Allah-taalanın maddİ və mütləq şəkİldə möhtac olmamasını necə saİit etmək olar?


Cavab: Maddi və cismani varlıq məkana malikdir, hiss olunur. Buna günəşi, ayı, ağacı, havanı, işığı... misal göstərmək olar. Allah maddi deyil; çünki maddi varlıqlar məhduddur, nə qədər böyük olsalar da, sonsuz deyillər. Ən böyük kəhkəşanlar sona çatır və onlardan böyüyünü təsəvvür etmək olar. Lakin Allah qeyri-məhdud, sonsuz və mütləq kamaldır. Əks təqdirdə O möhtac və naqis olar.
Maddə həm də mürəkkəbdir; yəni, hissələr, ünsürlər və atomlardan təşkil olunmuşdur. Bu hissələr bir-birlərindən ayrılır. Mürəkkəb olan hər şey hissələrə və tərkiblərə ehtiyaclıdır. Allah-taala isə onlara möhtac deyil. Çünki O mütləq əhatəli və alimdir. Hər yerdə hazırdır.
Həmçinin, maddə bir haldan başqa hala keçir, onun tərkibində dəyişikliklər baş verir; bitkilər, heyvanlar, hətta günəş, dəniz və dağlar... da daim dəyişilir, bir haldan başqa hala keçir. Heyvanlar və bitkilər böyüyür və zəifləyir. İstiliklər və böyük partlayışlar nəticəsində günəşin çəkisi azalır. Dağlar günəş hərarəti, sel, zəlzələ, soyuq və digər amillərin təsirinə məruz qalır. Lakin Allah-taala dəyişmir, haldan hala keçmir; çünki Onda zəifliyə səbəb olacaq heç bir nöqsan yoxdur. Təbii ki, birbaşa Allahın məxluqu sayılan, zat məqamından kənar amillər Ona təsir edə bilmir. Əks təqdirdə, O, Özündən başqasına tabe olub, ondan təsirlənər. Bu da böyük Allahın mütləq hakimiyyətinə uyğun deyil.

ALLAHIN EHTİYACSIZLIĞI
Allah mütləq şəkildə nəyəsə möhtac deyil; çünki O, zəruri varlıqdır və zəruri varlığın səbəbə ehtiyacı yoxdur. Əksinə O özü mümkün varlıqların səbəbidir. Əslində mümkün varlıqlar Ona möhtacdır. Əgər Allah başqa bir varlığa azacıq ehtiyac duysa, həmin varlıq Onun səbəbi olasıdır. Belə olan təqdirdə artıq O zəruri varlıq sayıla bilməz. Başqa sözlə, Allahın sübuti sifətlərini – elmini, qüdrətini, həyatını (diriliyini) və kəmalını isbat etməklə, belə bir həqiqətə çatacağıq ki, bütün varlıqlar bu sifətlərdə Allaha möhtacdır. Əgər Allah-taala bu yöndə onlara möhtac olsaydı, artıq mütləq qüdrət və mütləq elm sahibi olmazdı. Bir sözlə, belə bir varlıq Allah yox, məxluq olardı. Halbuki kamal və mütləq sifətlərə malik varlıq yalnız Allahdır!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter