Quaranda MÖMİNLƏRİN MƏQAMLARI necə izah olunur?


Cavab: Qurani-kərimdə müxtəlif məqamlara işarə olunmuşdur. Möminlər bu məqamlara malik olmaqda azaddır. “Möminlərin dərəcələri” bu məqamlardandır. Bu məqamların geniş şəkildə izahı və onlara malik olmaq yolları barəsində söhbət etmək bizim bu kitabın həcminə uyğun gəlmədiyindən Quran baxımından möminlərin bəzi məqamlarına qısa şəkildə işarə etməklə kifayətlənirik:
1-Təslim məqamı: Yəni, insan tam vücudu ilə Allahın ixtiyarındadır və Ona təslimdir. Bu, həzrət İbrahimin (ə) Allahdan istədiyi məqamdır.( “Bəqərə” surəsi, ayə: 128.) Allaha təslimçilik, ona baş əymək əməldə ilahi əmrlərə itaət, günah və haramdan çəkinməklə yanaşı, insanın düşüncələrində aşkar olunmalıdır.
2-Əbrar məqamı: (“Mutəffifin” surəsi, ayə: 18-22.) Əllamə Təbatəbainin nəzərincə, bu məqam imanın ən yüksək məqamıdır. Quran baxımından, bu məqama nail olmaq üçün insan ehtiyac duyduğu və sevdiyi şeyləri (haqq yolunda) sərf etməli başqalarına bağışlamalıdır.(“Ali-İmran” surəsi, ayə: 92.) Bu məqam yalnız Allahın xalis və həqiqi bəndələrinə məxsusdur.( “Dəhr” surəsi, ayə: 5-6.)
3-Təqva məqamı: Allah-taala Qurani-kərimdə bu məqamın xüsusi bir məqam olmasını müxtəlif ifadələr və dəyərli cümlələrlə vurğulayaraq, təqvalıları Öz dostu kimi qələmə verir.( “Casiyə” surəsi, ayə: 19; “Ənfal” surəsi, ayə: 34; “Bəqərə” surəsi, ayə: 21; “Həcc“ surəsi, ayə: 37 və s.)
Bəzi təfsirçilərin nəzərincə təqvanın müxtəlif dərəcələri olsa da əhəmiyyət kəsb edən budur ki, insan təqvada üç şərti gözləməlidir:
a) Allahdan qorxmalıdır və qorxduğu üçün günahdan çəkinməlidir.
b) Günahdan çəkinmək budur ki, insan günahdan uzaqlaşmalı, heç vəchlə günaha yol verməməlidir.
v) Hər halda – istər qorxudan, istərsə də günahdan çəkinmək üçün – insan Allaha yaxınlaşmaq məqsədilə hərəkət etməlidir.
4-İxlas məqamı: Mühəqqiq Tusinin təbirincə ixlas bir işi (yalnız) Allaha görə yerinə yetirməkdir. Yəni insan öz qəlbini Haqqa yönəltməli, onun qəlb hərəmində qəlbləri dəyişdirən Allahdan başqası yerləşməməlidir. Qurani-kərim baxımından, “ixlas” insanın əsl mahiyyətidir və o əksər vaxtlarda nəfsani istəklər pərdəsi altında gizli qalır.( “Loqman” surəsi, ayə: 32.) Ayələrdə bəyan olunduğu kimi, Allah insandan əməllərini yalnız ixlasla yerinə yetirməsini istəyir. Əgər insan belə bir məqama nail olsa, istədiyi hər şeyə malik olmuşdur.( “Bəyyinə” surəsi, ayə: 7-8.) Haqq-taalanın görüşünə ümid edib, Onun cəlal və camal sifətlərini arzulayan şəxs mömin olmalı, saleh əməllər yerinə yetirməli və öz işlərində – istər əqidəsində, istərsə də əməlində – Allaha şərik qoşmamalıdır.( “Kəhf” surəsi, ayə: 110)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter