İmamlardan imamət məqamı haqqında bir hədis qeyd edin?
8-ci islam rəhbəri İmam Riza (ə)–ın İmamətin yüksək məqamı və xüsusiyyətləri barəsində bəyan etdiyi kəlamı qeyd edək:
«Onlar (ki, İmamət məsələsində ixtilaf edərək İmamətin seçki yolu ilə olmasına inanandılar) nadanlıq etdilər...
Məgər camaat İmamətin ümmət arasındakı məqam və mənzilətini bilirlərmi ki, onların öz ixtiyarlarına həvalə edilmiş olsun?!
Həqiqətən İmamətin qədir qiyməti o qədər yüksək və o qədər böyük, mənziləti o qədər ali, məqamı o qədər uca, ənginliyi o qədər əlçatmazdır ki, camaat öz əqli ilə ona çata, öz rə`yləri ilə onu dərk edə bilməzlər...
Həqiqətən İmamət elə bir məqamdır ki, Allah təala nübüvvət və xüllət məqamından sonra üçüncü mərhələdə onu İbrahim (ə)-ə məxsus etmişdir...
İmamət Allahın və Peyğəmbəri Əkrəmin xilafəti, Əmirəl-mö`mininin məqamı, Həsən və Hüseynin mirasıdır. Həqiqətən İmamət dinin rəhbərliyi, müsəlmanların (ictimai) quruluşunun qalıb davam etməsi, mö`minlərin dünyalarının islah olunması və izzətə çatmaları səbəbidir... Namazın, orucun, həccin, cihadın kamil olması... Eləcə də sərhədlərin qorunub-saxlanması İmamın vasitəsi (və vilayət maqamının qəbul edilməsi) ilədir. İmam Allahın halalını halal, haramını haram edir (Allahın gerçək höümlərinə müvafiq olaraq hökm verir), ilahi həddi-hüdudu bərqərar edir, Allahın dinini himayə edir, hikmət və gözəl möv`izələrlə, dolğun (insanı hədəfə çatdıran) dəlillərlə insanları Allahın yoluna də`vət edir.
İmam üfiqdəki günəş kimi nur saçır, onun nurnu bütün aləmləri əhatə edir, özü də elə bir vəziyyətdədir ki, əllər və gözlər onu (dərk etməyə) qabil deyildir. İmam parlaq işıq saçan çıraq, parlayan bir nur, yol göstərən bir ulduz kimidir ki, zülmətli qaranlıqlarda, şəhərlərin yollarında, səhralarda, bataqlıqlarda və dəryalarda (insanları müxtəlif fitnələrdən və nadanlıqlardan) xilas edəndir...
İmam insanla yanaşı olan munis, mehriban ata, doğma qardaş, körpə övladına nəvaziş edən ana, bəndələrin böyük müsibətlərdə sıcınacağıdır. İmam günahlardan pak-pakizə, eyblərdən uzaqdır. O özünün məxsus elmi, təqvası və helmi ilə tanınır... İmam özünün dövründə yeganə bir şəxsdir və) heç bir şəxs onun məqamına yaxınlaşa və heç bir alim onunla müqayisə oluna bilməz. Nə bir kəs onun yerini tuta (onu əvəz edə) bilər, nə də onun üçün bir oxşar və tay tapıla bilər... Belə isə, körəsən kim İmamı tanıya bilər, yaxud İmamı seçmək kim üçün mümkün ola bilər?! Çox uzaqdır, heyhat! Burada əqilər heyran və sərgərdan qalır. Burada gözlərin nuru gedir, böyüklər kiçilir, hikmət sahibləri heyrətə düşür... İmamın fəzilət və xüsusiyyətlərindən (hətta) birini (belə) təqdim etməkdə elm sahibləri aciz qalmış hamılıqla özlərinin acizlik və bacarıqsızlıqlarını e`tiraf etmişlər!»
Kafi, 1-ci cild, 15 bab, 1-ci hədis, səh. 255