Mübarək Şaban ayı daxil olur-Ayın fəzilət və əməlləri!
Mübarək Şaban ayı daxil olur
Peyğəmbər (s) Şaban ayının fəziləti haqqında buyurub: \"Şaban ayı mənim ayımdır və bu ayda mənə kömək edənləri (oruc tutanları) Allah bağışlasın\".
Peygəmbər (s)-dan nəql olunan digər hədisdə \"Hər kəs bu ayın bir gününü oruc tutsa, cənnət ona vacib olar\" buyurulur.
İmam Səccad (ə) Şaban ayı daxil olduğu zaman səhabələrini toplayar və onlara belə buyurardı- \"Kim şaban ayını Rəsulullaha (s) olan sevgisindən ötəri və Allaha yaxınlaşmaq üçün oruc tutsa, Allah onu sevər, öz ikram və ucalığına yaxınlaşdırar və cənnəti ona vacib edər\".
Şaban ayının 3-cü günü İmam Hüseyn (ə) dünyaya gəlib.
- Şaban ayının 4-ü Hz.Əbülfəzl-Abbasın (ə) doğum gününə təsadüf edir.
- Ayın 5-i İmam Zeynəlabidinin (ə) mövlud günüdür.
Bu ayın ən fəzilətli vaxtı “Nimeyi-Şəban” bayramadır. Şaban ayının 15-ci gecəsi və günü xüsusi ibadət vaxtıdır. Bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Hədislərdə deyilir ki, Allah bu gecə edilən duaları qəbul edəcəyinə and içib. Bu gecə barəsində Peyğəmbər(s) Aişəyə belə buyurub: «… Bu gecə ruzilərin bölündüyü, əcəllərin yazıldığı və Həccə gedəcək insanların siyahısının müəyyənləşdiyi gecədir...»
Bu gecənin xüsusi hadisələrindən biri də 12-ci İmam hz.Mehdi(ə.f)nin doğum günüdür.
İmam Baqirdən(ə) bu gecənin fəziləti haqqında soruşulduqda o Həzrət(ə) belə buyurub: \"Bu gecə qədr gecələrindən sonra ən fəzilətli gecədir. Allah-Taala bu gecədə bəndələrinə fəzl(və bərəkət) əta edir və onların günahlarını öz kəraməti ilə bağışlayır. Belə isə Allaha yaxınlaşma üçün çalışın. Allah-Taala öz müqəddəs Zatına and içib ki, bu gecə heç bir əli nə qədər ki, günah tələb etməyib, öz dərgahından boş qaytarmayacaqdır\".
Bu gecə tövsiyyə olunub ki, insan qüsl edə, əhya saxlaya(gecəni səhərədək oyaq qala), ilahi övliyaları ziyarət edə.
ŞABAN AYININ ƏMƏLLƏRİ
Seyyid ibn Tavus Allahın Rəsulundan (s) nəql etmişdir: «Şəban ayının ilk üç gününü oruc tutmağın və gecələrində Şaban ayının namazı niyyəti ilə 2 rəkət namaz qılmağın (hər rəkətdə «Həmd»dən sonra 11 dəfə «İxlas» surəsi deyilməlidir) hədsiz savabı vardır».
Həmçinin, bu günün orucunun da böyük fəziləti vardır. İmam Sadiq (ə) buyurmuşdur: «Şəban ayının ilk gününü oruc tutan şəxsə, behişt vacib olar»
«İqbal» kitabında bu gecə üçün çoxlu namazlar zikr olunmuşdur. Biz onlardan yalnız birini sizin nəzərinizə çatdırırıq: Bu namaz on iki rəkətdir. Onun hər rəkətində «Həmd»dən sonra on bir dəfə «İxlas» surəsi deyilməlidir.
Bu ayda mümkün qədər sədəqə vermək, çoxlu salavat, “əstəğfirullahə və ətubu iləyh” (استغفر الله و اتوب الیه) deyib Allahdan bağışlanmaq istəmək Şaban ayında Allahın bəyəndiyi əməllərdir.
Hər gün 70 dəfə “Əstəğfirullahə və əs\'əluh\'ut-təvbə” (Tərcüməsi: Allahdan bağışlanma diləyirəm və ondan tövbəmi qəbul etməsini istəyirəm).
Hər gün 70 dəfə - “Əstəğfirullahəlləzi la ilahə illa huvər-Rəhmanur-Rəhim, əl-Həyyul-Qəyym və ətubu iləyh” (استغفر الله الذی لا اله الا هو الرحمن الرحیم الحی القیوم و اتوب الیه) – deməklə Şaban ayında Allahdan bağışlanmaq diləmək, digər aylarla müqayisədə sanki 70 min dəfə istiğfar etməkdir.
Şaban ayı boyunca 1000 dəfə “La ilahə illəllahu və la nə\'budu illa iyyahu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun” (لا اله الا الله، لا نعبد الا ایاه، مخلصین له الدین و لو کره المشرکون) deyən mömin min ilin ibadətinin savabını qazanar.
Şəban ayının hər cümə axşamı günləri (4-cü günləri) 2 rəkət namaz qılmaq. Namazın hər rəkətində «Həmd»dən sonra 100 dəfə «İxlas» surəsi, salamdan sonra isə 100 dəfə «salavat» deyilməlidir. Bu namazı qılan şəxsin Allah-Taala bütün dini və dünyəvi hacətlərini yerinə yetirər.
Həmçinin bu ayın çümə axşamı günləri oruc tutmaq tövsiyyə olunub. Rəvayətlərdə qeyd olunub ki, mələklər Allah-Taaladan, Şəban ayının cümə axşamında oruc tutan şəxsin bağışlanmasını və dualarının müstəcəb olmasını istəyirlər. Nəbəvi xəbərə əsasən, Şəban ayının bazar ertəsində və cümə axşamında oruc tutan şəxsin Allah-Taala 20 dünya və 20 axirət hacətini yerinə yetirər. -ahlibeyt.az/