İmam Məhdinin (ə.f.) inqilabı üçün hansı şərtlər lazımdır?


İmam Məhdinin (ə.f.) inqilabı üçün dörd şərt lazımdır.

1. Mükəmməl qanun.

Yaxşı bir inqilabın iki proqrama ehtiyacı vardır: 1.Mövcud vəziyyəti aradan qaldırmaq üçün proqram. 2. Cəmiyyətin yaxşı bir vəziyyətə tərəf hərəkət etməsi üçün münasib qanun. Həzrət Məhdi (ə.f.) qiyamı üçün bu şərtlər də lazımdır: hərəkət proqramı. İlk növbədə silahlı hərəkət olacaqdır ki, şirki və küfrü məhv etsin. Daha dəqiq desək, İmam (ə.f.) zühurun əvvəlində insanları imana və İmamətə dəvət edəcəkdir. Əgər kimsə müxaliflik etsə, şirk yoluna davam etmək istəsə, Həzrət (ə.f.) onunla mübarizə aparacaqdır. Bu Qurandan götürülmüş bir yoldur. “Heç bir fitnə qalmayıncaya (şirkin kökü kəsilincəyə) və din və itaət yalnız Allaha məxsus oluncaya qədər onlarla vuruşun”. (“Bəqərə” 193).

İkinici mərhələdə İmam (ə.f.) Allahın kitabına və Peyğəmbərin (s) sünnətinə əsasən rəftar edəcəkdir. Peyğəmbər (s) buyurur: “Onun sünnəti və əxlaqi mənim sünnətimdir. İnsanlar arasında mənim dinimi qaldıracaqdır. Onları Pərvərdigarımın kitabına dəvət edəcəkdir”.

2. Rəhbərlik.

Bir inqilabın meydana gəlməsi üçün lazım olan şərtlərdən biri də agah bir rəhbərə malik olmaqdır. O, hədəfləri və maneələri yaxşı tanımalıdır. Düzgün rəhbərlik ilə inqilabın hərəkətinə başçılıq etməlidir. İmam Məhdinin (ə.f.) böyük inqilabının da bu şərtləri olacaqdır. Bu inqilabın rəhbəri İmamət silsiləsindən olan böyük bir insandır. O, İmamın tərbiyəsini görmüş, Peyğəmbər (s) elminin varisi, Qurana və dini maarifə agahdır.

3. Dostlar.

Bir inqilabın başqa bir şərti isə fədakar tərəfdaşların olmasıdır. Onlar rəhbərlərinin hədəflərini və əqidəsini bilir və həyatlarının sonuna qədər inqilab rəhbərindən əl çəkmirlər. Hər cür fədakarlığa hazırdırlar. İmam Cavad (ə) buyurur: “Səhabələri ona tərəf axışarlar ki, 313 nəfərdirlər. Bədr əhlinin sayı qədər dünyanın müxtəlif yerlərindən bu qədər insan toplaşan zaman Allah onun əmrini zahir edəcəkdir. On min nəfər kamil olan zaman qiyam edəcəkdir”.

4. Ümumi hazırlıq.

Bir inqilabın baş tutmasında lazım olan şərtlərdən biri də insanların bu inqilabı qəbul etməsidir. Əgər insanlar onu istəməslər, o, alınmaz. Buna bariz nümunə Kərbəla qiyamıdır. Çünki bu zaman insanlar istəməmişdi və qiyam da İmamın (ə) şəhadəti ilə sona çatmışdı. İnsanlar gərək o qədər əqli cəhətdən inkişaf etsinlər ki, İmamın (ə.f.) böyük qiyamını qəbul etsinlər.

Qeyd etdiyimiz dörd şərtin ikisi hazırdır. Ancaq üçüncü və dördüncü şərtlər hazırdırmı? Görəsən İmamın (ə.f.) tərəfdaşları kifayət qədərdimi? İnsanlar bu inqlabı qəbul edəcəklərmi?

Zühur zamanı İmam (ə.f.) Məkkədə qiyam edəcəkdir. İnsanları ümumi olaraq dəvət edəcəkdir. İlk növbədə İmamın (ə.f.) qara ordusu adını almış xüsusi tərəfdaşları Məkkəyə gələcəklər. Orada on min nəfərdən ibarət olan qoşun təşkil edəcəklər. Sonra İmamın (ə.f.) qoşunu artacaqdır və müsəlmanlar dəstə-dəstə onlara qoşulacaqdır. Onlar İmamın (ə.f.) rəhbərliyi ilə Mədinəyə tərəf hərəkət edəcəklər. Sonra da Kufəyə tərəf yollanacaqlar. Sonra dünyanı fəth edib, küfrün səngərlərini məhv etməyə çalışacaqlar.

İmam Baqir (ə) buyurur: “Zühur zamanı İmam Məhdi (ə.f.) Kəbəyə hərəkət edən zaman Kəbənin kənarında dünyaya nida edəcəkdir. Zitəvi adlı yerdə özünü 313 nəfər xüsusi dostlarını gözləmək üçün dayanacaqdır ki, onlar gəlsinlər və Həzrətlə bir yerdə Kufəyə yollansınlar”. Ancaq bu tərəfdaşların adları və gələcəkləri şəhərlərin adları zikr edilməmişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter