İmam Sadiq (ə)-ın həyatına bir baxış
İmam Sadiq ələyhis-salamın həyatı haqqında:
Vilayət və İmamətin altıncı parlaq ulduzu İmam Sadiq ələyhis-salam
Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq.
Künyəsi: Əbu Əbdillah.
Atası: Muhəmməd Baqir (əleyhissalam).
Anası: Qasim ibni Muhəmməd ibni Əbu Bəkrin qızı Fatimə (künyəsi Ümmü Fərvə).
Doğulduğu gün: 17 Rəbiül-əvvəl.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 83-cü hicri ili.
Şəhid olduğu gün: 25 şəvval.
Şəhid olduğu il:148-ci hicri ili.
Ömrü: 65 il.
Şəhadətinin səbəbi: Mənsur Dəvaniqi o Həzrəti zəhərləmişdir.
Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığı.
Övladlarının sayı: 10 (7 oğlan, 3 qız)
Oğlanları:
1. İsmail.
2. Əbdüllahi Əftəh.
3. Musayi Kazim (əleyhissalam).
4. İshaq.
5. Muhəmməd Dibac.
6. Əbbas.
7. Əli.
Qızları:
1. Fatimə.
2. Əsma.
3. Ümmü-Fərvə.
Üzüyündəki yazı: “Əllahu Xaliqu kulli şəyin” (Allah hər bir şeyin xaliqidir).
Həyatına qısa baxış!
İmam Cəfər (ə) əziz Peyğəmbərimizin (s) vəfatından təxminən yetmiş il sonra, hicrətin 83-cü ili Peyğəmbərin (s) dünyaya gəldiyi gün müqəddəs Mədinə şəhərində İmam Baqirin (ə) və xanım Ümmü-Fərvənin ailəsində dünyaya göz açıb. Onun atası İmam Hüseynin (ə), anası isə İmam Həsənin (ə) nəslindən idilər. Hicrətin 114-cü ilində 31 yaşında ikən atasının zəhərləndirilməsindən sonra İmamət məqamına yetişmişdi. İmam Mühəmməd Baqirin (ə) dövründə Əməvi və Abbasi sülalələri arasında başlayan hakimiyyət davası İmam Sadiq (ə) dövründə də davam edirdi. Bu ədavət sayəsində xilafət daxilində şiələrə qarşı təqiblərin xeyli zəifləməsindən istifadə edən hər iki İmam (ə) İslam maarifinin yayılmasına xüsusi diqqət yetirmişlər. Məhz İmam Baqirin (ə) dövründə başlayan pərakəndə dini biliklərin elmi konsepsiya formasına salınması prosesi İmam Sadiqin (ə) dövründə başa çatmışdı. Hər iki İmamdan nəql olunan hədislər sayca Rəsuli-Əkrəm (s) və digər on İmamdan nəql olunan hədislərdən çoxdur.
Ümumiyyətlə, İslam firqələrinin formalaşması bu dövrə təsadüf edir. İmam Cəfər Sadiqin (ə) müxtəlif firqə (istər islami, istərsə də qeyri) nümayəndələri ilə bəhsləri bu gündə əlimizdə olan ən qiymətli elm əsərləri hesab olunur. İmamın (ə) ən məşhur yadigarı isə “Tohidi Müfəzzəl” risaləsidir. Belə ki, İmamın (ə) Müfəzzəl ibn Ömər adlı tələbəsi onun dörd gün ərzində oxuduğu yaradılış tarixi və fəlsəfəsi barədə mühazirələrini qələmə almış və kitab şəkilinə salmışdır.
İmam Cəfər Sadiqin (ə) məşhur tələbələrindən biri əbu Musa Cabir ibn Həyyan Tərtusidir. O, beş yüz risalədən ibarət kitab yazmışdır. Cabirin kimya sahəsində araşdırmaları orta əsrlərdə Avropada kimya sahəsində əsas mənbələrdən biri hesab olunub və bu gün də alimlərin diqqətini cəlb etməkdə davam edir.
İmam Sadiqin (ə) yetişdirdiyi ən üstün tələbəsi isə Hişam ibn Həkəm olub. Hişam Haqq axtarışına uzun zaman həsr etmiş, ancaq mövcud məktəblərdə öz suallarının cavabını tapmayaraq İmam Sadiqlə (ə) görüşmüşdü. Bir neçə bəhsdən sonra o, Həzrət Cəfər Sadiqin İmamətini qəbul etmiş və ömrünün sonuna qədər özünü Əhli-Beyt(ə) məktəbinə həsr etmişdir. Hişamın Tohid, Qəzavu-qədər, İmamət və s. mövzularda otuza yaxın əsəri dövrümüzə qədər gəlib çatıb.
İmamın həyatında iki əsas tarixi incəliklər:
1-Qeyd olunmalıdır ki, İmam Sadiq (ə) digər İmamlarımız (ə) kimi zaman-zaman müxtəlif qiyamçılar tərəfindən hakimiyyət təklifi almışlar. Ancaq xilafət əhalisinin əksəriyyətinin həqiqətən də İslam dəyərlərinə arxalanan cəmiyyətdə və Əhli-Beyt(ə) İmamlarının rəhbərliyi altında yaşamaq istəməsi şübhə altında idi. İmam (ə) da bu səbəbdən bu cür təkliflərdən imtina etmişdi. Çünki həqiqi İslam hökuməti yalnız bütün xalqın razılığı və dəstəyi ilə qurula bilərdi. İmamın (ə) dövründə əsasən iki məşhur qiyamı – Zeydin və Abbasilərin qiyamını xüsusi qeyd etmək olar.
2İmam Sadiq (ə) öz tərəfdarlarını həmişə təhriflərdən pak bir İslama dəvət edirdi. Bu da xilafətin mövqeyini dəstəkləyən fəqihlərin, qondarma müftilərin və eləcə də onların arxasında duran hakimlərin etirazına səbəb olurdu. Çünki həqiqi İslam onların təbliğ etdiyi və faydalandığı dindən uzaqdır və camaatı öz haqlarını tələb etməyə təşfiq edirdi. Odur ki, İmam Sadiq (ə)-ın qoyduğu dərslər bir cəhətdən də hakim təbəqənin ideoloji prinsip- lərinin sarsılmasına yönəlmişdi. İmamın (ə) ictimai fəaliyyətinin tərkib hissəsi olan digər cəhət isə xilafətin müxtəlif bölgələrinətəbliğməqsədilə nümayəndələr göndərməsi idi.
İmam Sadiq (ə) həyatı boyu təzyiq və təqiblərə məruz qalıb. Hələ atasının sağlığında Əməvi xəlifəsi Hişamın əmri ilə Həzrət Dəməşqə sürgün olunmuşdu. Daha sonra Abbasi xəlifələri Səffah və Mənsurun əmri ilə İmam (ə) iki dəfə sürgünə göndərilmişdi. O, Mədinəyə qayıtdıqdan sonra təqiyyə (öz əqidəsini gizlətmək) edərək yaşamışdır. Hicrətin 148-ci ilində (təqribən miladi 77-ci il) 65 yaşında ikən İmam Sadiq (ə) xəlifə Mənsurun təhriki ilə zəhərləndirilərək şəhid edilmişdir. İmamın mübarək məzarı Mədinədə, Bəqi qəbiristanlığında yerləşir.