Gözəl əxlaqlı olmaq üçün nə etmək lazımdır?
İmam Sadiq (ə) gözəl əxlaqın tərifində buyurur: “Xoş əxlaq odur ki, rəftarını mülayim edəsən, sözlərini pakizə edəsən, qardaşınla xoş üzlə görüşəsən”.
İslam dini daima öz davamçılarını rəftar və danışıqda mülayim və xoş olmağa dəvət edir. Kobudluğu və pis rəftarı həmişə məzəmmət etmişdir. Çünki bu yol - insanın müvəffəqiyyət və səadət yoludur.
Bütün İlahi peyğəmbərlər (ə) insanların ürəyini məhz bu yoldan cəzb etmişdilər. Xoş əxlaq, gülər üz, mülayim və ürəyə yatan danışıq - İlahi övliyaların bariz sifətləri olmuşdur. Həzrət Peyğəmbər (s) özü bu sifətlərin ən bariz nümunəsidir. “Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar”. (“Ali-İmran” 159).
Bəs necə edək ki, gözəl əxlaqa malik ola bilək?
1. Gözəl əxlaqın dəyərinə və təsirlərinə diqqət etmək. Bunun ən yaxşı yolu isə gözəl əxlaqa işarə edən hədislər oxumaqdır.
2. İnsanlıq hissini gücləndirmək. İnsan varlığının ən mühüm tərəfi – təbiəti, insanlığı və imanıdır. Başqalarını sevmək, insanlarla sevgi rabitəsi qurmaq insanın inkişaf etməsinə gətirib çıxardar. İmam Əli (ə) buyurur: “Pis əxlaq həyatı çətinləşdirər və nəfsin əzab olmasına səbəb olar”.
3. Gözəl əxlaqı təmrin etmək. Gözəl əxlaqa malik olmağın yollarından biri də təmrindir. Əgər insan özünə söz versə ki, 40 gün rəftrlarına diqqət edəcək və ətrafdakılara qarşı daha mülayim olacaqdır, şübhəsiz ki, müsbət nəticə ala bilər. Bu yolda ən çox yardım edə bilən amil – şad olmaqdır. Salamlaşan zaman təbəssüm etmək, əl vermək, hörmətlə ünsiyyət qurmaq insanların sevgisinə səbəb olar. Ədi ibni Hatəm nəql edir: “Mədinəyə daxil oldum. Həzrət Peyğəmbər (s) məni tanıdı və yerindən qalxdı. Mənim əlimdən tutdu və öz evinə apardı. Mən onun təvazökarlığından heyrətə qərq olmuşdum. Bəyənilən əxlaqı və bütün insanlara göstərdiyi fövqəladə hörməti nəticəsində başa düşdüm ki, o, adi insan deyildir”. Hətta o zaman ki, qəmginsiniz, özünüzü şad kimi göstərməyə çalışın. Çünki İmam Əli (ə) buyurur:“Möminin şadlığı simasındadır və qəmi ürəyində gizlidir”.
4. Zarafatcıl olmaq. İmam Sadiq (ə) bir nəfərə belə buyurur: “Bir-birinizlə zarafat edirsiniz?”. “Az zarafat edirik”. İmam (ə) buyurur: “Bu cür olmasın. Çünki zarafat - xoş əxlaqın nişanəsidir. Zarafat vasitəsilə din qardaşını sevindirirsən. Peyğəmbər (s) kimisə sevindirmək üçün onunla zarafat edərdi”. Lakin bunu nəzərə almaq lazımdır ki, zarafatın da həddi olmalıdır və həddini aşmamalıdır. Zarafat zamanı təhqir və istehzadan qaçmaq lazımdır. İnsanın heysiyyət və vüqarı tapdalanmamalıdır. zuhurdogru.com