İmam Zaman ağanın (ə.f) zahiri siması necədir?
Hədislərin araşdırmasından belə nəticəyə gəlmək olur ki, İmam Zaman ağanın (ə.f) xarici görünüşü Həzrət Peyğəmbərə (s) çox bənzəyir. Siması çox xoş və mülayimdır. Həzrətin (ə.f) siması o qədər gözəldir ki, onu görənlər Allaha belə dua edirlər: “Allahım! O gözəl simanı mənə bir də göstər və gözlərimi onun gözəlliyi ilə bir daha nurlandır”.
Hədislərə nəzər salaq.
Cabir ibni Abdullah nəql edir ki, Peyğəmbər (s) buyurub: “Məhdi (ə) mənim övladlarımdandır. Adı mənim adım, künyəsi mənim künyəmdir. O, zahiri görünüş və xasiyyət baxımından mənə çox bənzəyir”.
Əhməd ibni İshaq ibni Səəd Qumi deyir: “İmam Həsən Əsgəridən (ə) eşitmişəm ki, buyurur: “Şükür olsun o Allaha ki, mənim canışinimi mənə göstərmədən dünyadan aparmadı. O, zahiri görünüş və əxlaq baxımından Rəsullaha (s) ən çox bənzəyən insandır””.
Bu hədislərdən göründüyü kimi Quranın və hədislərin Peyğəmbər (s) haqqında buyurduqlarını İmam Zamanda (ə.f) da tapmaq olar. Peyğəmbərin (s) xarici görünüşünü təsvir edən hədislər çoxdur. Belə ki, İmam Baqirdən (ə) belə bir hədis vardır: “Peyğəmbərin (s) zahiri görünüşü ağdır və qırmızı ilə qarışıqdır. Gözləri qara və iridir, əlləri və ayaqları ətlidir. Sanki barmaqlarının arasına qızıl tökülüb. Çiyinlərindəki sümük iridir. Kiməsə baxmaq istəyəndə çox mehriban olduğu üçün bütün bədəni ilə ona tərəf çevrilərdi. Burnu uzundur və su içən zaman az qalırdı ki, burnu suya dəysin. Yol gedən zaman addımlarını böyük atardı, Peyğəmbərdən (s) əvvəl və sonra onun kimisini heç kim görməmişdir”.
Həzrət Peyğəmbər (s) İmam Zaman (ə.f) haqqında bu cür buyurur: “Atam, anam ona fəda olsun. Mənimlə adaşdır, mənə bənzəyir və Musanın oğlu İmrana bənzəyir. Onun əynində nurdan libas vardır ki, şüasından hər yer işıqlanır”.
Həzrət (s) başqa yerdə buyurur: “Məhdi (ə.f) mənim övladlarımdandır. Siması parlayan ay kimidir”.
Həzrət (s) belə buyurur: “Məhdi (ə) məndəndir, geniş alnı və uzun burnu vardır”. Peyğəmbər (s) buyurur: “Məhdi (ə) mənim övladlarımdandır, (üzünün) rəngi ərəb rəngidir, əndamı Yəqub oğulları əndamıdır. Sağ üzündə xalı vardır, parlayan ulduz kimidir”. “Məhdi, behişt əhlinin tovuzquşusudur”.
İmam Baqir (ə) nəql edir: “Bir gün İmam Əli (ə) minbərin başında buyurdu: “Axəril-zamanda mənim övladlarımdan bir nəfər zühur edəcəkdir ki, (üzünün) rəngi ağdır və qırmızıya çalır, sinəsi geniş və çiyinləri güclüdür. Belində iki xalı vardır. Biri dərisi rəngindədir və o birisi isə Peyğəmbərin (s) xalına bənzəyir - Allahın salamı ona və onun ailəsinə olsun””.
İmam Rza (ə) buyurur: “Qaim (ə.f) o kəsdir ki, qoca kişilərin yaşında və cavanların simasında qiyam edəcəkdir. O, güclüdür və əgər əlini dünyanın ən böyük ağacına uzatsa, onu yerindən qoparar. Əgər dağların arasında fəryad çəksə, qayalar aşağı tökülər”.
Bir nəfər İmam Rzaya (ə) belə bir sual verir: “Sizin Qaimin (ə.f) zühur zamanı əlamətləri nə olacaqdır?”. Buyurur: “Əlaməti budur ki, qoca yaşlarındadır, ancaq görünüşü cavandır. Belə ki, baxan deyər ki, 40 yaşındadır və ondan da kiçikdir. O biri əlamət budur ki, gecə və gündüz keçməsinə baxmayaraq, qocalmaz, o zamana qədər ki, əcəli çatar”.
İbrahim ibni Mehziyar İmam Zamanla (ə.f) görüşmək şərəfinə nail olmuşdur. O, belə bəyan edir: “O, yeniyetmə bir cavandır, nuranidir. Qaşları genişdir və burnu və üzü uzundur. Boyu ucadır və sanki çiyinləri parlayan ulduzdur. Sağ üzündə xalı vardır, gur və qara saçları qulağının üzərini örtür. Elə bir üzü var ki, heç bir göz onun kimi həyalısını və gözəlini görməmişdir”.
Sonda demək olar ki, İmam Zaman (ə.f) zahiri görünüşünə və əxlaqına görə Peyğəmbərə (s) çox bənzəyir. Onunla eyni adı, eyni künyəni daşıyır və onun hüccətini tamamlayacaq son İmam olacaqdır.
Gözlərimiz yoldadır, ey Qaim (ə.f)! Gəl ki, bu hicran sona çatsın və biz də vüsalına görə sevinək./ixlas.