Şad həyat əldə etmək üçün mübarək dinimizin tövsiyələri nələrdir?
Həyatda şad yaşamaq hər bir insanın arzusudur. İnsanlar maddi həyatlarında bu hədəfə çatmaq üçün əllərindən gələni edirlər. Lakin onlar unudur ki, bu maddi səylə yanaşı, başqa bir üsul da vardır ki, əgər insan həyatında o olmazsa, bu hədəfə çata bilməzlər. Əhli-beyt (ə) biz müsəlmanları bu həqiqətə çatmağa həmişə hidayət etmiş və yollar göstərmişdilər. (Tebyan)
Məsumların (ə) bizlərə bu yolda verdiyi tövsiyələrə işarə edək:
Qənaət.
Əgər insan həyatda əldə etdiklərinə qənaət etsə və onunla kifayətlənsə, çox sayda çətinliyi arxasında qoya bilər. Nigarançılıqdan, stresdən uzaq olar. Ona görə də İmam Əli (ə) buyurur: “Rahatlıq, qənaətin nəticəsidir”.
İnsan əgər əlində olanla kifayətlənərsə, çox sayda nigarançılıqdan uzaq olar. Həzrət Peyğəmbər (s) buyurur: “Qənaət rahatlıqdır”.
Gözəl əxlaq.
İmam Sadiq (ə) buyurur: “Heç bir həyat hüsnü əxlaqa bürünmüş həyatdan ləzzətli deyildir”. Gözəl əxlaq insana həyatda səadət bəxş edər.
Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Əgər insan xoş əxlaqın nəticəsindən agah olsaydı, gözəl əxlaqa ehtiyac hiss edərdi”.
Hüsnü-zənn.
Hüsnü-zənn insan üçün həyatı gözəl və şad edər. İnsanlara qarşı sui-zənn bəsləmək həyatı cəhənnəmə çevirər. Bunun nəticəsində insan ruhu balansını əldən verər. Sui-zənn bəsləyən insan zəif və gücsüz olar, rahatlığını əldən verər. Başqalarını daima nöqsanlı görər.
İmam Əli (ə) buyurur: “O kəsin ki, gümanı yaxşı olmaz, başqalarına qarşı bədgüman olar, hər kəsdən qorxar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qardaşına yaxşı güman bəsləyin ki, bu yolla qəlb səfasını və pak batini qənimət aparasınız”.
Səbir.
İnsan həyatını şad və rahat edə biləcək amillərdən biri də səbirli olmaqdır. İnsan səbirli olarsa, həyatın heç bir çətinliyi qarşısında məğlub olmaz və baş əyməz. Məyus olmaz və mübarizə aparar. Belə ki, Quranda oxuyuruq: “Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbir edənlərlədir”. (“Bəqərə” 153).
“Əgər səbir və təqvaya yiyələnsəniz, bu (dözümlülük), həqiqətən, böyük və əhəmiyyətli işlərdəndir”. (“Ali-İmran” 186).
Həzrət Peyğəmbər (s) davamlı olaraq öz səhabələrinə tövsiyə edirdi ki, səbirli olsunlar. Həyatda baş verən xoşagəlməz hadisələr Allahın imtahanıdır və əgər insanlar səbirli olsalar, günahları bağışlanar və məqamları ucalar.
Allah Təala bizləri səbir əhlindən qərar versin. Deyerler.org