Ər razı olmadığı halda qadın namaz qıla bilərmi?
Vacib (fərz) ibadətləri yerinə yetirmək üçün kiminsə razılığı və narazılığı şərt deyil.
Bu, Allahın əmridir və insan ən əsası Allahın tapşırığını yerinə yetirməlidir. Yetkinlik yaşına çatmayan uşaq öz valideyninə, qadın da ərinə itaət etməlidir. Amma əgər bunlar Allahın buyurduğunun əksinə onu məcbur edirlərsə, yəni vacib (fərz) olan ibadəti icra etməyə mane olur və ya haram bir işi görməyə məcbur edirlərsə, bu məsələdə onlara itaət etmək lazım deyil.
Başqa işlərdə (Allahın buyruqlarına zidd olmayan məsələlərdə) yenə onlara tabe olmaq və onlarla hesablaşmaq lazımdır.
Suala gəlincə, ər öz arvadına gündəlik fərz namazları qılmağı qadağan edə bilməz. Bunu etsə böyük günah qazanar. Qadın bu halda hər mümkün vasitə ilə onu razı salmağa çalışmalıdır. Namazın vacib olduğunu, qılmazsa böyük günah qazanacağını, hər ikisinin Allahın qəzəbinə tuş gələcəyini söyləməlidir. Bunları sözü keçən başqa bir adam vasitəsilə də ərinə çatdıra bilər. Bu zaman kobudluq etmək, həddi aşmaq məsləhət deyil. Amma əgər ər yenə razı olmasa, qadın ondan gizlicə vacib (fərz) namazları qıla bilər. Aşkar şəkildə qılmaq mümkün olmasa, heç olmasa, işarə ilə qılsın.
Amma müstəhəb namaz qılmaq, müstəhəb oruc tutmaq və ümumiyyətlə, hər hansı müstəhəb ibadəti etmək üçün qadın öz ərindən mütləq icazə və razılıq almalıdır; əri razı olmazsa, qadın bunları etməməlidir. Bu halda heç bir günah qazanmaz və edə bilmədiyi ibadətlərin savabını da inşallah Allah ona bağışlayar. Milli.Az