Peyğəmbərin (s) qoca babası Əbdülmütəllib mömin olub yoxsa yox?
Peyğəmbərin (s) babası olan Əbdülmütəllibin imanı haqda araşdırma:
1. \"Qiyamət günündə Əbdülmüttəlib vahid ümmət halında məhşərə gələcək, onda peyğəmbərlərin siması, hökmdarların heybəti olacaq\" (Şeyx Kuleyni - \"Usuli-Kafi\", \"Hüccət\" kitabı, \"Rəsulullahın doğumu və vəfatı\" babı, hədis 22).
2. Həzrəti Muhəmməd Peyğəmbər (s) kiçik olanda Məkkədə şiddətli quraqlıq olmuşdu. Şəhər əhalisi susuzluqdan əziyyət çəkirdi. Əbdülmüttəlib Əbu Talibə tapşırdı ki, körpə Muhəmmədi (s) onun yanına gətirsin. Əbu Talib körpəni qucağında gətirib Əbdülmüttəlibə verdi. Əbdülmüttəlib Kəbənin qarşısına gəldi və körpə Muhəmmədi (s) yuxarı qaldırıb belə dua etdi: \"Ya Rəbb, bu uşağın xatirinə bizə bol yağış əta elə!\" Üstündən bircə saat keçməmişdi ki, səmanı buludlar bürüdü, elə güclü yağış yağdı ki, hətta camaat məscidin uçulacağından qorxdu\" (Şəhristani - \"Miləl və nihəl\"; Əllamə Məclisi \"Usuli-Kafi\"yə yazdığı şərhdə bu hadisəni rəvayət etmişlir).
Bu hadisə sübut edir ki, Əbdülmüttəlib vahid Allaha pərəstiş edirmiş. Çünki bir şəxs Kəbənin qarşısında Rəbb adlı qüvvəyə dua edib onu gələcək peyğəmbər Muhəmmədə (s) and verirsə, deməli həm Rəbbə iman gətirmiş, həm də peyğəmbəri tanımışdır.
3. Həzrəti Muhəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyətində buyurmuşdur: \"Ey Əli! Əbdülmüttəlib cahiliyyə dövründə beş sünnə (dəb) qoymuşdu ki, İslam dini də bunları təsdiq etdi: 1) atanın arvadını oğula (başqa arvaddan olan oğul nəzərdə tutulur) haram elan etdi; 2) xəzinə tapanda onun beşdən birini sədəqə verdi; 3) Zəmzəm quyusunu qazıyandan sonra onu hacıların içməsi üçün vəqf etdi; 4) insan qətli üçün diyə (qanbahası) olaraq 100 dəvə verilməsini qərarlaşdırdı; 5) qüreyşilər Kəbənin ətrafında təvaf edərkən, neçə dəfə dövrə vurmağın dəqiq sayını müəyyən etməmişdilər, Əbdülmüttəlib 7 dövrə vurmağı qanun qoydu\".
4. Həzrət Rəsulullah (s) sonra buyurmuşdur: \"Ya Əli! Əbdülmüttəlib əzlamla (fal oxları ilə) fala baxmamış, bütlərə pərəstiş etməmiş, meyyitə (yəni Allah adı ilə kəsilməmiş heyvan əti) yeməmişdi; o deyirdi ki, mən babam İbrahimin (ə) dinindəyəm\" (hər iki hədis Şeyx Səduqun \"Xisal\" və Şeyx Təbrisinin \"Məkarimu`l-əxlaq\" kitablarındandır).
5. Əsbəğ ibn Nubatə adlı məşhur səhabə rəvayət edir ki, Həzrət Əmirəlmöminin Əli (ə) buyurmuşdur: \"Allaha and olsun ki, atam, babam Əbdülmüttəlib, Haşim və Əbdi-Mənaf heç vaxt bütə pərəstiş etməmişlər\". Ondan soruşdular: \"Bəs onlar nəyə pərəstiş edirdilər?\" Həzrət Əli (ə) cavab verdi: \"Onlar Kəbəyə sarı namaz qılırdılar və İbrahimin (ə) dinində idilər, bu dinə bağlanmışdılar\" (Ayətullah Reyşəhri - \"Mövsuətu`l-Əliyyibni Əbi Talib\", cild 1, səh. 63; Seyyid Haşim Bəhrani - \"Təfsiru`l-burhan\", jild 3, səh. 795).
6. Əbdülmüttəlibin oğlu Əbu Talib buyurmuşdur: \"Atam Həzrəti Muhəmmədin (s) peyğəmbərliyinin nişanələrini kitablarda (yəqin ki, keçmiş ümmətlərin müqəddəs kitabları nəzərdə tutulur) oxumuşdu və deyirdi: \"Mənim nəslimdə bir peyğəmbər olacaq. İstərdim ki, onun zəmanəsində yaşayım və ona iman gətirim. Mənim övladlarımdan hər kim onun zəmanəsində yaşasa, mütləq iman gətirsin!\"\" (Seyyid ibn Tavus - \"Təraif\", səh. 458).