Quranın hansı surələrini oxumaqla ruzi artır?


Ruzinin artıb azalması Allahın əlindədir. “Həqiqətən sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar”. (“İsra” 30).
“Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur”. (“Nəcm” 39).
“Məgər sənin Rəbbinin (peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi) mərhəmətini onlar bölüşdürürlər (ki, istədiklərinə versinlər)?! Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük”. (“Zuxruf” 32).
Bəli, Allah hər kəsin ruzisini verər. Lakin bəzisinin ruzisini bəzi əməllərinə görə az verər və bəzilərininkini isə əməllərinə görə çox verər. Bəzilərini imtahana çəkmək üçün ruzini çox verər və bəzilərini imtahan çəkmək üçün az verər.
Hədislərimiz ruzini artırmaq üçün bu surələri oxumağı tövsiyə edir.
1. “Vaqiə” surəsi. İmam Sadiq (ə) buyurur: “Hər kim hər gecə “Vaqiə” surəsini oxuyarsa, dünyada çətinlik, bəla, yoxsulluq və ehtiyac görməz. Həzrət Əlinin (ə) dostlarından olar”.
2. “Huməzə” surəsi. İmam Sadiq (ə) buyurur: “Hər kim “Huməzə” surəsini vacib namazda oxuyarsa, yoxsulluq ondan uzaq olar və ruzi ona üz çevirər”.
3. “Ləyl” surəsi. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Ləyl” surəsini oxuyarsa, Allah ona o qədər əta edər ki, razı olar, onu çətinliyə salmaz”.
4. “Muzəmmil” surəsi. Peyğəmbər (s) buyurur: “Hər kim “Muzəmmil” surəsini oxuyarsa, dünya və axirətdə çətinlik ondan götürülər”.
5. “Zariyat surəsi”. İmam Sadiq (ə) buyurur: “Hər kim “Zariyat” surəsini gecə və ya gündüz oxuyarsa, Allah həyat vəziyyətini islah edər və ona çoxlu ruzi verər”.
6. “Mumtəhənə” surəsi. İmam Səccad (ə) buyurur: “Hər kim “Mumtəhənə” surəsini vacib və müstəhəb namazlarda oxuyarsa, yoxsulluq və dəlilik ondan və övladlarından uzaq olar”.
7. “Nəcm” və “İbrahim” surəsi də ruzinin artması üçün tövsiyə olunur.
Əlbəttə, bunu qeyd etmək lazımdır ki, ruzi qazanmaq üçün səy etmək lazımdır. Ticarət və başqa sahələrdə elm öyrənmək və məsləhətləşmək ruzinin artmasına yardım edər. Gecə namazı qılmaq da ruzinin artmasına səbəb olar. (Tebyan) Deyerler.org
(Bunu da qeyd edək ki, hədislərin tövsiyələrinə diqqət etməklə ruzilərimizin halal və bərəkətli olmasına kömək edə bilərik ki, halal ruzi insanın xoşbəxtlik simvoludur).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter