Həzrət Adəmin (ə) həyatın bir baxış!


İLK İNSAN ADƏM (Ə)
Allah öz rəhmət və lütf anlarının birində qurumuş heykələ ruh üfürdü. Heykəl asqırdı və dedi: «Əlhəmdu lillah».
Adəm (ə) ayağa qalxdı. Artıq ona ruh üfürülmüş və kamil insan formasına düşmüşdü. O, nəfəs alır, o tərəf bu tərəfə baxırdı. Düşünən və diqqət edən bir insan yaranmışdı. Əllərini tərpədərək yol gedirdi. Gözəllikləri tanıyır, pislikləri dərk edirdi. Həqiqət ona tanış idi. Haqqı və batili, xeyir və şəri, səadət və bədbəxtliyi ayıra bilirdi.
Allah mələklərə əmr etdi ki, Adəmə (ə) səcdə etsinlər. Allahın öz qüdrət əli ilə yaratdığı bir məxluqa səcdə etsinlər. Bütün mələklər səcdə etdilər. Mələklər Allaha itaətdən başqa bir şeylə tanış deyildilər. Onlar həmişə Allaha zikr edirdilər, həmişə Allahın qarşısında təslim idilər.
Onlar insana səcdə etdilər, çünki, Allah onu yerdə öz canişini və nümayəndəsi kimi seçmişdi. Çünki, Allah onu xəlifə və canişin olaraq bəyənmişdi. Onun məqamı mələklərdən üstün idi. Amma, başqa bir yaranmış ona səcdə etmədi. O, Allahın Adəmdən (ə) altı min il öncə yaratdığı cin tayfasından olan bir məxluq idi. Heç kim bilmir ki, bu altı min il yer illəri kimidir, yoxsa hələlik heç kimin anlamadığı digər səma ulduzları illərindən.
Allah-təala cini oddan yaratmışdı. Şeytan Adəmə (ə) səcdə etmədi. Allahın əmrindən boyun qaçırdı. Şeytan təkəbbür və lovğalıq etdi, palçıqdan yaranmış Adəmə (ə) səcdə etməkdən boyun qaçırdı.
Bütün mələklər səcdə etdilər. Mələklər hamısı Allaha itaət edirlər. Ona təsbih deyirlər və müqəddəs Zatını hörmətlə yad edirlər. Şeytan cin tayfasındandır. O, Allaha itaətsizlik etdi, Adəmə (ə) səcdə etmədi. Allah-təala buyurdu:
-Ey Şeytan, niyə Adəmə səcdə etmədin?
Şeytan dedi:
-Mən ondan üstünəm. Məni oddan yaratmısan, Adəm isə palçıqdan yaranmışdır. Od palçıqdan üstündür.
Allah təkəbbürlü Şeytanı yanından qovdu. Onu öz rəhmətindən uzaqlaşdırdı və həmin vaxtdan da Şeytan Adəmə (ə) kin bəsləyərək düşmən kəsildi.
Şeytan təkəbbürlü, həsədli, kinli və özünübəyənən bir yaranmış idi. Həmişə bu fikirdə idi ki, Adəmi (ə) necə məhvə doğru çəksin, onu necə aldadıb, yolundan azdırsın.
Allah Şeytanı öz rəhmətindən uzaqlaşdırdı. Ona buyurdu:
-Rədd ol get! Sən qovulmuşsan və qiyamətə qədər mənim lə’nətim olsun sənə.
Şeytan dedi:
-Ey Allah, mənə qiyamətə qədər fürsət ver.
Allah-təala buyurdu:
-Qiyamətə qədər sənə fürsət verildi: müəyyən zamana qədər.
Şeytan dedi:
-Ey Allah! Məni azdırdığın üçün sənin bəndələrinin yolunun üstündə oturub, onların hamısını doğru yoldan azdıracağam.
Şeytan nə qədər lə`nətlik, nə qədər bədbəxt və yalançıdır! O azğınlığa düşməsində Allahı ittiham edir. O etdiyi günahla belə özünü cəzaya layiq bilmir. Şeytan demir ki, Adəmə (ə) paxıllıq edib, kin bəsləmiş, təkəbbür və lovğalıq etmiş, Allahın əmrindən çıxaraq səcdə etməkdən boyun qaçırmışdır.
Beləliklə Şeytan kafir oldu. Öncə qürurlandı və sonra küfr yolunu tutdu. O güman edirdi ki, Adəmdən (ə) üstündür. Çünki, o, oddan, Adəm (ə) isə torpaq və palçıqdan yaranmışdır. Şeytan özünübəyənən idi. Unutdu ki, bu əmri ona, onu yaradan Allah vermişdir və Allahın əmrinə itaət etmək lazımdır.Müəllif: Seyyid Kamal.Hazirladi Islam Araşdirmalar Qrupu.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter