Sirat körpüsü və cəhənnəmin əzabından amanda qalacaq insanlar kimlərdir?
Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir, o həzrət buyurdu: Allah qiyamət günü mənim ümmətimdən bir dəstəyə qanad verər. Onlar həmin qanadlarla qəbirlərindən cənnətə doğru uçarlar və ürəkləri istəyən cənnət nemətlərindən faydalanarlar. Mələklər onlardan soruşar: Siz hesab-kitab üçün saxlandınızmı?
Onlar deyər: Bizdən hesab sormadılar. Mələklər yenə soruşar: Sirat körpüsündə cəzalandınızmı? Deyərlər: Biz sirat görmədik. Soruşarlar: Cəhənnəmi gördünüzmü? Deyərlər: Biz cəhənnəm görmədik. Mələklər yenə soruşar: Kimin ümmətindənsiniz?
Deyərlər: Məhəmmədin (s) ümmətindənik. Mələklər onlara and verib soruşarlar ki, siz dünyada nə iş görmüsünüz, ürəyinizdə nə olub ki, bu cür şərəfə layiq görülmüşsünüz? Deyərlər: Bizim iki xislətimiz olub. Allah bu iki xislətə görə, Öz fəzli və rəhməti ilə bizi bu dərəcəyə çatdırıb:
1. Xəlvətdə olduğumuzda Allahdan utanıb günah iş tutmamışıq.
2. Allahın bizə nəsib etdiyi şeyə razı olmuşuq./nur.az