İnsan əqli Allahın məhdud olmayan sifətlərİnİ necə dərk edə bilər?


İLAHİ SİFƏTLƏRİN DƏRKİ
Əsas sual bundan ibarətdir: İnsan əqli Allahın zatının hansı sifətlərə malik olduğunu başa düşməyə qadirdirmi? Onun zatına hansı sifətlər layiqdir, hansı sifətlər layiq deyil? Görəsən, insan əqli ilahi sifətləri dərk etməyə qadirdirmi? Əgər insan bu barədə fikirləşsə, müəyyən bir nəticəyə nail ola bilərmi?
Müsəlman sxolastlar bu sualları müxtəlif şəkildə cavablandırmışlar. Biz burada yalnız Əllamə Təbatəbainin ən tutarlı və mükəmməl cavabını qeyd etməklə kifayətlənirik:
İnsan əqli Allahın sifətlərini dərk etməyə qadir olduğundan, onlar haqqında araşdırma da apara bilər. Allahın elm, qüdrət və həyat kimi zati; rəhmət, məğfirət (bağışlamaq), ruzi, nemət və hidayət kimi feli sifətlərini isbat etməyimizin, eləcə də varlıqların Ona möhtac olduğunu qavramağımızın səbəbi məhz budur ki, həmin kamilliklərin nümunələrini özümüzdə görürük. Məxluqatda mövcud olan kamil sifətlər varlığın əsas mənbəyi olan Allahın həmin kamilliklərə malik olmasının əlamətidir. Eyni zamanda, Allahın zatının və sifətlərinin incəliklərinə bələd olduğumuzu iddia etmirik. Əksinə etiraf edirik ki, əqlimizlə isbat və vəsf etdiklərimiz Onun malik olduqlarından fərqlənir. Məsələn, özümüz məhdud olduğumuzdan, Allaha aid isbat və vəsf etdiyimiz elm də məhdud olur. Halbuki Allah-taala məhdud şeylərdən üstün və böyükdür. Bu məfhumlar məhdud olduğundan Allahın sonsuz vücudunu əks etdirə bilmir. Əlbəttə, bu, əqlin bu mövzuda hökmünün mötəbər olmamasının səbəbi deyil. Məsələn, insanın Allah-taala ilə tanışlığı insanın əllərini dənizin suyuna yaxınlaşdırıb, ondan götürmək istəməsinə bənzəyir. Belə ki, o şəxsin su içməkdə məqsədi yalnız öz susuzluğunu aradan qaldırmaqdır. O dənizdən iki əlinin tutacağı miqdardan artıq su götürə bilmədiyi üçün, bundan yuxarı hədd haqqında əsla fikirləşmir.

ALLAHIN «SƏLBİ» SİFƏTLƏRİ
Biz öz əqlimiz və düşüncəmiz həddində Allahın sifətlərini başa düşürük. Lakin Allaha aid edilən bu məfhumların həqiqi və bizim düşüncəmizdən üstün mənalarını qəbul etmək üçün səlbi sifətlərə müraciə edir, ilahi sifətlərlə bağlı düşüncə nöqsanlarını aradan qaldırırıq. Eyni zamanda, “Allah alim, qadir və diridir” – deyib, əlavə edirik ki, Allah-taala vəsfə sığmır və bizim vəsflərimizdən olduqca üstündür. Bu, bizi həqiqətə daha da yaxınlaşdırır.
Biz inanırıq ki, bu məfhumlar əqlimizin dərk etdiyi mənaların fövqündədir. Bəzilərinin iddi etdikləri kimi, bütün bu ilahi sifətlərin və adların tək halda məcazlar və təmsili istiarələr olduğunu qəbul etmirik. Məsələn, “Həsən bildi” və “Allah bildi” cümlələri arasında heç bir fərq qoymayıb, onların eyni məna daşıdığını düşünürük. Bu məna alimin müəyyən bir şey bilməsindən ibarətdir. Bunu da bilirik ki, Həsənin elm və biliyi yalnız zehn vasitəsilədir. Lakin bunu Allaha münasibətdə təsəvvür etmək qeyri-mümkündür; çünki Allahı zehnlə vəsf etmək olmaz. Əlbəttə, bu xüsusiyyət elmin əyani nümunələrindəndir və məfhumun dəyişilməsinə səbəb olmur. Buna əsasən, məfhum birdir və əyani nümunələrin xüsusiyyətləri məfhuma təsirsizdir. Beləliklə, Allahın sifətlərinin bəyanında ümumi qayda budur ki, onların məfhumlarını səlbi sifətlər vasitəsilə nöqsanlardan uzaq bilək.
Nəticə: Biz Allahın sifətləri dedikdə insanın sifətlərindən başa düşdüyümüz mənaları nəzərdə tuturuq. Əql insanın malik olduğu sifətləri dərk etdiyi kimi, Allah-taalanın sifətlərini də dərk edir. Lakin insanla Allah arasında dərəcə fərqinə görə Allah-taalanın sifətlərinə şübhə yaranır. Bu şübhə səlbi sifətlərin köməyilə aradan qaldırılır. Buna əsasən, sübuti və səlbi sifətlər vasitəsilə məfhumda heç bir dəyişiklik etmədən, onu həqiqi xarici nümunələrə tətbiq edərək deyirik: “Allah mövcuddur, lakin Onun varlığı məxluqların varlığından fərqlənir; Allahın elmi var. Lakin Onun elmi insanların elmindən fərqlənir; Onun qüdrəti var. Lakin məxluqların qüdrəti kimi deyil; O diridir. Lakin bu dirilik məxluqların diriliyindən fərqlənir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter