TOVHİDİN ŞİRKDƏN SEÇİLMƏSİNDƏ MEYAR NƏDİR?
Cavab:Tovhid və şirk məsələləri ilə əlaqədar bəhslərdə ən mühüm şey onların me`yarını tə`yin etməkdir ki, bu məsələ əsaslı şəkildə həll edilsin. Çünki bunlar tam şəkildə həll edilməyincə onların əsasında qurulan sair fər`i (təfərrüati) məsələlər də heç vaxt həll olunmayacaqdır. Buna görə də tovhid və şirki müxtəlif yönlərdən, amma qısa şəkildə araşdırırıq:
1-Zatda tovhid
Zatda tovhid iki cür bəyan edilir:
a) Allah (kəlam elminin tə`birincə Vacibulvücud) birdir və Onun oxşarı yoxdur. Bu da məhz Qur`anda müxtəlif ifadələrlə yad edilən tovhiddir:
لَيْسَ كَمِثْلِهِ شَيْءٌ
“Heç kəs Onun oxşarı və misli deyildir.”( “Şura” surəsi, ayə:11)
Başqa ayədə buyurulur:
وَ لَمْ يَكُنْ لَهُ كُفُوًا اَحَدٌ
“Heç bir şey Ona bərabər ola bilməz.” (“İxlas” surəsi, ayə:4)
Əlbəttə, tovhidin bu növü bə`zən avam camaat arasında başqa cür təfsir edilir ki, özünə ədəd baxımından olan bir mə`na alır, yə`ni “Allah birdir, iki deyildir” deyilir. Bu qəbildən olan tovhid Allahın ilahiyyət məqamına layiq deyildir.
b) Allahın zatı mürəkkəb deyil, bəsitdir, çünki bir varlığın hər hansı zehni və ya xarici hissələrdən təşkil olunması onun hissələrinə olan ehtiyacı sayılır və ehtiyac da imkanın (mümkünül-vücud olmağın) nişanəsidir, imkan daim illətə (səbəbə) olan ehtiyacla yanaşıdır, halbuki, bunların heç biri Vacibul-vücud məqamı ilə uyğun gəlmir.
2-Xəlq etməkdə (xaliqiyyətdə) tovhid
Xaliqiyyətdə tovhid həm əql, həm də nəql tərəfindən qəbul olunan tovhid mərhələlərindən biridir. Əql nəzərindən Allahdan başqa mövcud olan hər bir şey bütün kamal və camaldan məhrumdur, onların malik oduqları hər bir şeyi Allahın zatən qəni olan feyzindən qaynaqlanır. Dünyada kamal və camal cilvələrinin hamısı Allah tərəfindəndir.
Qur`an ayələrindəndə xaliqiyyətə dair çoxlu nümunələr vardır ki, onlardan birini qeyd edirik:
قُلِ اللّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَ هُوَ الْوَاحِدُ الْقَهَّارُ
“De: Allah hər bir şeyin xaliqidir və O, yeganə və qalibdir.”( “Rə`d” surəsi, ayə:16)
Deməli, xaliqiyyətdə tovhid məsələsi ilahiyyatçılar arasında ümumiyyətlə ixtilafa səbəb ola bilməz. Əsas məsələ yaradıl-ışdakı tovhiddir ki, bu barədə iki növ təfsir qeyd olunur:
a) Dünya varlıqları arasında mövcud olan hər növ səbəb-nəticə qanunu bütünlüklə səbəblərin yaradanı və illətlərin əsası olan Allaha qayıdıræ həqiqətdə müstəqil və əsil xaliq Allahdır, Ondan başqasının öz mə`lulunda tə`siri də mütləq Onun icazəsi və izni ilə baş verir. Bu nəzəriyyədə dünyadakı səbəb-nəticə qanununa (bəşər elmi də onu kəşf etmişdir) e`tiraf olunur. Lakin eyni halda bu sistemlərin məcmusu hər hansı bir növdə Allahdan asılıdır və nizamları yaradan, onlara səbəbkarlıq xasiyyəti verən, hər şeyə tə`sir bağışlayan yalnız Odur.
b) Dünyada yalnız bir xaliq vardır, o da Allahdır. Varlıq aləmində heç bir növ tə`sir qoyma və tə`sirlənmə müstəqil şəkildə mövcud deyildir: Allah bütün təbii varlıqların bilavasitə xaliqidir, hətta bəşər qüdrəti də Onun fe`lində tə`sir qoya bilmir.
Deməli, varlıq aləmində birdən artıq səbəb yoxdur və o da elmdə “təbii səbəblər” adı ilə tanınan hər bir şeyin yerindədir.
Əlbəttə, xaliqiyyətdə tovhid üçün belə bir təfsiri bə`zi əşairə alimləri irəli sürür, lakin onların məşhur şəxsiyyətlərindən bə`ziləri, o cümlədən İmamul-Hərəmeyn və son zamanlar Şeyx Məhəmməd Əbdüh özünün “Tovhid” risaləsinə bu nəzəriyyəni inkar edərək birinci nəzəriyyəni seçmişdir.
3-Tədbirdə (idarəçilikdə) tovhid
Yaratmaq Allaha məxsus olduğu kimi, varlıq aləminin idarə olunması da Onun öhdəsinədir və varlıq aləmində yalnız bir tədbirçi vardır. Xaliqiyyətdə tovhidi isbat edən dəlillər elə tədbirdəki tovhidi də isbat edir. Qur`anın çoxlu ayələrində Allah dünyanın yeganə idarəedicisi kimi təqdim edilir və buyurulur: “De: Yoxsa Allahdan başqa mə`budlar, rəblər axtaraq, halbuki O, hər bir şeyin tədbirçisidir.”( “Ən`am” surəsi, ayə:164)
Əlbəttə, xaliqiyyətdəki tovhid barəsində qeyd olunan iki təfsir tədbir tovhidində də irəli çəkilir və bizim nəzərimizdə tədbirdə tovhid dedikdə məqsəd müstəqil tədbirin yalnız Allaha aid olunmasıdır. Deməli, bütün aləm varlıqları arasındakı müəyyən təbii tədbirlərin hamısı Allahın iradə və istəyindən qaynaqlanır. Qur`ani-Kərim haqqa bağlı olan bu cür tədbirçilərə işarə edərək buyurur: “And olsun o kəslərə ki, varlıq aləmini idarə edirlər.”( “Naziat” surəsi, ayə:5)
4-Hakimiyyətdə tovhid
Hakimiyyətdə tovhid dedikdə bu nəzərdə tutulur ki, hökumət sabit bir haqq kimi Allaha məxsusdur, cəmiyyətin ayrı-ayrı fərdlərinə hakim yalnız Odur. Qur`anda belə buyurulur: “İnil-hukmu illa lillah - hakimiyyət (haqqı) yalnız Allaha məxsusdur.”( “Yusuf” surəsi, ayə:40)
Deməli, başqalarının da hökuməti Onun icazəsi və istəyi ilə olmalıdır ki, layiqli insanlar cəmiyyətin idarə olunma işini öhdələrinə alsınlar və camaatı əbədi səadətə və kamala doğru hidayət etsinlər. Qur`an bu barədə buyurur:
يَا دَاوُودُ اِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْاَرْضِ فَاحْكُمْ بَيْنَ النَّاسِ بِالْحَقِّ
“Ey Davud, Biz səni yer üzündə Öz nümayəndəmiz qərar verdik, belə isə camaat arasında haqq əsasında hökm (hökmranlıq) et.”( “Sad” surəsi, ayə:26)
5-İtaətdə tovhid
İtaətdə tovhidin mə`nası budur ki, zatən itaət olunmalı, eləcə də əsalətən itaət olunması lazım olan şəxs yalnız Allahdır. Buna əsasən başqalarına, o cümlədən Peyğəmbərə, İmama, fəqihə, ata-anaya və s.-yə itaət etməyin zərurəti Allahın iradəsi və əmri ilədir.
6-Şəriət və qanun qoymaqda tovhid
Qanunçuluqda tovhidin mə`nası budur ki, qanun qoymaq haqqı yalnız Allaha məxsusdur. Buna əsasən Qur`an ilahi qanunlar çərçivəsindən xaric olan hər növ hökmü küfr, fisq və zülm kimi qiymətləndirərək buyurur:
وَ مَنْ لَمْ يَحْكُمْ بِمَا اَنزَلَ اللّهُ فَاُوْلَئِكَ هُمُ الْكَافِرُونَ
“Hər kəs Allahın nazil etdikləri əsasda hökm etməzsə kafirdir.”( “Maidə” surəsi, ayə:44)
وَ مَنْ لَمْ يَحْكُمْ بِمَا اَنْزَلَ اللّهُ فَاُوْلَئِكَ هُمُ الظَّالِمُونَ
“Hər kəs Allahın nazil etdikləri əsasda hökm etməsə, fasiqdir.” (“Maidə” surəsi, ayə:40)
وَ مَنْ لَمْ يَحْكُمْ بِمَا اَنْزَلَ اللّهُ فَاُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ
“Hər kəs Allahın nazil etdikləri əsasda hökm etməsə zalımdır.” (“Maidə” surəsi, ayə:45)
7-İbadətdə tovhid
İbadətdə tovhidlə əlaqədar ən mühüm bəhs ibadətin mə`nasının ayırd edilməsidir. Çünki bütün müsəlmanlar bu məsələdə yekdil nəzərə malikdirlər ki, ibadət yalnız Allaha məxsusdur və Ondan başqasına pərəstiş etmək olmaz. Qur`an bu barədə buyurur:
اِيّاكَ نَعْبُدُ وَ اِيّاكَ نَسْتَعِينُ
“Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik.” (“Həmd” surəsi, ayə:4)
Qur`an ayələrindən mə`lum olur ki, bu məsələ bütün ilahi peyğəmbərlərin də`vətində müştərək bir prinsip olmuş və onların hamısı bu məsələni təbliğ etmək üçün göndərilmişlər. Qur`ani-Kərim bu barədə buyurur:
وَ لَقَدْ بَعَثْنَا فِي كُلِّ اُمَّةٍ رَسُولاً اَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ
“Hər bir ümmətin arasından bir peyğəmbər göndərdik ki, Allaha pərəstiş edin, tağutlardan (tüğyançılardan) uzaq olun.” (“Nəhl” surəsi, ayə:36)
Deməli, pərəstişin yalnız Allaha məxsus olması, Ondan başqa heç bir şeyə ibadət edilməməsi kimi danılmaz prinsip barəsində heç bir münaqişə yoxdur və hər kəs yalnız bu prinsipi qəbul etdikdən sonra müvəhhid (tovhidçi) adlana bilər. Əsas məsələ ibadətin qeyri-ibadətdən ayırd edilməsinin me`yarındadır. Məsələn, müəllimin, ata-ananın, alimlərin əlini öpmək, haqq sahibləri qarşısında hər hansı növ tə`zim etmək onlara ibadət etmək sayılırmı, yoxsa ibadət mütləq şəkildə olan xüzu mə`nasına deyildir, əksinə onda müəyyən şərtlər də vardır ki, həmin şərtlər həyata keçməyincə heç bir xüzu, hətta səcdə həddində olsa belə, özünə ibadət yönü almır?
İndi bu kimi təvazökarlıq və tə`zimlərin ibadət olub-olmamasını araşdırmalıyıq və bu, çox bir mühüm məsələdir.
İBADƏT BARƏSİNDƏ DÜZGÜN OLMAYAN ÇIXARIŞLAR
Bə`zi yazıçılar ibadəti “xüzu” və ya “son dərəcə xüzu” kimi təfsir etmiş, lakin bə`zi Qur`an ayələrini izah etmək istədikdə çıxılmaz vəziyyətdə qalmışlar. Qur`an aşkar şəkildə buyurur ki, Adəmə səcdə etmək mələklərə əmr olundu:
وَ اِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ
“Mələklərə dedik: Adəmə səcdə edin.” (“Bəqərə” surəsi, ayə:34)
Adəmə edilən səcdə eynilə Allah qarşısında edilən səcdə kimi idi, halbuki birincisi təvazökarlıq izhar etmək, ikincisi isə ibadət və pərəstiş məqsədi ilədir. İndi eyni vəziyyətdə edilən bu iki səcdənin nə üçün müxtəlif mahiyyətə malik olduğunu araşdıraq. Qur`an bir yerdə Yə`qub peyğəmbərin öz övladları ilə həzrəti Yusifə səcdə etdiyindən xəbər verərək buyurur:
وَ رَفَعَ اَبَوَيْهِ عَلَي الْعَرْشِ وَ خَرُّواْ لَهُ سُجَّدًا وَ قَالَ يَا اَبَتِ هَذَا تَاْوِيلُ رُؤْيَايَ مِن قَبْلُ قَدْ جَعَلَهَا رَبِّي حَقًّا
“Yusüf atasını və anasını taxtda oturtdu, onların hamısı onun üçün səcdəyə düşdülər və Yusüf dedi: Ey ata, bundan qabaq gördüyüm yuxunun tə`vili (yozumu) bu idi və Allah onun haqq olmasını isbat etdi.” (“Yusif” surəsi, ayə:100)
Qeyd olunmalıdır ki, həzrəti Yusifin “bundan qabaq gördü-yüm yuxu” deməkdə məqsədi on bir ulduzun günəş və ayla birlikdə ona səcdə etməsi yuxusudur. Belə ki, bu barədə buyurulur:
اِنِّي رَاَيْتُ اَحَدَ عَشَرَ كَوْكَبًا وَ الشَّمْسَ وَ الْقَمَرَ رَاَيْتُهُمْ لِي سَاجِدِينَ
“Mən yuxuda on bir ulduzun günəş və ayla birlikdə mənə səcdə etdiyini gördüm.” (“Yusif” surəsi, ayə:4)
Həzrəti Yusif öz yaxın adamlarının səcdə etməsini əvvəllər gördüyü yuxunun yozumu hesab etdiyindən aydın olur ki, on bir ulduz dedikdə məqsəd on bir qardaşı, günəş və ay dedikdə isə ata və anası imiş. Deməli, təkcə onun qardaşları deyil, ilahi peyğəmbər olan atası da ona səcdə etmişdir. İndi belə bir sual yaranır: Nə üçün onların son dərəcə bəndəçilik, xüzu sayılan səcdəsi ibadət hesab olunmur?
GÜNAHDAN DA PİS OLAN BƏHANƏ!
Yuxarıda işarə olunan bə`zi yazıçılar bu sualın cavabında çıxılmaz vəziyyətdə qalarkən belə demişlər: Bu səcdə və xüzular Allahın fərmanı ilə olduğundan şirk deyildir. Lakin bu cavabın çox naşı bir söz olması aydındır. Çünki əgər bir əməlin mahiyyəti şirk olsa heç vaxt Allah ona əmr etməz, çünki Allah buyurur:
قُلْ اِنَّ اللّهَ لاَ يَاْمُرُ بِالْفَحْشَاءِ اَتَقُولُونَ عَلَي اللّهِ مَا لاَ تَعْلَمُونَ
“De: Allah (heç kimi) pis işlərə əmr etməz. Yoxsa bilmədiyiniz şeyi Allaha aid edirsiniz?!” ( Ə`raf” surəsi, ayə:28)
Ümumiyyətlə, Allahın fərmanları bir şeyin mahiyyətini dəyişmir. Əgər bir insanın qarşısında xüzu etməyin həqiqəti ona pərəstişdirsə və Allah da ona əmr versə nəticəsi özünəpərəstiş etməyə dair fərman olacaqdır.
İRADIN CAVABI VƏ İBADƏTİN HƏQİQİ MƏ`NASI
Mə`lum oldu ki, Allahdan başqasına pərəstiş etməyin qadağan (haram) olması bütün dünya tovhidçiləri tərəfindən qəbul olunur. Digər tərəfdən, mələklərin Adəmə, eləcə də həzrəti Yə`qubun və övladlarının Yusifə səcdə etməsi onlara pərəstiş hesab olunmur. İndi görək hansı səbəbə görə bir əməl bir dəfə ibadət adlanır, digər dəfə həmin xüsusiyyətlə ibadətdən xaric olur.
Qur`an ayələrinə müraciət etməklə aydın olur ki, ibadət – bir varlıq qarşısında elə xüzu etməkdir ki, onu Allah hesab etmək və Allahın işlərini ona aid etməklə yanaşı olsun. Bu bəyanla aydın olur ki, Allaha və ya Onun ilahi işləri yerinə yetirməyə qüdrətli olmasına e`tiqad məhz həmin məsələdir ki, hərgah xüzu ilə yanaşı olsa bu əmələ ibadət mahiyyəti verir.
Dünya müşrikləri – istər Ərəbistan yarımadasında yaşayanlar olsun, istərsə də sairləri – Allahın məxluqu hesab etdikləri bə`zi varlıqların qarşısında xüzu və xüşu edir, lakin eyni zamanda inanırdılar ki, Allahın işlərindən bir qismi (onun ən aşağı səviyyəsi günahları bağışlamaq haqqı və şəfaət məqamına malik olmaqdır) onlara həvalə edilmişdir. Babil müşriklərindən bir qrupu səma cisimlərinə pərəstiş edirdilər, amma onları özlərinin xaliqi və yaradanı deyil, rəbbi (tərbiyə edəni), həmçinin dünyanı və insanı idarə edən varlıqlar hesab edirdilər. Həzrəti İbrahim (ə)-ın onlarla apardığı mübahisələr həmin e`tiqad əsasında baş vermişdi. Çünki Babil müşrikləri heç vaxt günəşi, ayı və ulduzları “Yaradan” hesab etmirdilər, əksinə bunları qüdrətli məxluqlar hesab edir və deyirdilər ki, dünya işlərinin idarə olunması onlara həvalə edilmişdir. İbrahim (ə)-ın Babil müşrikləri ilə apardığı mübahisəni bəyan edən ayələr də məhz “rəbb” kəlməsi üzərində tə`kid edir. (“Ən`am”, ayə 76-77) və rəbb kəlməsi də ixtiyarında olan şeyin tədbirçisi və sahibi mə`nasınadır. Ərəblər ev sahibinə “rəbbul-beyt”, əkin sahəsinin sahibinə “rəbbuz-ziy`ə deyirlər, çünki evin və əkin sahəsinin idarə olunması onun sahibinin öhdəsinə qoyulur.
Qur`ani-Məcid Allahı varlıq aləminin yeganə tədbirçisi, pərvəriş verəni kimi təqdim edərək müşriklərlə mübarizəyə qalxır və onları yeganə Allaha pərəstişə də`vət edərək buyurur:
اِنَّ اللّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ
“Böyük Allah mənim rəbbim və sizin rəbbinizdir, belə isə Ona pərəstiş edin, budur düzgün yol.”( “Ali-İmran” surəsi, ayə:51)
Başqa bir ayədə buyurulur:
ذَلِكُمُ اللّهُ رَبُّكُمْ لاَ اِلَهَ اِلاَّ هُوَ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوه
“O Allah sizin rəbbinizdir, Ondan başqa heç bir mə`bud yoxdur, hər bir şeyin yaradanıdır, elə isə Ona pərəstiş edin.”( “Ən`am” surəsi, ayə:102)
“Duxan” surəsində buyurulur:
لَا اِلَهَ اِلَّا هُوَ يُحْيِي وَ يُمِيتُ رَبُّكُمْ وَ رَبُّ آبَائِكُمُ الْاَوَّلِينَ
“Yeganə olan Pərvərdigardan başqa heç bir mə`bud yoxdur, həyat verir, öldürür, həm sizin, həm də ata-babalarınızın pərvərdigarı, onların işini tədbir edəndir.”( “Duxan” surəsi, ayə:8)
Qur`anda İsa (ə)-ın dilincə buyurulur:
وَ قَالَ الْمَسِيحُ يَا بَنِي اِسْرَائِيلَ اعْبُدُواْ اللّهَ رَبِّي وَ رَبَّكُمْ
“Həzrəti İsa dedi: Ey Bəni-İsrail, həm mənim, həm də sizin rəbbiniz olan Allaha pərəstiş edin!( “Maidə” surəsi, ayə:70)
Qeyd olunanlardan aydın olur ki, qarşı tərəfin rəbb və mə`bud olmasına e`tiqaddan uzaq olan, ilahi işlər ona nisbət verilməyən xüzu, hərçənd xüzunun son həddində olsa belə, ibadət hesab oluna bilməz.
Deməli, övladın ata-ana, ümmətin Peyğəmbər (s.ə.v.v) qarşısında xüzu etməsi heç vaxt onlara ibadət hesab oluna bilməz. Beləliklə, aşağıda qeyd olunan məsələlərdən çoxu: ilahi övliyaların əsərlərinə təbərrük etmək, onların qəbirlərinin zərihlərini və qapı-divarlarını öpmək, Allah dərgahında əziz və hörmətli olan şəxsiyyətlərə təvəssül etmək, layiqli bəndələrini çağırmaq, onların doğum və vəfat günlərini qeyd etmək və sair kimi işlərin agah olmayan bə`zi şəxslərin nəzərində Allahdan başqasına pərəstiş və şirk hesab olunmasına baxmayaraq, Allahdan qeyrisinə ibadət hüdudlarından tamamilə xaricdir.