Unutqanlığın 3 təhlükəli forması necə baş verir?
Quran ayələrində və hədislərdə özünü unutmaq ən pis rəzil sifət kimi tanıdılmışdır. Bəs özünü unutmaq nə deməkdir? Məgər bu mümkündürmü ki, insan özünü unutsun? O, hərəkətdədir və məqsədinə çatmağa çalışır. (Tebyan)
Quran üç halda insanın özünü unutmasını pisləyir və onu insana ziyan vuran bəla kimi tanıdır.
Günahları unutmaq.
Günahı unutmağın gətirdiyi ilk bəla odur ki, insan rahat şəkildə keçmiş günahlarını təkrar edir. Tövbə etmək və cubran etməyi heç düşünmür. Quran bu haqda buyurur: “Kim Rəbbinin nişanələri ilə öyüd verildikdən sonra onlardan üz döndərən və özünün əvvəlcə əldə etdiklərini unudan şəxsdən daha zalımdır?! Həqiqətən Biz, anlamamaları üçün onların qəlbləri üzərinə (daşürəklilik və bədbəxtlik) örtüklər(i) çəkdik və (batini) qulaqlarında bir ağırlıq qoyduq”. (“Kəhf” 57).
Allah Təala onların əvvəllər gördüyü əmələ görə hiss və dərk qüvvəsini onlardan almışdır. Bu cəza onların günahlarının birbaşa təsirinə görədir. Günahı unutmaq onlara necə də ağır ziyan vurmuşdir!
Allahı unutmaq.
Bu unutqanlıq günahı unutmaqdan da ziyanlıdır. Əgər insan Allahı unutsa, maddi məsələlərə üz çevirər. Nəticədə ona ziyandan başqa heç nə nəsib olmaz. Allahı unutmaq və Onun insan qəlbində qaib olması səbəb olar ki, bütün heyvani sifətləri üzə çıxsın. Quran bu haqda buyurur: “Sonra, Öz tərəfindən ona (həmin çətinlikdən nicat və sairə kimi) bir nemət əta edən zaman, keçmişdə, səbəbindən Allahı çağırdığı şeyi unudar və (yenidən insanları) Allahın yolundan azdırmaq üçün Ona (bütlərdən və sairədən) şəriklər qoşar. De: «Bir müddət öz küfründən bəhrələn ki, mütləq od əhlindən olacaqsan”. (“Zumər” 8).
Özünü unutmaq.
İnsanların bəzisi İlahi ayələri, peyğəmbərləri (ə), Məsumları (ə) unudurlar. Özlərini də unutmuş olurlar. Bu, ən pis unutqanlıqdır ki, hələ dünyada olan zaman ətəklərini alovlandırar. Quran buyurur: “(Allah) buyurar: Sənə Bizim aydın ayə və nişanələrimiz gəldi, amma sən (bu gün kor olduğun və unudulduğun kimi) onları unutdun. Sən bu gün də (kor olacaq və) unudulacaqsan!”. (“Taha” 126).
Başqa bir ayədə isə buyurur: “De: «Şübhəsiz, (əsl) ziyana uğramış kəslər Qiyamətdə özlərini və ailələrini ziyana uğratmış kəslərdir. Bilin ki, həmin açıq-aşkar ziyan budur”. (“Zumər” 15). Yəni, o kəs ki, malını ziyana uğradar həqiqi ziyan çəkən olmaz. Həqiqi ziyan çəkən o kəsdir ki, özünə ziyan vurmuşdur.
İnsan bəzən elə bir hala düşür ki, özündən uzaqlaşmaq istəyir. İmam Əlinin (ə) dərin bir kəlamı vardır ki, buyurur: “Təəccüb edirəm o kəsə görə ki, itirdiyini axtarır, halbuki özünü itirmişdir və onu axtarmır”. Özünü unutmaq əslində təkamül yolunu azmaq deməkdir. İnsan o zaman ki, yanlış hədəfə tərəf gedər, əslində həmin hədəfi təkamül yolu sandığı üçün ona tərəf hərəkət edər. Yəni, həqiqi mənliyini itirər. Nəticədə insanın mahiyyəti dəyişər və həmin şeyə çevrilməyə başlayar. Yəni, insan hər nəyi sevər və əlaqə bəsləyərsə mahiyyəti də həmin şeyə çevrilər və onunla məşhur olar.
Xorasan əhlindən olan biri böyük zəhmətlə İmam Baqirin (ə) xidmətinə gəlir və piyada gəldiyinə görə ayaqqabısı cırılmışdı. Ayağı parçalanmış və qabar bağlamışdı. Allaha şükür edərək böyük şövqlə İmamın (ə) yanına gəlir və ayaqalarını Həzrətə (ə) göstərir. Deyir: “Ya ibn Rəsulallah! Məni Xorasandan buraya yalnız siz Əhli-beytin (ə) məhəbbəti piyada gətirmişdir”. İmam (ə) ona buyurdu: “Hər kəs hər nəyi sevər, həqiqəti həmin şey olar və onunla məhşur olar”.
Ona görə də hər birimiz həyatda nəyi seviriksə və nəyə əlaqə bəsləyiriksə, mahiyyətimiz də o cür olur və Qiyamət günü onunla məhşur olarıq. Unutqanlıqlarımızı kənara qoyaq və qəflətdən ayılaq. Çünki bu unutqanlıqların hər biri bizə sağalmaz zərbə vurar. Deyerler.org