Peyğəmbərlİyə nə üçün mələk seçİlmədİ?


Cavab: Həzrət Peyğəmbər (s) və onun gətirdiyi ayinlərə müxalif olanlar, öz çirkin məqsədlərinə çatmaq üçün min bir bəhanə gətirir, bütün vasitələrə əl atırdılar. Bu bəhanələrdən biri də, peyğəmbər olaraq mələk yox, insanın seçilməsindən doğan narazılıq idi. Hansı ki, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə kifayət qədər dəlil var idi. İkinci bir tərəfdən, belə bir etiraz təkcə həzrət Məhəmmədə (s) qarşı yox, bütün peyğəmbərlərə qarşı yönəlmişdi və olduqca yersiz görünürdü.
Bəs Qurani-kərimdə bu barədə nə deyilir? «Ənam» surəsinin 8-ci ayəsində Allah-təala buyurur: «Əgər biz elə bir mələk göndərsəydik, iş bitmiş olar və iman gətirməyənlərə bir an belə möhlət verilməzdi».
Maraqlıdır, nə üçün möhlət verilməzdi? Cavab çox sadədir: Allah-təala insanı əzaba düçar etməzdən əvvəl, ona xəbərdarlıq edir. Xəbərdarlıq həm söz, həm də gözlə ola bilər. Məsələn, bir insana «ovcumda qızıl olduğuna inanmasan, səni cəzalandıracağam» deyirsən. Bu sözlə xəbərdarlıqdır. Gözlə xəbərdarlıq odur ki, ovcundakı qızılın bir tərəfini o şəxsə göstərəsən. Sözlə xəbərdarlığa məhəl qoymayan insana düşünmək üçün möhlət vermək olar. Amma gözü ilə gördükdən sonra inanmayan şəxsə möhlət vermək üçün heç bir əsas yoxdur. Peyğəmbər olaraq mələk göndərilməsi, qeybin aşkarlanması və gözlə görünən son xəbərdarlıqdır. Allah-təala isə, insanı əql mülkü ilə mükafatlandıraraq, onu üstün etmişdir. Heyvanlar da gördüyünü hiss edir, duyur. İman isə, zahir gözü ilə gördüyünə yox, bəsirət gözü ilə gördüyünə inanmaqdır. Növbəti ayədə oxuyuruq: «Əgər biz onu mələk etsəydik, yenə də insan qiyafəsində göndərər və onları bir daha şübhəyə salardıq».


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter