Peyəmbərin (s) Əli (ə.s) haqqında buyurduğu 10 fəzilət hədisi.


Abdullah dedi: mənə atam rəvayət etdi: bizə Yəhya b. Həmmad rəvayət etdi: bizə Əbu Avanə rəvayət etdi, bizə Əbu Bəlc rəvayət etdi: bizə Əmr b. Məymunə rəvayət etdi və dedi:
Bir dəfə İbn Abbasın yanında oturmuşdum, gördüm doqquz nəfər onun yanına gəlib dedilər: “Ey İbn Abbas, ya bizimlə gəl, ya da ətrafını xəlvət et ki, sənə sözümüz vardır.” İbn Abbas dedi: “Sizinlə gəlirəm.” İbn Abbas o vaxt hələ sağlam idi və görmək qabiliyyətini itirməmişdi. Onlar kənara çəkildilər və söhbətə başladılar. Ancaq nə barədə danışdıqlarını bilmədik.

Nəhayət, İbn Abbas paltarını çırpa-çırpa gəlib dedi: Tuf (ar olsun), elə adamın dalınca pis danışırlar ki, başqalarında olmayan on fəzilətə malikdir, elə adamın dalınca pis danışırlar ki,
1-Peyğəmbər (s) onun haqqında buyurmuşdur: “Mən (Xeybəri fəth etmək üçün) elə bir kəsi göndərəcəyəm ki, Allah onu heç vaxt aciz etməmişdir və o, Allahı və onun Rəsulunu sevir.” Bu zaman hamı (bayrağın ona verilməsi təmənnası ilə) ona tərəf boylandı. (Rəsulullah) buyurdu: “Əli haradadır?” Dedilər: “Dəyirmanda un üyüdür.” (Rəsulullah) dedi: “Məgər sizlərdən biri un üyüdə bilməzdi?” (Ravi) dedi: “Əli gəldi, onun gözləri ağrıyırdı və çətinliklə görürdü. Rəsulullah ağız suyundan onun gözlərinə sürtdü. Sonra bayrağı üç dəfə yellətdi və ona həvalə etdi. Əli (düşmən üzərində qələbə çaldı və) Səfiyyə binti Huyeyi əsir alaraq qayıtdı.

2-(İbn Abbas) dedi: Peyğəmbər bir nəfəri “Tövbə” surəsini (məkkəli müşriklərə çatdırmaq üçün) göndərdi, lakin, sonra Əlini onun ardınca yolladı və dedi: Bu surəni elə şəxs aparmalıdır ki, o məndəndir və mən ondanam.

3-(İbn Abbas) dedi: Peyğəmbər əmisi uşaqlarına dedi: “Sizlərdən kim bu dünyada və axirətdə mənim vəlim olar?” Onlar qəbul etmədilər. Əli qalxdı və dedi: “Mən bu dünyada və axirətdə sənin vəlin olaram.” Peyğəmbər (s) buyurdu: “Sən bu dünyada və axirətdə mənim vəlim olacaqsan.” Sonra yenə üzünü onlara tutub dedi: “Sizlərdən kim bu dünyada və axirətdə mənim vəlim olar?” Onlar yenə imtina etdilər. Əli qalxdı və dedi: “Mən bu dünyada və axirətdə sənin vəlin olaram.” Peyğəmbər (s) buyurdu: “Sən bu dünyada və axirətdə mənim vəlim olacaqsan.”

4-(İbn Abbas) dedi: “O, insanlar içərisində Xədicədən sonra İslamı qəbul edən ilk şəxsdir.”

5-(İbn Abbas) dedi: “Peyğəmbər əbasını Əli, Fatimə, Həsən və Hüseynin (ə) üstünə salıb dedi: Allah sizdən çirkinliyi yox etmək və sizi pak-pakizə etməyi iradə etmişdir.”

6-(İbn Abbas) dedi: “Əli öz canından keçərək Peyğəmbərin (s) libasını geyinib onun yatağına uzandı. Müşriklər Rəsulullahı (s) daşlayırdılar. Bu zaman Əbu Bəkr gəldi. Əli (sanki) yatmış idi. Əbu Bəkr onun Rəsulullah (s) olduğunu güman edib onun səslədi. Əli dedi: “Rəsulullah Məymunə quyusuna tərəf yola düşdü. Özünü ona çatdır.” Əbu Bəkr bunu eşidən kimi yola düşdü və (Peyğəmbərə çatıb) onunla birlikdə mağaraya girdi.” (İbn Abbas ardınca) dedi: “Əli Allahın Peyğəmbəri kimi daşqalağa məruz qalır və ağrıdan qıvrılırdı. O, başını libasının altında salıb sübhə qədər üstünü açmadı. Sonra (sübh açıldıqda) libası üstündən götürdü. (Müşriklər onu görüb): “Həqiqətən sən pis adamsan. Dostunu daşa basırdıq, o heç qıvrılmırdı, ancaq sən qıvrılırdın. Bu bizim xoşumuza gəlmədi.” – dedilər.”
7-(İbn Abbas) dedi: Peyğəmbər (s) camaatla “Təbuk” döyüşünə gedərkən Əli ona dedi: “Mən də səninlə gəlim?” (Rəsulullah) ona: “Xeyr”, - deyə cavab verdi. Əli (kədərlənərək) ağladı. (Peyğəmbər) buyurdu: “Məgər sən mənə olan nisbətinin Harunun Musaya olan nisbəti kimi olmasına razı deyilsən? Lakin, bir fərqlə ki, sən peyğəmbər deyilsən. Mənə rəva deyil ki, səni özümə xəlifə elan etmədən gedim. ”

8-(İbn Abbas) dedi: (Peyğəmbər) buyurdu: “Sən məndən sonra bütün möminlərin vəlisisən.”

9-(İbn Abbas) dedi: (Peyğəmbər) Əlinin evinin qapısından başqa məscidin (içinə açılan) bütün qapıları bağlatdırdı. (Əli) məscidə cünub halda daxil olurdu. Onun (öz evinə girib-çıxması üçün) başqa yolu yox idi.”

10-(İbn Abbas) dedi: “(Peyğəmbər) buyurdu: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”
(Peyğəmbər) buyurdu: “Böyük və qüdrətli Allah bizə Quranda xəbər vermişdir ki, O, ağac altında beyət edənlərdən razı oldu. (Allah) onun ürəklərində olanı bildi. Bundan sonra onlara qəzəbləndiyini söyləmişdir?”
“Ömər: “Mənə izn ver onun (Bədr döyüşündə iştirak edən Hatib adlı şəxsin) boynunu vurum”, dedikdə Rəsulullah s) dedi: “Tutaq ki, sən bunu etdin, nə bilirsən, bəlkə Allah Bədr camaatına nəzər yetirmiş (və onlara): “Nə istəyirsiniz edin” – buyurmuşdur? 313news.net


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter