Halal ruzi qazanmağın 8 formulu nədir?
İbadətin 70 bölməsi vardır. Onun ən böyük hissəsi - halal ruzi qazanmaqdır. Övladın atası üzərindəki haqqı budur ki, ruzisini halal yolla təmin etsin. İmam Sadiq (ə) buyurur: “Hər kim duasının yerinə yetməsini istəyirsə, gərək gəlirini halal etsin. Qarnında haram tikə olan heç bir bəndənin duası Allah dərgahına yuxarı qalxmır”. (Tebyan)
Dinimiz halal ruzi qazanmağın formulunu müəyyən edib bizlərə çatdırmışdır. Onlara işarə edək:
1. Allahın Rəzzaq olduğunu qəbul edək.
İnsanların əlində olana ümid bəsləməmək və etinasızlıq etmək - ən böyük zənginlikdir. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Allahdan qeyrisindən əlini kəsərsə, Allah onun həyat xərcini təmin edər. Gözləmədiyi yerdən ruzi verər. Ancaq o kəsin ki, ümid gözü dünyada olar, Allah onu dünyaya tapşırar”.
2. Halal ruzi qazanmaq üçün səy et.
Halal ruzi qazanmaq hər bir müsəlmana vacibdir. Bu yolda səy etmək o qədər əhəmiyyətli mövzudur ki, Həzrət Peyğəmbər (s) buyurub: “Hər kim öz əli ilə işləyər və ruzi yeyərsə, Qiyamət günü peyğəmbərlərin zümrəsində olar. Allah ona peyğəmbərlərin savabını verər”. Lakin səylə bərabər, müsəlman səbirli olmalıdır. Çünki əgər səbirsizlik etsə, İmam Əlinin (ə) buyurduğu kimi, özünü halal ruzidən məhrum edər. Təqdir edilmiş ruzidən artığı nəsibi olmaz.
3. Qənaətcil ol və ailəni də buna adət etdir.
Hər kəs kifayət qədər qənaət edərsə, rahatlıq tapar. Özü üçün rifah yaradar. İmam Rza (ə) buyurur: “Hər kim Allah tərəfindən olan az ruziyə razı olar, Allah onun az əməlindən razı olar”.
4. Hər bir haramdan çəkin.
Müsəlman ruzisini halal yolla qazanmalıdır. Bu gün insanların çoxu bu mövzuda dini vəzifələrini bilmədikləri üçün, haram tikəni rahatlıqla yeyə bilirlər. Misal üçün bankdan sələm alır və onu rahat şəkildə xərcləyirlər.
5. Malının xümsünü ver.
Xüms zahirdə malı azalmış şəkildə göstərər. Lakin batində bərəkət gətirər. Axirət üçün sərmayə qoymaqdır. Əgər Allahdan və Peyğəmbərdən (s) borc almaq istəyirsənsə, gərək özün üçün xüms ili təyin edəsən. Xeyir iş və sədəqə - yoxsulluğu aradan aparar. Ömrü artırar, yetmiş pis ölümü insandan uzaq edər. İmam Əli (ə) buyurur: “Sədəqə verərək ruzinizi yerə endirin”.
6. Səhər tezdən iş başına get.
Həzrət Peyğəmbər (s) buyurur: “Ruzinin ardınca getmək üçün səhəri tez dur. Çünki günün əvvəlindəki hərəkət - bərəkət və qələbə (mənbəyidir)”.
İmam Rza (ə) buyurur: “Gecə namazına riayət edin ki, gecə namazı günün ruzisini zəmanət edəndir”.
7. Sileyi-rəhm et.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim ömrünün uzun və ruzisinin çox olmasını istəyirsə, İlahi təqvaya riayət etsin və sileyi-rəhm etsin”. “Sileyi-rəhm əməli pakizə, malı çox və bəlanı aradan qaldırar, hesabı asan edər, ölümü təxirə salar”.
8. Xoş əxlaqlı ol.
İmam Əli (ə) buyurur: “İnsan yaxşı niyyət və yaxşı əxlaq ilə axtardığı bütün şeyləri: xoş həyatı, təhlükəsizliyi və çoxlu ruzini əldə edər”.
İmam (ə) yenə buyurur: “Yaxşı əməl və xoş əxlaq evi abad və ömrü uzun edər”.
İmam Əli (ə) başqa yerdə buyurur: “Pis əxlaq ruzini daraldar”.
Allah Təala ruzimizi bərəkətli etsin. Deyerler.org