Ramazan ayında bağışlanma üçün hansı böyük fürsətlər var?
İnsan yarandığı ilk gündən xata işlədən bir varlıqdır. İstər bu xataları kiçik olsun, istərsə də böyük – onu Allahdan uzaqlaşdırmışdır. Mömin – o insandır ki, günahlarını etiraf edər və onlara görə Allahdan bağışlanma istəyər.
İmam Sadiq (ə) buyurur: “O kəs ki, yaxşı əməli onu şad edər, pis əməli onu qəmgin edər – mömindir”.
Mömin insan tövbə etmək üçün yaxşı fürsətlər axtarar. Çalışar ki, qəlbində oturuşmuş bu pası təmizləsin. Mübarək Ramazan ayı da bu qızıl fürsətlərdən biridir. Çünki bu ayda bağışlanması üçün bütün zəminələr hazır olar. (Tebyan)
Çünki bu ayda:
1. Rəhmət qapıları açılar və qəzəb qapıları bağlanar. Həzrət Peyğəmbər (s) “Şəbaniyyə” xütbəsində buyurur: “Ey insanlar! Həqiqətən (bu ayda) behişt qapıları açıqdır. Ona görə də Allahdan istəyin ki, onları sizə bağlamasın. Atəşin qapıları bağlıdır, ona görə də Allahdan istəyin ki, onları sizə açmasın”.
2. Şeytanlar zəncirə vurularlar. İnsan kamala doğru hərəkət edən zaman çox sayda maneə ilə üzləşər. Bu maneələrdən ən böyüyü – şeytandır (lən). Ancaq Ramazan ayı – o mübarək aylardandır ki, Allah bütün şeytanları zəncirə vurar. Ona görə də tövbə etmək daha asan olar. Həzrət Peyğəmbər (s) buyurur: “Şeytanlar zəncirdədirlər. Ona görə də Allahdan istəyin ki, onları sizə hakim etməsin”.
3. Dualar qəbul olar. Ramazan ayı – o mübarək aylardandır ki, İlahi rəhmət qapıları açıq olar. Bəndə hər nə dua edərsə və Allahdan nə hacəti olarsa, Allah onları qəbul edər. Bu ayda edilən ən yaxşı dualardan biri də günahların bağışlanılmasıdır. Bu ayda bir gecə vardır ki, Allah heç bir bəndəsinin əlini boş qaytarmaz. Ona görə də bu ayı fürsət bilib, tövbə etmək və Allahdan bağışlanma istəmək lazımdır.
4. Səhər obaşdana qalxmaq tövfiqi. Səhər obaşdan vaxtı elə bir fəzilətli zamandır ki, Allah duaları yerinə yetirər və tövbələri qəbul edər. Ramazan ayında oruc tutan hər bir müsəlman obaşdan yeməyini yemək üçün yataqdan qalxar və obaşdan yeməyini yeyər. Bu zamanı dəyərləndirin və tövbə üçün yaxşı fürsət kimi qiymətləndirin. Çalışın ki, tövbəniz nəsuh tövbə olsun. “Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün”. (“Təhrim” 8). /Deyerler.