Xoşbəxtliyə çatmağın ən mühüm yolu hansıdır?


Xoşbəxtliyə çatmağın yolu çoxdur. Ancaq bu yollardan biri elə bir yoldur ki, onda heç bir zaman peşman olmazsınız. Bu, elə bir yoldur ki, hər addımı dəyərlidir. Hər bir addımında böyük xeyir vardır. (Tebyan)
İnsanın xoşbəxtliyə çatmağının ən mühüm yolu - özünü tanıması və özünü tərbiyə etməsidir. Özünü tərbiyə etmək üçün özünü tanımaq lazımdır. İnsan əgər özünü tanıyarsa, Allahını da tanıyar. Əgər Allahı tanıyırıqsa, deməli real xoşbəxtliyə çata bilərik.
Əvvəl bu dünyaya gəlişimizin hədəfini öyrənməliyik? Allah Təala Quranda buyurur: “Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. (“Zariyat” 56).
Bu ayə xilqətin hədəfini bizə açıqlayır. Ancaq ibadət yalnız namaz qılmaq, oruc tutmaq və məscidə gedib-gəlmək deyildir. Namaz və oruc - ibadətin bir hissəsidir. Həqiqi ibadət odur ki, insan başqalarını da düşünsün.
Ramazan ayı bunun üçün yaxşı fürsətdir ki, insan özü haqqında düşünsün. Baxsın görsün şəxsiyyəti necədir və necə bir insandır. Quranın buyurduğu yolda nə qədər addımlaya bilmişdir. İnsan özünü tanıyandan sonra özünü tərbiyə və islah etməyi bacarar.
Allah Təala insan üçün Özünə yaxınlaşmağın xüsusi zaman və məkanlarını qərar vermişdir. İnsan bu zamanlarda Allaha daha yaxın olar. Bu zamanlardan biri də Qədr gecələridir. Mübarək Ramazan ayının əməllərinə əməl etmək: ibadət etmək, Quran oxumaq, özünü günahdan qorumaq, Qədr gecəsinin əhyalarında oyaq qalmaq insanı özünə qaytarar və mənliyini dərk edər. Hər kim özünü tanıyar, Allahını tanıyar. İnsan özünü axtararsa, Allahın yanında özünü tapar. Ramazan ayı özümüzü tapmaq üçün yaxşı fürsətdir. Ona görə də Allah bəndələrini qonaq edir ki, bu İlahi ziyafətdə Ona diqqət edərək özlərini tapsınlar.
Özünü tərbiyə etmək odur ki, Allah istəyən kimi olmaq. Yəni, özümüzü elə islah edək ki, Allah istəyən kimi olaq. Əgər təbiətimiz təkəbbür və lovğalanmağa adət edibsə, gərək nəfsimizi tərbiyə edək. Təvazökarlığa öyrədək. Əgər təbiətimiz paxıl və həsədə adət edibsə və meyl edirsə, onu islah edək və tərbiyə edək. Çünki bu sifət Allahın bəyənmədiyi və nifrət etdiyi bir sifətdir. Ona görə də bu sifətdən əl çəkib təvazökar və ürəyiaçıq olmağı öyrənməliyik. Xülasə, pis sifətləri ürəyimizdən silib, yaxşı sifətlərə bürüyək. Ürəyimizi Allahın məkruh bildiyi işlərdən saxlayaq və pak edək.
Özümüzə xoş əxlaqı və mülayimliyi adət etdirək. Yaxşı əməl sahibləri ilə yoldaş olaq və onlarla oturub-duraq. Hər nə bizi Allaha yaxınlaşdırarsa, ona üz çevirək. İffətə, insanlara yardım etməyə üz çevirək. Səbirli olaq və İlahi əmrlərə təslim olaq.
Ruh və ağlımızın təkamülünə tərəf addım ataq. Əməl və təqva qanadları ilə izzət və əzəmət məqamına uçaq. Keçici ləzzətlərə uymayaq və əbədi behişti istəyək.
Əgər nəfsimizin yüyənini əlimizə ala bilsək, Siratül-müstəqim yoluna çıxa bilərik. Özümüzü Allahın bəyənmədiyi işlərdən saxlayarıq. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter