Həqİqİ dost kİmdİr?
Cavab: Dini dəyərlərin ayaq altına alındığı cəmiyyətlərdə xəyanət, eqoizm kimi çirkin sifətlərin artması tam təbiidir. Məhz belə cəmiyyətlərdə «dost yoxdur», «dost mənim cibimin pulu» kimi əsassız fikirlər dolaşmaqdadır.
Qurani-kərimin müxtəlif ayələrində «dost» kəlməsi işlədilir və dostlarla münasibətin necə qurulmasına işarə olunur. «Nur» surəsinin 61-ci ayəsində «müsəlman kimlərin süfrəsində icazə almadan otura bilər» sualına verilən cavabda ata-ana, bacı-qardaşla yanaşı dostlar da xatırladılır.
İmam Sadiq (ə) buyurur: «Müəyyən həddlər və şərtlərə əməl olunmadan dostluq mümkün deyildir. Dostda beş xüsusiyyət olmalıdır:
1. Üzdə və arxada bir olsun;
2. Sənin abrını öz abrı, sənin eyibini öz eyibi bilsin;
3. Vəzifəsi, var-dövləti dəyişəndə sənə münasibəti dəyişməsin;
4. Gücü çatanı sənə müzayiqə etməsin;
5. Çətin günündə səni tək qoymasın».