Cəfəri (Şiə) məzhəbi haqqında nə deyə bilərsiniz?


On iki İmam şiələri (tərəfdarları, ardıcılları) altıncı İmam Cəfər Sadiq(ə) -ın adıyla bağlı və Peyğəmbərimiz Muhəmməd(s) tərəfindən ilahi vəhyə əsasən ardıcıl olaraq təyin olunan on iki İmama tabe olanlar əqidə və inanclarında, daha doğrusu, dinin üsul və fürusunda Qurana və İslam Peyğəmbərinin sünnəsinə əsaslanırlar və onların ardınca gedirlər. Cəfərilər və ya şiələr Peyğəmbər(s)-in sünnəsini və Quran hökmlərini bəyan edən Peyğəmbər(s)-in və Əhli-Beytinin topladığı hədisləri və rəvayətləri daha üstün sayırlar. On iki İmam şiələri adlananlar bu inancdadırlar ki, müqəddəs İslam dinini qəbul edib müsəlman olmaq istəyən şəhadət verməlidir -əşhədü ənla ilahə illəllah və əşhədü ənnə Mühəmmədən əbduhu və rəsuluh.Əgər bir nəfər dili olduğu halda bu kəlmeyi-şəhadəti söyləməzsə, həmin şəxs müsəlman sayılmaz. Cəfəri məzhəbi kəlmeyi-şəhadəti sidq ürəkdən deyən hər bir kəsi müsəlman olaraq tanıyır. Məzhəbindən asılı olmayaraq bu hamıya aiddir. Bir şərtlə ki, İslam dininin zəruri hökümlərini inkar etməsin.

Cəfərilər əsasən İslam ölkələrində yaşadıqları kimi, müsəlman olmayan ölkələrdə də yaşayırlar. Bununla bərabər Cəfərilər hal-hazırda İran, Pakistan, Əfqanıstan, İraq, Livan, Azərbaycan, Suriya, Türkiyə, Misir və Hindistanda üstünlük təşkil edirlər. \'\'Məktəbi-İslam\'\' məcmuəsinin yazdığına əsasən dünyada 130 milyon Cəfəri məzhəbindən olan şiə müsəlman vardır.

Cəfəri məzhəbi İslamın ilk çağlarından Qurani-Kərim və İslam Peyğəmbəri(s)-in hədisləri ilə bərabər İslam elmini inkişaf etdirmişdir. Onların mühüm dini və elmi mərkəzləri vardır. Bunlardan ən əhəmiyyətlisi və ən qədimi Nəcəfül-Əşrəf elmi mərkəzidir. Bu mərkəz on əsr bundan əvvəl İraqın Nəcəf şəhərində böyük alimlərdən olan Şeyx Tusi adlı şəxs tərəfindən yaranmışdır. Hal-hazırda isə artıq yarım əsrə yaxındır ki, İranın Qum şəhərindəki dini və elmi mərkəz cəfərilərin elm mərkəzidir.
Şiə aləmində Əhli-Beytin Peyğəmbər(s)-dən nəql etdiyi hədislər, xüsusilə də İmam Cəfəri Sadiq(ə)-ın hədisləri böyük üstünlük təşkil edir. Cəfəri məzhəbi Quranın axirətə qədər Allah tərəfindən qorunacağı və heç bir dəyişikliyə məruz qalmayacağı inancındadır və bunu dəlillərlə də sübut edir.

Biz Cəfəri məzhəbi haqqında qısaca məlumat verdik. Bu məzhəblə maraqlanmaq istəyənlərə \'\'İslamda Cəfəri Məzhəbi və İmam Cəfəri Sadiqin buyruqları\'\' kitabını oxumağı məsləhət görürük, şiələrin tarixi ilə əlaqədar isə \'\' Tarixuş-şiə\'\' kitabına müraciət etmək məsləhətdir. \"14 sual 14 cavab kitabı, səh: 1-2\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter