Ailə başçısının 4 əsas vəzifəsi hansılardır?


Qurani-Kərim buyurru: “Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar”. (“Təhrim” 6).

Bəli, bu ayədən də göründüyü kimi, ailə başçısının vəzifəsi çox ağırdır. Belə ki, ev əhlini tövhidə, imana, Qiyamətə və İlahi əzaba inama, təqvaya, hüsnu əxlaqa dəvət etməli və onların kamala çatmasına və inkişaf etməsinə yardımçı olmalıdır.

Bu ayədə oxuyuruq ki, həmin cəhənnəm atəşini insan özü alovlandırar. Yəni, bu alovun arxasında insanın işlətdiyi günahlar durur. Günah - istər əməli olsun, istər əxlaqı olsun, istər maddi və istərsə də mənəvi olsun, bu, o deməkdir ki, insan özünü atəşə daxil edər.

O zaman ki, ailə başçısı ailə üzvlərini bu dəhşətli atəşdən xilas etməyi qərar alır - ailə üzvlərini cismani günahlardan, mali günahlardan, əxlaqi günahlardan saxlamaq istəyir, onları İlahi vacibatları yerinə yetirməyə təşviq edər.

Əllamə Məclisi buyurur: “Ailə başçısının üzərinə dörd vəzifə düşür:



1. Ailə başçısı o zamana qədər ki, sağdır, ailə üzvlərini Allaha itaətə, insanın dünya və axirət xeyirinə olan işlərə dəvət etməlidir. Dəvəti elə olmalıdır ki, ailə üzvlərinin onu yerinə yetirməsi çətin olmasın. Bu dəvəti mülayim dillə, sevgi və məhəbbətlə çatdırmalıdır. Bu dəvəti həm əməldə və həm də dildə elə etməlidir k, ailə üzvləri Allaha itaət etməyə aşiq olsunlar. Onu bütün vəzifələrindən üstün hesab etsinlər.



2. Ailə başçısı bacardığı qədər İlahi vacibatları ailəsinə öyrətsin. Onların bəzisi risalələrdə, bəzisi - əxlaq və fiqh kitablarında yazılmışdır. Əgər bu vacibatları yerinə yetirmək onlar üçün çətin olarsa, onları məscidə və dini məclislərə aparsın. Ya evlərinə din alimlərindən dəvət edib onlardan yardım alsınlar.



3. Ailə başçısı ailə üzvlərini çirkinliklərdən uzaqlaşdırmalı və günahın gətirdiyi pis nəticələrlə qorxutmalıdır. Evdə günahın yaranması üçün zəminə yaratmamalıdır.



4. Ailə başçısı ailə üzvlərini xeyir işlərə təfəf təşviq etməlidir. Allah yolunda sədəqə verməyə, təvazökarlığa, böyüklərə ehtiram göstərməyə, kiçikləri sevməyə, insanlarla xoş rəftar olmağa, düz danışmağa, xeyirxahlığa - xülasə, xeyir olan hər bir əmələ dəvət etməlidir.



Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) Yəmən xalqını hidayət etməsi ilə vəzifələndirir və ona buyurur: “Allaha and olsun! Əgər Allah sənin əlinlə bir nəfəri hidayət etsə, sənin üçün günəşin doğduğu və batdığı hər bir şeydən daha yaxşıdır”.

Necə də nurani bir kəlamdır! Xoş olsun o insanlara ki, ailə qurur və ailəsi üçün ən xeyirxah din müəllimi olur. Hər birinin hidayəti ilə Peyğəmbərimizin (s) buyurduğu o qədər böyük savaba malik olur. Bu ailənin mənəvi tərəfinə görə təyin edilən savabdır. Ailə başçısının ruzi dalınca getməsi və zəhmət çəkməsinin savabı isə tamamilə başqadır.

“Bunlar Allahın sərhədləridir (Onun sərhəd kimi pozulmaz hökmləridir). Kim Allaha və Onun peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından həmişə çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Budur böyük uğur və nailiyyət!”. (“Nisa” 13).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter