dirhəm və ya dinarı ovucunda tutaraq bir qədər onlara baxdıqdan sonra belə buyurdu: «Ey pul! Sən nə qədər ki, mənim əlimdəsən, mənim deyilsən.» Həzrət Əlinin (ə) bu sözləri bizim sözlərimizin tam əksinədir. Bizlər belə deyirik: Pul nə qədər ki, cibimdədir, mənimdir, xərclədimsə mənim deyil. Bəli, o həzrətin bu cümləsi bizim sözlərimizin əks nöqtəsində dayanır.
«Ey pul! Sən nə qədər ki, mənim əlimdəsən mənim deyilsən.» Çünki sən mənim əlimdə olduğun müddətdə mən sənin olmalıyam, sənə nökərçilik edərək keşiyini çəkməliyəm. Sən, mən səni xərclədikdən sonra mənim olursan.

İmam Əli (ə) bir gün qəssab dükanının qabağından keçirmiş. Qəssabın gözü o həzrətə sataşan kimi deyir: Bu gün yaxşı ət gətirmişəm, istəyirsinizsə alın. Əli (ə) pulunun olmadığını bildirdi. Qəssab deyir ki, mən pul üçün tələsmirəm, gözləyərəm sonra verərsən. O həzrət belə cavab verir: Sən pulun gəlməsi üçün səbr etməkdənsə, qarnıma deyərəm o, səbr edər. Mən sənə borclu olmamağım üçün, qarnımı səbr etməyə məcbur edərəm./nur.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter