Müsəlmanların tarixi nə vaxtdan başlanmışdır?
Tarix yazmaq və tarixi hadisələrin baş vermə zamanını bilmək üçün bir tarixi başlanğıc və meyar lazımdır. Hər hansı bir tarixi hadisəni qələmə almaq istədiyimiz vaxt onun mühüm müqəddimələrindən biri tarixi başlanğıcın varlığıdır ki, sözügedən hadisənin hansı zaman hüdudlarında baş verdiyini bilək. Misal üçün, həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in təvəllüd tarixini bəyan etmək istədikdə mütləq onun təvəllüdünü tarixin bir hissəsi ilə müqayisə etməliyik. Məsələn, deyirik ki, o həzrət Fil ilində Rəbiul-əvvəl ayının 17-də dünyaya gəlmişdir. Bu tarixi hadisəni bəyan etmək məqamında (Əbrəhə ordusunun Kəbədə məğlub olduğu) Fil ili adlı bir tarixi başlanğıcdan istifadə etməyə məcburuq.
Deməli, ictimai həyat və əlaqələrin zərurətindən biri də bu kimi əlaqələrdə tarixdən istifadə olunmasıdır. Peyğəmbərin besətindən sonra bir müddət islamın coğrafi sərhədləri Ərəbistan yarımadasının bir hissəsinə şamil idi. Müsəlmanların əlaqələrinin məhdud, habelə ümumi və mühüm hadisələrin az olmasına görə tarixi olmaması zamanı bilmək və hadisələrin baş vermə vaxtlarını bir-biri ilə müqayisə etmək məqamında heç bir problem yaranmırdı. İslamdan qabaq Ərəbistan yarımadasında tarixin başlanğıcı müxtəlif nəsillərdə bir-birindən fərqlənirdi. Misal üçün, Əbrəhənin Kəbəni dağıtmaq üçün qoşun yürütdüyü və məğlub olduğu bu mühüm hadisədən zamanın ölçülməsində mühüm bir tarix kimi istifadə olunurdu.[1]
Qeyd olunan səbəblərə görə İslamın zühuru zamanı və ondan bir müddət sonraya qədər müsəlmanlar üçün dəqiq bir tarix yox idi, bəzi hallarda elə Fil ilindən istifadə edirdilər. Lakin xəlifələrin dövründə islam ölkələrinin sərhədləri genişləndi, böyük islam ölkəsinin idarə olunması üçün hökumət fərmanları və idarəçilik sistemi təşkil edildi, rəsmi dövlət sənədlərinin, məktubların və s. tənzim olunması üçün tarixin başlanğıcı zəruri bir məsələyə çevrildi.
Tarix kitablarının nəqlinə əsasən Əbu Musa Əşəri ikinci xəlifəyə məktub yazaraq hökumət məktublarında tarixin olmamasından şikayət edirdi. O yazdı: “Ey xəlifə! Səndən bizə məktub gəlir, amma onun tarixi yoxdur!”[2]
İkinci xəlifə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hicrətindən sonra on altıncı,[3] yaxud on yeddinci və ya on səkkizinci[4] ildə Peyğəmbər səhabələrini dəvət etdi ki, bu problem barəsində onlarla məşvərət etsin. Bu yığıncaqda bəziləri dedilər ki, “tarixi farslar kimi hesab edək, yəni tarixi hadisələri padşahların səltənət tarixi ilə müqayisə edək. Məsələn deyək ki, filan hadisə filan padşahın hakimiyyəti dövründə baş vermişdir.” Bəzilər dedilər: “Roma əhalisi kimi tarixi hadisələri makedoniyalı İsgəndərin səltənəti ilə müqayisə edək.” Bu nəzəriyyələr yığıncaqda rədd olundu.
Başqaları tarixin əvvəli üçün Peyğəmbərin təvəllüdünü, bəziləri o həzrətin besətini, başqa bir qrup isə onun vəfatını tarixin başlanğıcı seçilməsini təklif etdilər. Amma bu nəzəriyyələrin hamısı şura tərəfindən rədd edildi.
Yəqubinin[5] (vəfat tarixi: 292), Təbərinin[6] (vəfat tarixi: 310), Məsudinin[7] (vəfat tarixi: 346), İbni Əsirin,[8] (vəfat tarixi: 630) və Zəhəbinin[9] (vəfat tarixi: 748) aşkar dediyinə görə ikinci xəlifə İmam Əli (əleyhis-salam) ilə məşvərət etdi. Bu yığıncaqda o həzrət təklif etdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Məkkədən Mədinəyə hicrəti müsəlman tarixinin başlanğıcı olsun. Bu nəzər həm xəlifə, həm də müsəlmanlar tərəfindən qəbul edildi və bütün hökumət idarələrinə elan edildi.
Bundan sonra bütün mühüm islami hadisələr, o cümlədən Peyğəmbərin cihadları, habelə o həzrətin hicrətindən sonra baş verən hadisələr bu tarixlə qeyd olunmağa başladı.
[1] Təbəri, Məhəmməd ibni Cərir, “Tarixi-Təbəri”, 2-ci cild, səh. 292: “Darut-turas”, Beyrut, 1387-ci qəməri il
[2] Miskəveyh, Əhməd ibni Məhəmməd, “Təcaribul-üməm”, 1-ci cild, səh. 413, “Suruş” nəşriyyatı, Tehran, 1379-cu şəmsi il.
[3] Zəhəbi, Məhəmməd ibni Əhməd, “Tarixul-islam”, 3-cü cild, səh. 16, “Darul-kitabil-ərəbi”, Beyrut, 1413-cü qəməri il
[4] İbni Kəsir Dəməşqi, İmadud-din, “Əl-bidayətu vən-nihayə”, 3-cü cild, səh. 207, “Darul-fikir”, Beyrut, 1407-ci qəməri il
[5] Yəqubi, Əhməd ibni Əbi Yəqub, “Tarixi Yəqubi”, 2-ci cild, səh. 145, “Darus-sadir”, Beyrut, bi. ta
[6] “Tarixi Təbəri”, 4-cü cild, səh. 38 və 39
[7] Məsudi, Əli ibni Hüseyn , “Murucuz-zəhəb”, 4-cü cild, səh. 300, “Darul-hicrət”, Qum, 1409-cu qəməri il
[8] İbni Əsir, Əli ibni Əbu Kərəm, “Əl-kamilu fit-tarix”, 1-ci cild, səh. 11, “Darus-sadir”, Beyrut, bi. ta
[9] “Tarixi İslam”, 3-cü cild, səh. 163 islamquest.net