Nə üçün imam Hüseyn (ə) Yezidin hakimiyyətini İslamın fatihəsi (sonu) kimi tanıtdırdı?
İmam Hüseyn (ə) irtica təhlükəsi barədə xəbər verirdi. Həmin vaxt müsəlmanlar üçün ən böyük təhlükə şirk, bütpərəstlik və cahiliyyətə qayıdış idi. Bəni-üməyyə irticası İslam ayinlərini, dini şüarları təhqir edirdi.
İslam dünyası, xüsusi ilə böyük dini şəxsiyyətlərin yaşadığı Məkkə, Mədinə, Kufə, Bəsrə kimi şəhərlər səsini udmuş, ölüm sükutuna qərq olmuşdular. İbn Ziyad, Müğeyrə kimi zalım hakimlər günahsız insanları qətlə yetirir, müsəlmanların əqidəsini təhqir edirdilər. Əməvilər İslam mənəviyyatını, dindar təbəqələri əzir, xalqın ehtiramını qazanmış din alimlərini sıxıntıda saxlayırdılar.
Mənbələrdə oxuyuruq: \"İslam mütəfəkkirlərinə məlumdur ki, Bəni-üməyyə fəsad mənbəyi olmuş, təbiətən bütün mərasimləri və boyaları ilə cahiliyyət əsrini diriltmişlər.\" (Sümuvvəl-məna\" səh.28)
Başqa bir mənbədə bildirilir: \"Hüseyn (ə) ona görə həmin qövmə üz tutdu ki, şəriətin məhv olduğunu görürdü. O, şəriətin dayaqlarını möhkəmləndirmək üçün çalışırdı.\" (\"Təzkirətül-xəvas\" səh 283)
Əgər Yezid Bəni-üməyyənin xain planlarının icrasına başlasaydı, atası Müaviyənin istədiyi kimi, azan, tövhid və risalətə şəhadət tərk olunar, İslamdan quru ad qalardı. Əgər Yezid xilafəti cəmiyyətdə ciddi müqavimətlərlə qarşılaşmasaydı, Peyğəmbərin (s) həqiqi canişini kimi qəbul olunar, İslam məmləkəti günah, qumar, şərab, ğina, rəqs mərkəzinə çevrilərdi. Çünki bütün cəmiyyətlərdə insanlar öz başçılarını nümunə götürür, onlar kimi yaşamağa çalışırlar.
Bəli, İslamın hifzi, Bəni-üməyyə başçılarının hiyləgər simasının açılması üçün qiyam baş verməli idi. Bundan əlavə, xalqın dini hissləri oyandırılmalı, insanlar əməviləri din düşməni kimi tanımalı idilər. Demək, İmam Hüseynin (ə) qiyamının məqsədi Bəni-üməyyə maskasını yırtmaq və xalqın dini hisslərini oyatmaq olmuşdur.
Düşmənin amansızlığı İmamın (ə) cihadının qarşısını ala bilmədi. Çünki bu mücahid, Allah əmri ilə ayağa qalxdığından zahiri məğlubiyyətdən çəkinmirdi. Zahiri məğlubiyyət də, qələbə də İmam üçün şərafət idi. (\"Tövbə\" 52)
İmam Hüseyn (ə) Allah yolunda, həqiqət naminə şəhid oldu. Onu qətlə yetirənlər Allahın, mələklərin və xalqın lənətini qazandılar. Zahirən məğlub olmuş İmam Allah yanında ən ali dərəcəyə çatdı. (nardaranpiri.com)