Qurban bayramının hökümlərindən yazın?


Qurban bayramı ərəfəsindəyik. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramının təqribən 3000 ildən çox tarixi vardır.Həzrəti İbrahim Peyğəmbərin (s) öz oğlu İsmayılı Allah yolunda qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim Peyğəmbərin sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir. Həzrəti İbrahim Peyğəmbər tərəddüd etmədən bu tələbi yerinə yetrərkən Allahın göndərdiyi mələk Cəbrail göydən yerə enərək onun əlini saxlayır. Mələk Allahın ondan razı qaldığını bildirir və İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Din tarixində dərin iz salmış bu hadisə Allahın inamın, dərin etiqadın nümunəsidir. Həmin vaxtdan müsəlmanlar hər il ev heyvanlarından birini Allah yolunda kəsib, ona öz itaətkarlıqlarını bildirirlər.

Qurban bayramında Qurban kəsmək bütün müsəlmanlar üçün müstəhəbb, Məkkədə Həcc ziyarətində olan Hacılar üçün isə vacibdir.

Dünya müsəlmanları arasında olduğu kimi, Azərbaycanda da yaşayan müsəlman xalqlar bu bayramı möhtəşəm qeyd edirlər. Baryam axşamı gözəl süfrələr açır, ölənlərin ruhuna yasin və dualar oxuyurlar.

Bayram günü yəni, zilhiccə ayının 10-cu günü məscidlərə getmək və cəmiyyət halında bayram namazı qılmaq çox böyük savabdır.

İndi isə Qurban günü kəsilən heyvanlar haqqında müqəddəs şəriətimizin buyurduqlarını sizə çatdırıq.

Kəsilən heyvanın şərtləri:

1) Əgər kəsilən qurbanlıq qoyundursa yeddi aylıqdan yuxarı, inəkdirsə bir ili tamamlayıb ikinci ilə daxil olmuş olsun.

2) Qurbanlıq heyvan nöqsansız və sağlam olsun. Buna əsasən, bir gözü kor, axsaq, buynuzu içəridən sınmış, qulağı kəsik, axta olunmuş, quyruğu kəsik, qocalıq yaxud digər səbəbdən dişlərini tökmüş və xəstə heyvanları qurban kəsmək kifayət etmir.

3) Arıq olmasın.

Qurbanlıq ətini bölmək və paylamaq vacibdir. Qurban payları bərabər çəkidə olmaya da bilər.

Heyvanın başının kəsilməsində yeddi şərt vardır.

1) Heyvanın başını kəsən şəxs müsəlman olmalıdır.

Nasibi, xəvaric və ğəllat kimi kafir hökmündə olan firqələrdən olmasın. Əgər bu təriqətdən olanlar heyvanın başını kəssələr o heyvan halal olmur.

2) Heyvanın başını kəsən kəsici alət dəmirdən olmalıdır. Stil bıçaqlarla kəsmək vacib ehtiyata əsasən kifayət deyil. Amma əgər dəmir alət tapılmasa şüşə və daş kimi dörd damarı kəsəcək iti bir şeylə onun başını kəsə bilərlər.

3) Heyvan başı kəsilən zaman üzü qibləyə olsun.

4) Heyvanın başını kəsən zaman Allahın adını zikr etsinlər. Təkcə “Bismillah” yaxud “Allahu Əkbər” desə kifayətdir.

5) Heyvan başı kəsiləndən sonra can vermiş olsun.

6) Heyvanın başı kəsiləndən sonra məmuli qayda da qan axmış olsun. Bəs əgər qan damarlarında bağlanıb çölə gəlməsə və ya çölə gələn qan o heyvana nisbətdə çox az olsa o heyvan halal deyil.

7) Boğazın kəsilməsi kəsmək qəsdi ilə olmalıdır. Bəs əgər bıçaq bir kəsən əlindən düşsə və heyvanın başı istəmədən kəsilsə halal olmur.

Yuxarıda sadalanan şərtlərə riayət etmək hər bir müsəlmanın şəri vəzifəsidir.

Qısa da olsa Qurbanlıq haqqında bir neçə məsələni siz əziz oxucuların nəzərinə çatdırdıq.

Allah qurbanlarınızı qəbul etsin. Amin.
http://ceferiler.com


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter