Əhli-beyt davamçısının əməlinin dəyəri necə ölçülür ?


Bəzi hədislərdə Əhli-Beyt davamçının bir yaxşı işinə iki əcr, günahı üçünsə iki cəza nəzərdə tutulur. Bu nə ilə bağlıdır?

İslaminSesi - İmam Rza (ə) hicrətin 200-cü ilində Xorasana sürgün olundu. İmam bir sıra şərtlərlə Məmunun vəliəhdi olmaq məcburiyyətində qaldı. O zaman Mədinədə qiyam edən qardaşı Zeyd də, Məmunun əmri ilə Xorasana gətirildi. İmamın (ə) ehtiramına görə Məmun onu cəzalandırmayıb azad etdi.

Bir gün izdihamlı bir məclisdə İmam (ə) camaatla söhbət edərkən Zeyd məclisin bir bucağında oturub özünü tərifləyib “mən-mən” deyirdi. İmam (ə) bunu eşidib səsləndi:

«Ey Zeyd! Kufənin baqqallarından eşidib inandığın sözləri camaata satırsan? Dediyin o sözlər nədir? Әli (ə) ilə Zəhranın (s) övladları təkcə Allahın əmrinə təslim olub günahdan qorunmaqla dəyərli və üstün sayılır. Güman edirsən ki, Musa ibni Cəfər (ə), həzrət Səccad (ə) və başqa İmamlar (ə) kimisən? Halbuki onlar Allah yolunda əzab-əziyyətlər çəkərək gecə-gündüz Allaha ibadət və sitayiş edirdilər. Sən əsla zəhmət çəkmədən nailiyyət əldə edəcəyini güman edirsənmi? Bunu bil ki, əgər bizim Әhli-beytimizdən (ə) olan bir şəxs yaxşı iş görərsə, iki qat savab alır. Çünki həm başqaları kimi yaxşı iş görüb, həm də Peyğəmbərin hörmətini saxlayıbdır. Lakin əgər bir günah etsə, iki günah qazanır. Birincisi odur ki, başqaları kimi günah edib, digəri isə odur ki, Peyğəmbərin abrını qorumayıb.
Ey qardaş! Hər kim Allaha itaət etsə, biz Әhli-beytdəndir (ə). Lakin günahkar olsa, bizdən deyil. Necə ki, Allah-taala öz mənəvi bağlılığını atası ilə qıran Nuhun oğlu barədə buyurub: «O, sənin nəslindən deyil. Әgər sənin nəslindən olsaydı, onu xilas edərdik.»

Bu hədisdən məlum olur ki, Əhli-Beyt davamçısının əməli İmamlara bağlılığı və həm də onların adlarını daşıdığı əsasında ölçülür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter