Cənab Rəhbərin baxışında tələbə təhsilində 6 nöqtəyə diqqət edərsə elmin şirinliyi dadar!
Altı mühüm nöqtə
Cənab Rəhbər: Hövzə, hövzə alimləri, hövzə tələbələri elmi baxımdan özünəinama sahib olmalıdırlar...
Tələbə həyatının sevinci
Əli Əsğər Söhrabi
Əgər tələbə oxuduğu elmi kompleks şəkildə təsəvvür edə bilirsə, onun başqa elmlərlə əlaqələrini görürsə, bu elm üçün sual qalmış məsələlərdən xəbərdardırsa, bu elmin tarixi dəyərindən məlumatlıdırsa elmdə müvəffəq olacaq, onun dərinliklərinə yiyələnəcək. Elmi bu üsulla oxuyan hər bir şəxs üçün onun şirinliyi var.
Elmin şirinliyi müxtəlif yollarla əldə olunur. Hər bir elmin dərinliyi və davamı fərqlidir. Əgər tələbəlik şəxsiyyətini tələbəliyin prinsiplərindən saysaq, tələbə öz şəxsiyyəti ilə bağlı düzgün məlumata malik olsa onda dərin bir həvəs yaranar. Maraqlı suallardan biri budur ki, tələbəni gecə-gündüz mütaliədən ləzzət almağa nə sövq edə bilər? Əgər tələbə doğrudan da özünü peyğəmbər və ilahi övliyaların varisi sayırsa, bu tarixi hərəkatın bayraqdarı kimi məsuliyyət hiss edirsə o necə çalışar?! Əgər tələbə bəşər həyatında dinin yer alması üçün özünü məsuliyyətli bilirsə şübhəsiz ki, əldə etdiyi biliklərlə kifayətlənməyib irəli gedəcək. Tarixi hərəkatın bayrağının ağırlığını çiynində hiss edən tələbə yeni islam mədəniyyətinin yayılmasında əlindən gələni əsirgəməyəcək. O bütün yer üzündə dinə özünü məsul sayacaq, böyük bir həvəslə meydana qədəm qoyacaq. Demək, tələbənin müvəffəq olması üçün mühüm nöqtələrdən biri onun şəxsiyyətində elmin yayılması ilə bağlı məsuliyyət və həvəsin olmasıdır.
Tələbə hövzəyə daxil olur, elm dünyasına daxil olur və öz elmi inkişafında elmin müxtəlif sahələri ilə əlaqə saxlayır. Onun hər elmdən payı var. Əksər tələbələrin zehni yükünü nəzərdən keçirə bilsək şahid olarıq ki, uzun illər ərzində bu xəzinədə müxtəlif sahələrə aid biliklər toplanıb. Təəssüf ki, uzun təhsil dövründə əldə olunmuş biliklərdən tam istifadə olunmur. Bu zaman tələbə istifadə olunmamış elmlərdən dolayı bir nigarançılıq keçirir. Onda elm təhsilində növbəti mərhələlərə maraq qalmır.
İkinci mühüm nöqtə kimi qeyd edə bilərik ki, tələbənin hər bir elmə baxışı peykdən baxış olmalıdır. Peykdən baxış dedikdə elmin bütün sərhədlərini, coğrafiyasını görmək nəzərdə tutulur. Peyk baxışında bu elmin başqa elmlərlə əlaqələri də nəzərə çarpır. Digər tərəfdən tələbənin elmə tarixi baxışı var. O əhatəli biliklərlə yanaşı dərs kitablarından faydalanır. Əgər tələbə tarixi baxışla yanaşı peykdən baxışa malik olsa elmin dərinliklərinə daha asanlıqla varar, elmin sərhədlərini düzgün müəyyənləşdirər, elm meydanını fəth etmək üçün həvəsi artar.
Elmin şirin olması, tələbənin həvəslə çalışması üçün üçüncü mühüm nöqtə onun bu işdə özünə inanmasıdır. Özünə inanmayan insan heç zaman müvəffəq ola bilməz. Özünə inanan tələbə istedadlarını və imkanlarını daha düzgün müəyyənləşdirə bilir. Təbii ki, özünə inanmaq bu mənada deyil ki Allahın yardımlarından özünü ehtiyacsız biləsən. Amma ilahi yardımları gözləyən tələbə də özünə inanmırsa müvəffəqiyyət əldə edə bilmir. Tələbə özünəinam sayəsində elmin yüksək qüllələrini fəth edir. Tələbə üç sahədə özünəinam hissinə malik olmalıdır. Din sahəsində, mənsub olduğu sinif sahəsində, şəxsi baxımdan. Din sahəsində özünə inam hissinə malik olan tələbə əmindir ki, yeganə səadət yolu dindir. O axirətə inanır, inanır ki, onu dünya həyatından, bu sınaq körpüsündən uğurla keçirə biləcək yeganə təlim islamdır. Sinfi inam dedikdə bu nəzərdə tutulur ki, tələbə hövzədə hüzurunu peyğəmbərlər və ilahi övliyaların missiyasının davamı kimi qiymətləndirsin. O inansın ki, onun hövzədə hüzuru bu hərəkatın davamıdır. Şəxsi özünəinam dedikdə bu nəzərdə tutulur ki, tələbə ruhaniyyət missiyasının yerinə yetirilməsində özünü iqtidarlı saysın. Əgər bu üç sahədə tələbə özünəinama nail olarsa, fəaliyyətlərində təlaşlı, çətinliklər qarşısında dözümlü olar.
Cənab Rəhbər Ayətullah Xamenei tələbənin özünəinam hissini yüksək dəyərləndirərək buyurur: “Hövzə, hövzə alimləri, hövzə tələbələri elmi baxımdan özünəinama sahib olmalıdırlar. Bu çox əhəmiyyətlidir.”
Tələbənin təhsildə təlaşlı və həvəsli olmasına başqa amillər də təsir göstərir. Dördüncü amil olaraq daxildən və xaricdən qaynaqlanan sevinci göstərə bilərik. Tələbədə təhsil həvəsi yaradan amillərdən biri daxili amildir. Unutmamalıyıq ki, bizi çalışdığımız sahədə müvəffəq edən amillərdən biri öz daxilimizdədir. Təbii ki, daxili amillə yanaşı xarici amillər də təsirlidir. Mühit, ətrafda baş verən hadisələr, yaxınlarımız, maraqlarımız təhsildəki uğurlara təsir göstərən xarici amillərdir. Bu iki amilə müsbət təsir verən bizim onlara yetərincə diqqət göstərməyimizdir. Təhsil zamanı tələbənin öz daxili imkanlarına daha çox ümid etməsi mühümdür. Əgər tələbə öz daxili imkanlarını lazımınca dəyərləndirsə bu zaman xarici maneələri də aşıb keçmək asan olar. Belə bir sual yaranır ki, tələbənin müvəffəqiyyətində daxili amil daha mühümdür yoxsa xarici amil? Təbii ki, əgər bir tələbə özünü xarici amillərdən asılı edərsə, onun sevinci, fəallığı xarici amillə şərtlənərsə bu zaman xarici amil önəmli olur. Təəssüf ki, belə bir yanaşmada insanın müvəffəqiyyəti onun öz əlində olmur. Daim xaricdən müsbət impuls gözləyən tələbənin zaman keçdikdə iradə zəifləyir və bu proses davam edərsə təhsil maraqı tam şəkildə aradan qalxır. Bu baxımdan insan daha çox öz daxili imkanları üzərində manevr etməli, daxili imkanlarına güvənməlidir. Xarici amilləri haşiyə amil kimi nəzərdə saxlamaq olar.
Tələbənin müvəffəqiyyətində rol oynayan beşinci amil onun elmə təşnə olmasıdır. Tələbə elmə bir su kimi baxmalı, ruhundakı susuzluğu elmlə yatırmalıdır. Nə qədər ki, insanın düşüncəsində məchullar, suallar var, o bir yanqı yaşayır. Bu yanğını, təşnəliyi yalnız elm sirab edə bilər. Elmdə böyük uğurların əsas səbəblərindən biri kimi məhz elmə təşnəliyi göstərə bilərik. Əgər tələbə elm yolunda sabitqədəm olmaq istəyirsə, daim canındakı təşnəliyi yüksək dəyərləndirərək onu qorumalıdır.
Elm təşnəliyi insan fitrətindən qaynaqlanır. Buna görə də həmin təşnəliyi qoruyacaq amillər də insanın daxili aləmi ilə əlaqəli olmalıdır. İnsan ruhu, insan qəlbi nə qədər pak olarsa elm təşnəliyi də bir o qədər güclü olar. Təqvanın bu sahədə müstəsna əhəmiyyəti var. Təqvalı insanda elm təşnəliyi güclü olur. Günah fitrət aynasının üzərini örtən toz kimidir. Fitrətin üzəri örtüldükdə elm təşnəliyi də aradan qalxır. İnsan ruhunun elmə olan ehtiyacı başqa ehtiyaclarla əvəzlənir. Təbii ki, ixlas kimi ilahi sifətin də elm təhsilində əhəmiyyəti böyükdür. Bütün bunlar insanı elmə sövq edən daxili amillərdəndir. Ünvan Bəsridən nəql olunan hədis ibrətamizdir. Nəql olunmuş hədisdə İmam Sadiq (ə) öz nurani buyuruqlarında tələbələri bəndəlik həqiqətinin sorağınca getməyə çağırır. Həzrətin buyurduğu elmə olan həvəsi də artırır.
Təhsilə həvəsi artıran altıncı amili dialiktik amil adlandıra bilərik. Əgər bizdən istəsələr ki, çalışqan bir tələbəni təsvir edək onun haqqında deyəcəyimiz ilk söz onun ardıcıl şəkildə dərslərdə iştirakıdır. Tələbənin sinifdə iştirakı, müzakirələrə qatılması, suallarını ortaya qoyması onun fəallığını göstərir. Amma bizdən elmə həvəsi artıran amillər barədə soruşsalar deməliyik ki, təhsildə ciddilik insanda elmi həvəsi artırır. Bu iki nöqtəni yanaşı qoyduqda müəyyən suallar aydınlaşır. Qeyd etmişdik ki, elm təlaşında dərslərdə iştirak və ciddilik həm müqəddimədir həm də nəticə. Biz daim elm təlaşını artırmaq üçün yollar gəzirik. Digər tərəfdən elmi təlaşın özü dərsdə ciddilikdən asılıdır. Məsələnin ən sadə həl yolunu tapmaq xülasə araşdırmalar istəyir. Yadda saxlamalıyıq ki, elm təlaşı, elmə həvəs zərrə-zərrə toplanan bir sərmayədir. Onu elmin bir mərhələsində əldə etmək qeyri-mümkündür. İnsan məsuliyyətli olmaqla, elmi ciddiliklə həmin təlaşı əldə edə bilər. Elmdə sirlər açıldıqca təhsil şirinləşir. Təhsil marağını, elmin şirinliyini artırmaq üçün kənardan bir hadisənin intizarında olmamalıyıq. Yuxarıda deyilənləri nəzərə aldıqda bu məqsədə çatmaq üçün qarşımızda yollar açılır. - vilayet.nur-az.com/