Cənnətdəki nemətlərin ləzzəti necə olur?


“Mömin behiştdə nemətdən daha çox inamdan ləzzət alar”
İslaminSesi.info – Quranda cənnətdə veriləcək nemətlərdən söz açılır. Bu nemətləri insan təsəvvür etdikdə bu dünyada təcrübədən keçirdiyi ləzzətlərin ən yaxşı halı yadına düşür. İnsan düşünür ki bu dünyada təcrübədən keçirdiyi ləzzətlərin ən yaxşı mislini o dünyada görəcək.

Quranda behiştin söykənəcək müttəkkələrindən tutmuş, xidmət göstərən huri və qilmanlara qədər, sayə salmış meyvə ağaclarından tutmuş qəsrlər və süd çaylarına qədər və sair nemətlər gəlibdir.

Bu dünyada qeyd edilən nemətlərdən alınan həzz təkrarlı şəkildə olsa yorucu və bezici olar. Amma behiştin nemətləri və onların bəxş etdiyi ləzzətlər behişt kimi mükəmməl olduğundan yorucu və bezici olmayacaq.

Tövbə surəsinin 72-ci ayəsinə diqqət edək: “Allah mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!”

Ayədən bəlli olur ki cənnətdə ən böyük nemət Allahın insandan razı olmasıdır. İnsan ən qalıcı və dadlı ləzzəti Allahın ondan razı olduğunu biləndə duyacaq və hiss edəcəkdir. Bu əvəzolunmaz ləzzətdir.

Qəmər surəsinin 55-ci ayəsində ən qüdrətli varlığın (Allahın) yanında oturan bir cənnətliyin aldığı həzz necədə gözəl təsvir olunur:

“(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) yanında olacaqlar!”

Kainatın ən qüdrətlisinin yanında əyləşmək hissi insana necə də əvəzolunmaz ləzzət bəxş edəcəkdir!

Ariflərdən biri buyurub: O dünyada ən ləzzətbəxş an nemətlərdən istifadə edib onların dadını çıxardığımız an deyil, in´am anıdır. İn´am yəni Allahın neməti insana verməsi . Yəni ləzzətin əsas meyarı nemət deyil, o neməti Allahın əlindən təhvil aldığımız andır. Başqa sözlə desək nemət ləzzətlidir ona görə ki pərvərdigar onu əta edir. Cənnət Allahın mehmanxanasıdır. Bu mehmanxanada olan nemətlərin hamısında, o nemətlərin bütün zərrələrində Allah təcəlla edir. Allah taala o nemətlərin zərrəciklərində belə cilvələnibdir. Ona görə behiştdə yeyəcəyin meyvənin ləzzətindən öncə onu verən ələ görə öyünüb ləzzət alacaqsan.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter