Hansı hadisədən sonra və niyə Qurana hərəkələr qoyuldu?


Cavab: Ərəblər İslam dinindən qabaq yazıda hərəkədən istifadə etmirdilər. Hətta oxşar formalı hərflərin üzərində nöqtə də qoymazdilar. Ərəbistanda şifahi ədəbiyyat, bəlağət sənəti (gözəl və ifadəli nitq bacarığı) və bununla əlaqədar yaddaş mədəniyyəti yüksək inkişaf etdiyi üçün, sözləri hərəkəsiz və nöqtəsiz oxumaq heç bir çətinlik törətmirdi. Lakin İslam dini qeyri-müsəlman xalqların arasında yayıldıqca, Quran yazısı üzərində izahedici işarələrin qoyulmasına ehtiyac yaranmağa başladı. Bəzi kəlmələrin hərəkəsində yanlışlığa yol verildiyi zaman kobud səhvlər yaranırdı. Məsələn, “Tövbə” surəsinin 3-cü ayəsindəki “Onun Peyğəmbəri” ifadəsi “rəsulühü” şəklində tələffüz edilməlidir. Əgər bu söz “rəsulihi” (kəsrə ilə) şəklində tələffüz edilsə, ayənin mənası belə olar: “Allah müşriklərdən və peyğəmbərindən bizardır”.

Deyilənlərə görə, Quran hərfləri üzərində hərəkələr ilk dəfə birinci Əməvi xəlifəsi Müaviyənin zamanında, Kufə valisi Ziyad ibn Əbihinin tapşırığı ilə məşhur ərəb qrammatiki Əbül-Əsvəd Duəli tərəfindən qoyulmuşdur. Əbül-Əsvəd ya işin məsuliyyətindən çəkinərək, ya da Əhli-beyt tərəfdarı olduğu üçün əvvəlcə Ziyadın tapşırığını yerinə yetirməkdən imtina edir (çünki Ziyad Əhli-beytə düşmənçiliyi ilə ad qazanmışdı). Lakin yuxarıda göstərilən ayənin bir nəfər tərəfindən səhv şəkildə oxunduğunu eşitdikdən sonra razılaşır və əvvəldən-axıra bütün Quran nüsxəsinə hərəkələr qoyur. İlk quran nüsxələrində hərəkələri rənginə görə mətndən fərqlənən mürəkkəblə qoyurdular. (Zərqani. Mənahil əl-irfan fi ülum əl-Quran, 1-ci cild, səh. 332-333)./ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter