Bərzəxdə veriləcək suallara özümüzü necə hazırlaya bilərik?
İmam Kazım (ə) buyurur: “Qəbirdə mömindən belə sual olunar: Pərvərdigarın kimdir? O, cavab verər: Allah. Ondan sonra sual olunar: Dinin nədir? Cavab verər: İslam. Ondan sonra sual verilər: Peyğəmbərin kimdir? Deyər: Muhəmməd (s). Sual olunar: İmamın kimdir? İmam Zamanının (ə) adını deyər”.
Bu hədisdən göründüyü kimi, bərzəx almində insana dörd sual verilər. Bu sualların hər birinin cavabı behişt qapılarının açarıdır. İndi ki, bu sualların nə olacağını bildik, bəs bu suallara cavab vermək üçün özümüzü necə hazırlaya bilərik?
Mühüm olan - əqidə və inancı qorumaqdır. Biz bu dünyada İslam dininə iman gətirmişik. Ömrümüzdən illər keçər və rahatıq ki, dinimizi tanıyırıq. İnancımız - qəlb inancıdır. Lakin mövzu bu cür sadə deyildir. Bizim inancımız rəftarımız və əməlimizdə də özünü göstərməlidir. Hər nə qədər rəftar, əməlimiz Allah istəyən kimi olarsa, inancımızı möhkəmləndirmiş olarıq. Əqidə ancaq dil əqidəsi olmamalıdır. Bu əqidə bütün bədən üzvlərimizə sirayət etməlidir. Necə ki, Həzrət Peyğəmbər (s) buyurur: “İman - qəlb əqidəsi, dildə demək və bədənlə əməl etməkdir”.
Yəni iman gərək bu üç sahədə inkişaf etdirilsin. Qəlb, dil və bədən. Əgər birində olmazsa, iman naqis olar. Əgər insan öz əməlinə nəzarət edər və Allahın, Peyğəmbərin (s) və Məsum İmamların (ə) göstərişlərini yerinə yetirərsə, təfəkkür edərək əqidəsini gücləndiryi kimi əməldə də imanını möhkəmləndirərsə, bərzəx aləmindəki suallara cavab verə biləcəkdir. O zaman ki, ölümdən sonra kim olduğunu unudacaq, əqidəsini hifz edə bilsin.
Nəticədə: Əgər Qəlb, dil və bədəni imanla dolu etsək həm dünyada xoşbəxt ölümlə, həm bərzəxdə yüngül hesabla və həm də qiyamətdə xoşsimalı mələklərlə üzləşərik.