İnsan meymundan yarana bilərmi?
Cavab: Təbiətşünas alimlər arasında insanın yaranışı haqqında iki nəzəriyyə mövcuddur. Transformizm adlanan birinci nəzəriyyənin tərəfdarları bu fikirdədirlər ki, canlı aləm başlanğıcda bu günki formasında olmayıb. Guya ilk əvvəl okeanın müxtəlif nöqtələrindəki bir hüceyrəli bəsit cansız varlıqlar xüsusi bir şəraitdə canlı varlığa çevrilmişlər. Guya mikroskopik ölçüyə malik olan bu canlılar ilk əvvəl bir növdən digərinə, sonra sudan quruya, daha sonra isə qurudan havaya keçmişlər. Bu təkamülün son yetkin halqası isə, insandır.
İkinci nəzəriyyəyə görə isə, bütün canlılar, eləcə də insan ilk yaranışda bu günkü formasında olmuşdur. Bu baxışın tərəfdarları bütün növ dəyişiklikləri inkar edirlər.
Bu iki nəzəriyyə arasındakı mübahisələr fransız təbiətşünası Lamark (XVII-XIX əsr) və ingilis təbiətşünası Darvinin (XIX əsr) yeni sübutlarla çıxışlarından sonra daha da qızışmışdır.
Bu gün təbiətşünas alimlərin əksəriyyətinin təkamül nəzəriyyəsi tərəfdarı olduğunu nəzərə alıb, onların sübutlarını nəzərdən keçiririk.
Arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif dövrlərə aid skletlər arasındakı oxşarlıq yalnız təkamül nəzəriyyəsi ilə izah olunur. Ayrı-ayrı dövrlərə məxsus sümüklər arasında ciddi oxşarlıqlar vardır. Mühüm görünən sübutlardan biri isə, bütün canlıların bətndəki «cənin» formaları arasındakı oxşarlıqdır.
Təkamül nəzəriyyəsi tərəfdarlarının sadaladığı bu dəlillər, «insan meymundan yaranmışdır» deməyə əsas verirmi?
Təkamül nəzəriyyəsi, başqa sözlə, darvinizm bir dənə də olsun nə əqli, nə də təcrübi dəlilə malikdir. Bir növdə qismən dəyişiklik ‒ mutasiya artıq təcrübi yolla qəbul olunmuşdur. Yəni cod tüklü qoyundan zərif tüklü qoyun doğula bilər. Amma meymundan insan yaranması mutasiya deyil. Bu ehtimal darvinist təbiətşünaslar tərəfindən təcrübi sübuta yetirilmədiyindən, nəzəriyyə olaraq qalır.
İslam alimləri təkamül nəzəriyyəsini inkar etmir. Amma bu nəzəriyyəni qəbul etmək üçün zəruri olan dəlillərə də malik deyil!