İmam Baqirin (ə) onu sevənlərə xüsusi tövsiyəsi nə olmuşdur?
Əhli-beyti sevmək Quranda və hədislərdə o qədər tövsiyə edilib ki, bəziləri bunu səhv anlayaraq, vacib əməllər olmadan sırf Əhli-beyt məhəbbətinin axirətdə insanı xilas edəcəklərini düşünüblər
İslaminSesi – Quranla yanaşı Əhli-beytə itaət etmək dinin əsaslarından biridir. Əhlibeytin fəzilətlərini inkar edən münafiq hesab edilirsə, onları sevmək də cənnəti müjdələyən vədlərdən biridir. Əhli-beyti sevmək Quranda və hədislərdə o qədər tövsiyə edilib ki, bəziləri bunu səhv anlayaraq, vacib əməllər olmadan sırf Əhli-beyt məhəbbətinin qiyamətdə insanı xilas edəcəklərini düşünüblər.
Usulu-Kafi əsərində nəql edilmiş hədisdə İmam Baqir (ə) Xeysəmə adlı səhabəsi vasitəsi ilə ondan uzaqda olan şiələrə xüsusi tövsiyəsi və sifarişini bu şəkildə göndərib
“Bizim şiələrimizə çatdır ki, Allahın yanında olanlara yalnız əməllə nail olmaq olar. Onlara çatdır ki, qiyamətdə ən çox həsrət çəkən insan ədalət etməyi tövsiyə edib, öz işlərində isə onun əksinə əməl edən adamdır”
Ümumiyyətlə İmamlardan və peyğəmbərin özündən şiələrə edilən xüsusi tövsiyələr müxtəlif hədislərdə yer almışdır. Burada Məhəmməd peyğəmbərin (s) həqiqi şiələr haqda İmam Əliyə (ə) buyurduğu və Biharul-Ənvar əsərində gələn kəlamı daha çox diqqət çəkir
“Ey Əli Sənin şiələrin həm aşkarda həm də gizlində Allahdan qorxanlardır. Ey Əli sənin şiələrin mənəvi dərəcələr məsələsində bir-birini qabağlayanlardır. Onlar Allahla mülaqat edəndə (görüşəndə) onların hesab-kitabı qalmaz. Ey Əli sənin şiələrinin əməlləri hər cümə mənə göstərilir. Sən onların saleh əməlləri ilə sevin! Pis əməllərinə görə isə onlar üçün istiğfar et!”