Həyat yoldaşına sevginin əhəmiyyəti necə dəyərləndirilir?
Ailə - ən mühüm ictimai mərkəzdir. Bu ictimai mərkəzi ərlə arvad təşkil edir. Övlad ilk olaraq burada tərbiyə görər və sonra isə cəmiyyət okeanına daxil olar. Əgər cəmiyyətə diqqətlə nəzər salsaq, görərik ki, ailə, ailə mədəniyyəti, ailə münasibətləri, ailə əxlaqı cəmiyyəti meydana gətirir. Heç bir şey ailənin yerini verə bilməz – nə məktəb, nə uşaq bağçası, nə ali məktəblər. Əgər ailə ocağı isti olarsa, əgər ailədə sevgi olarsa, cəmiyyətə təhvil verilən övladlar da gözəl və tərbiyəli olar. Əgər ailədə daima dava və səs-küy varsa, uşaqların gül varlığı solar və bu halda cəmiyyətə təhvil verilmiş olarlar. (Tebyan)
Ona görə də ailə əxlaqı - mühüm mövzulardandır. Əgər hər iki tərəf öz haqqını tanısa və ona riayət etsə, ailə hüzurlu və sevgi dolu olar.
“Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).
Əllamə Təbatəbai bu ayənin təfsirində buyurmuşdur: “Rəhmətlə ülfətin fərqi odur ki, ülfət ürəkdə olur, rəhmət isə əməldə. İnsan bir nəfəri sevir, ancaq bunu bəyan etmir. Bu, ülfət və məhəbbətdir. Lakin o zaman ki, dostluğunu bəyan edər və deyər ki, “səni çox istəyirəm”, onun üçün bir şey alar, ya səyahətə aparar - bu, rəhmət olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər kişi həyat yoldaşına desə ki: “Mən səni çox istəyirəm”, bu cümlə heç bir zaman qadının zehnindən çıxmaz”.
Bəziləri deyir ki, bu cümlə qadınlara çox deyilməməlidir, lakin belə deyildir. İmam Hüseyn (ə) buyurur: “Mən o evi sevirəm ki, orada həyat yoldaşım Rübab olsun”. İmam (ə) bu yolla öz sevgisini bəyan edir. İmam Əli (ə) sevgisini başqa cür və Həzrət Fatimə (s.ə) başqa cür bəyan edir.
“Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız (hər biriniz digərinin zinəti, eyiblərini örtən və onu günahdan qoruyansınız)”. (“Bəqərə” 187).
Bəli, paltar insanın eybini gizlətdiyi kimi, ərlə-arvad da bir-birinin eybini gizlədər və bir-birinin zinəti olarlar. Siz paltarınızı dəyişdirdiyiniz kimi, həyatda qadınla kişinin də şəraitləri dəyişir. Misal üçün qadın uşaq dünyaya gətirir, şəraiti dəyişir. Kişi evə yorğun gəlir, şəraiti dəyişir.
Allah Təala kamil insanın dili ilə deyir: “Və o kəslər ki, «ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et» deyirlər”. (“Furqan” 74).
Bütün İlahi övliyaların arzusu bu idi ki, ailələri də namaz və din əhli olsunlar. Ona görə də İbrahim (ə) peyğəmbər həyat yoldaşı və uşağını Məkkədə qoyub gedən zaman demir ki, Allahım, onları yedizdir, deyir ki, Allahım onları ona görə burada qoymuşam ki, din və namaz bərpa olsun.
“Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar”. (“Təhrim” 6).
Bu ayələrdən məlum olur ki, ailə - İslam dinində xüsusi əhəmiyyətə malik olan məsələlərdəndir. Yəni, evin rəhbəri özünə görə daşıdığı məsuliyyətlərlə yanaşı, ailəsinə görə də məsuliyyət daşıyır. Ailənin təməlini qoyan hər iki nəfərin də bir-birinə qarşı məsuliyyətləri vardır. Əgər gözəl şəkildə yerinə yetirilərsə, cəmiyyətə təhvil verilən övladlar da layiqli və saleh olar. Deyerler.org