İLAHİ İMTAHANIN FƏLSƏFƏSİ NƏDİR?
DÜNYANIN HİKMƏTLİ NİZAMI
Əqidəmizə əsasən, Allah-taala alim, qüdrətli, mütləq xeyirxah olduğundan nizam-intizamı və varlıq aləmini ən gözəl, ən kamil şəkildə yaratmışdır.( “Muminun” surəsi, ayə: 14; “Tin” surəsi, ayə: 4.) Həmçinin, inanırıq ki, Allah-taala varlıq aləmini bir sıra sabit, əbədi (eyni zamanda zati olan) qayda-qanunlarla idarə edir. Başqa sözlə, Allah-taalanın müəyyən üslubları var ki, dünya işlərini yalnız həmin üslublarla idarə edir. Bu üslublar və qayda-qanunlar insanlar arasında adət-ənənə forması almış ictimai müqavilə, əhd-peyman, qərar və zehni iltizam yox dünyanın və onun varlıqlarının keyfiyyəti üzərində qurulan təkvini bir həqiqətdir, onun dəyişdirilməsi qeyri-mümkündür.
Maddi aləmi varlıq mərtəbəsinə uyğun hökmlərə malikdir. Belə ki, əgər bu hökmlər, qayda-qanunlar, adət-ənənələr mövcud olmasa, maddi aləmdən heç bir əsər-əlamət qalmaz. Bu aləmdə ziddiyyət, məhdudluq, fanilik mövcuddur. Təbiət aləminin yəqinləri, birlikləri, ayrılıqları var. Bu aləmdə qəm-qüssə şadlığa, işkəncə rifaha, ümid məğlubiyyətə qarışmışdır. Bütün bu təsirlər onun özünəməxsus quruluşunun tələbidir. Maddi aləm özünəməxsus hökmlərinə görə, “şər” adlandırdığımız bəlalar, müsibətlər, əzab-əziyyətlər, möhnətlər və xəstəliklərin, eləcə də, “xeyir” adı verdiyimiz xoşbəxtliklər, səadətlər, müvəffəqiyyətlər, şadlıqlar və qələbəliklərin mənbəyidir. Bəzən bu şər və xeyir işlərdə insanın istək və iradəsi də rol oynayır; yəni insan – maddi aləmdə onun varlığının bir hissəsi olan – öz elmi, məlumatı və ixtiyarı ilə ya əyri yola qədəm qoyaraq şər işlərin, ya da düz yolda hərəkət edərək özü və cəmiyyəti üçün müxtəlif xeyir işlərin mənbəyi olur. Bəzən də bu xeyir və şər işlərdə insanın istək və iradəsi heç bir yol oynamır. Bəzi şər, yaxud xeyir işlər maddi aləmə hakim qayda-qanunların və adət-ənənələrin tələbi ilə insanın ixtiyarından xaric təbii amillərə bağlıdır.
XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİK
Qeyd olunan həqiqətlərə diqqət yetirdikdə, yəqinliklə demək olar ki, Allah-taala heç bir şəxsə bütün nemətləri bağışlamamışdır. Necə ki, kimsə tam mənada bədbəxt edilmir. Görəsən, “Allah ona bütün nemətləri bağışlamışdır!” – ifadəsini işlətmək üçün maddi dünyada hər cəhətdən nemətlərə malik bir insan tapmaq olarmı? Digər tərəfdən, “Allah-taala onu bütün bədbəxtliklərə düçar etmişdir!” – demək üçün təbiət aləmində hər cəhətdən bədbəxt şəxs tapmaq mümkündürmü? Gördüyümüz kimi, dünyaya məxsus olan qayda-qanunlar və adət-ənənələrin tələbi ilə, xoşbəxtliklər və bədbəxtliklər bir-birilə qarışmışdır. Elə bir şəxs tapmaq olmaz ki, tam xoşbəxtlik, yaxud tam bədbəxtlik içində olsun.
Elə insanlar var ki, məişət baxımından rifah içində yaşadıqları halda, ruhi və psixoloji, fiziki çətinliklərdən uzaq deyillər. Elələri var ki, yüksək istedada, hədsiz gözəlliyə malik olduqları halda, yoxsulluğa, əxlaqsızlığa, ailə problemlərinə düçar olaraq əzab-əziyyət çəkirlər. Bəli, elələri var ki, fəqir olduğu, yeməyə bir şeyi tapmadığı halda, fiziki və psixi cəhətdən sağlamdır. Elə insanlar da var ki, maddi rifah içində yaşayır amma, gözəllik və elmdən məhrumdur...
Xoşbəxtlik və bədbəxtlik həqiqətdə insanın öz əməllərinə, rəftarlarına, istək və iradələrinə bağlıdır və Allah-taala ilə əlaqəli deyil. İnsan düzgün, yaxud əyri yol seçməklə özünü xoşbəxt, yaxud bədbəxt edə bilər.( “Şura” surəsi, ayə: 30; “Ali-İmran” surəsi, ayə: 165-166; “Rum” surəsi, ayə: 41.) Dini təlimlərə əsasən, insanın iradəsi olmadan baş verən xeyir və şər işlərin səbəbi onun sınağa çəkilməsidir. Bu imtahan nəinki Allahın ədalətinə zidd deyil, hətta Onun hikmətinə əsaslanır. Belə ki, bu imtahan vasitəsilə yaxşı insanlar pis insanlardan seçilir. Görəsən, şagirdlərin ilin ya birinci rübündə, ya ortasında, ya da sonunda imtahan verməsi, onlara haqsızlıq və zülmdür? Bəlkə bu onların yuxarı sinfə keçmələri üçün köməkdir? Allah-taala maddi aləm və onun qayda-qanunlarını elə tənzimləmişdir ki, insan həmişə imtahan halında olaraq, yalnız Allah bəndəsi olduğunu niyyət və məqsədinin xalisliyini göstərsin.
İmtahan və sınaq habelə onun müxtəlif yönləri insanın əsaslı və tutarlı cavab tapmasına kömək edir. Ayə və rəvayətlərə əsaslanaraq, bu böyük ilahi nemətin bir qismini araşdırırıq:
1-İlahi imtahan:
Allah-taala imtahanını «bəla», «fitnə» və eyni kökdən olan sözlərlə yad etmişdir.( “Ənbiya” surəsi, ayə: 35; ) Ərəb dilində “bəla” sözü həm nemət, həm də möhnət və müsibət mənasında işlədilir. Hər iki məna ilahi imtahan sayılır. Möhnət və müsibət insanın səbir, nemət isə şükür sınağı üçündür. Qurani-kərimdə də “xeyir” və “şər” işlər imtahan kimi qələmə verilmişdir. (“Ənbiya” surəsi, ayə: 35.) Çətinliklər, müsibətlər və bədbəxtliklər ilahi imtahan sayıldığı kimi, nemətlər, şadlıqlar və xoşbəxtliklər də ilahi imtahan hesab olunur. (“Ali-İmran” surəsi, ayə: 186;)
2-Nə üçün imtahan?
Ayə və rəvayətlər ilahi imtahanın fəlsəfə və hikmətini müxtəlif ifadələrlə bəyan etmişdir. Onların ən əhəmiyyətlisi aşağıdakılardır:
1-Bəla və imtahan insanın oyanışına səbəb olur. İmtahana çəkilən şəxs qəflət, çirkinlik və azğınlıq içində olmasından xəbər tutur. (“Mizanul-hikmə”, 1-ci cild, səh. 490.)
2-İlahi imtahan Allahı insanın yadına salır. (“Əraf” surəsi, ayə: 130; “Tövbə” surəsi, ayə: 126.)
3-Nemətə sahib və möhnətə düçar olmaq zülümkar və kafir şəxsin pak və mücahid şəxsdən ayırd edilməsinə səbəb olur. (“Ali-İmran” surəsi, ayə: 179, 138 və 142.)
4-İmtahan insanın niyyətinin nə qədər xalis və saf olmasını müəyyən edir. (“Ali-İmran” surəsi, ayə: 154)
5-Bəla və müsibətə düçar olmaq əməlin keyfiyyətini və insanlardan hansının daha gözəl əməl sahibi olduğunu ayırd edir.( “Hud” surəsi, ayə: 7)
6-Bəla, müsibət və çətinliklərə düçar olmaq insanın günahlarını yuyur.
7-İlahi imtahan və sınaq təkəbbürü, qüruru insanın qəlbindən çıxarıb, ona təvazökarlıq öyrədir, eləcə də, Allahın lütf və mərhəmət qapılarını bəşər cəmiyyətinin üzünə açır.
8-Mömin şəxs ilahi imtahan vasitəsilə təcrübə kəsb edir.
Ümumiyyətlə, belə bir nəticə əldə etmək olar ki, nemət, səadət və xoşbəxtlik, habelə bəla, müsibət və bədbəxtlik içində yaşamaq əqidə və imanı möhkəmlətmək, Allaha üz tutmaq, xəyallardan qaçıb qurtarmaq və əməldə tovhidə çatmaq üçündür.
3-İman və imtahan:
Bir sıra ayə və rəvayətlərdə göstərilir ki, möminlər Allaha iman gətirdikləri üçün hamıdan çox sınağa çəkilərlər. Hətta mal-dövlətləri və övladları onlar üçün sınaq vəsitəsi hesab olunmuşdur.(“Ənfal” surəsi, ayə: 27-28) Möminlərin imtahanı zinətə bənzədilmişdir. Sanki mömin şəxs onunla bəzənmişdir. Bu sınaq həm də ana südü kimi qələmə verilmişdir. Körpə öz aclığını onunla aradan qaldırır.
Mömin şəxs öz imanı həddində müxtəlif sınaqlara çəkilər və bu, onun imanının keyfiyyət və kəmiyyətinin çoxalmasına səbəb olur. Çünki bu imtahan sayəsində onun imanının əsas ünsürləri artır; yəni həm mərifəti çoxalır, həm də Allaha qəlbən təslimçiliyi öz mənasını kəsb edir. Həqiqətdə, bu imtahanlar vasitəsilə mömin şəxsin qiyməti və dəyəri artır.
Elə buna görə də, həzrət Adəm (ə), həzrət Nuh (ə), həzrət Yunus (ə), həzrət Əyyub (ə) və həzrət Məhəmməd (s) kimi ilahi peyğəmbərlər o qədər əzab-əziyyətlərə məruz qalıb, ən ağır müsibətlərlə sınaqdan keçdilər.
Allah-taala imtahanı dünyaya hikmətli qanun kimi hakim etmiş, sakitlik və həyəcanla, çətinlik və rahatlıqla birgə qərar vermişdir. Beləcə təqvalı insanlar yoxlanılır və möminlərə doğru yolu tutmaqda habelə həmin yolu davam etdirməkdə kömək olunur. Bu məsələ çox əhəmiyyətlidir. Bir şəxs özünün imtahana çəkildiyini görəndə, bilsin ki, Allahın qəzəbinə düçar olmuşdur.
Deməli, aşiqlərin öz kamilliklərini müsibətlərdə və ağrı-acılarda görməsi səbəbsiz deyil.
Diqqət yetirmək lazımdır ki, insanın yaxşı və pis yol seçməkdə ixtiyar sahibi edilməsi imtahan yönünə malikdir. Buna görə də, imtahan yaxşı həyat məqsədinə şərikdir. Necə ki, insanın tərəqqi və tənəzzül yollarını seçməsi də imtahan yönlüdür. Bu baxımdan da, imtahan insanın yaxşı həyat sürməsində mühüm rol oynayır. “Mülhimə” (danışan, xeyir və şər işləri bilən),( “Şəms” surəsi, ayə: 7-8.) “müsəvvələ” (çirkin əməllərə sövq etdirən və onları insana gözəl göstərən) (“Yusuf” surəsi, ayə: 18.) “əmmarə” (pis işlər görməyə əmr edən),(“Yusuf” surəsi, ayə: 18.) “ləvvamə” (günah etdiyi üçün, yaxud yaxşı əməlim azdır deyə, özünü qınayan),( “Qiyamət” surəsi, ayə: 2.) “mütməinnə” (öz əməlindən və imanından arxayın olan) (“Fəcr” surəsi, ayə: 27-28.) nəfslərin, eləcə də müxtəlif dəyişikliklərin mövcudluğu ilahi imtahan və onun mərtəbələrinin yüksək əhəmiyyət kəsb etdiyini göstərir.