Ürəyin pas bağlamasına səbəb olan amillər nələrdir?
İnsanın həqiqəti ruhunun Allaha yaxın olması ilə məna kəsb edər. Lakin o zaman ki, insan dünya həyatında Allahdan uzaq olar, həmin həqiqəti əldən vermiş olar. Quran ayələri bəzən bunun səbəbini ürək qəsavətində görür. Yəni insanın ürəyini, gözünü və qulağını elə pərdə bağlayır ki, həqiqətləri qəbul edə bilmir. Bu pərdə nəhayət qəsavətə çevrilir. Əgər insanın ürəyini qəsavət bağlayarsa, Allah qorxusu ona yaxın olmaz və ürəyində nə qorxu olar və nə də meyl. Bir xətib insanlara moizə deyər, lakin onun bu dediklərinə reaksiya verənlərin sayı müxtəlif olar. Biri o qədər təsirlənər ki, ürəyi gedər. Başqası isə nəyin baş verdiyini bilməz. Bəlkə həmin şəxsin qəşş etməsinə təəccüb edər. (Tebyan)
Ürək qəsavətinin amilləri:
1. Nəfspərəstlik.
Nəfsinin qulu olmaq - bütün fəsadların anasıdır. Çünki nəfsinin qulu olan insan süqut edər, dünya və axirətdə müsibətlərə düçar olar.
2. Dünya sevgisi.
Ürək qəsavətinin ikinci amili - dünya sevgisidir. Dünya sevənlər o kəslərdir ki, fikir və düşüncələrini ancaq dünya işləri təşkil edir. Bütün meylləri dünya ləzzətlərinə çatmaq üçündür. Axirəti düşünmürlər. Axirət onlar üçün cazibəli deyildir. “Bu (qəzəb) – onların dünya həyatını axirətdən üstün tutmalarına görədir. Həmçinin ona görə ki, Allah kafirlərin dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) hidayət etmir. Onlar Allahın qəlb, qulaq və gözlərinə (bədbəxtlik və anlamazlıq) möhürü vurduğu kəslərdir və onlar həmin qafillərdir”. (“Nəhl” 107-108).
3. Günahların çox olması.
İmam Əli (ə) buyurur: “Göz yaşı qurumaz, məgər ürək qəsavətinə görə. O kəsin ürəyi qəsavət bağlamaz, məgər günahlarının çoxluğuna görə”.
4. Uzun arzulara malik olmaq.
Uzun arzular insanı Allahdan qafil edər. Dünyaya həris olar. Axirəti unudar.
5. Yeməkdə ifrat etmək.
Bəzi hədislər buyurur ki, yeməkdə ifrat etməklə ürək qəsavəti arasında rabitə vardır. Həzrət Peyğəmbər (s) buyurardı ki, əlavə yeməyi yeməkdən çəkinin ki, ürəyi qəsavətli edər. Allaha itaətdən tənbəl edər. Qulağı moizə eşitməkdən saxlayar.
6. Cəhalət.
“Allah bilməyənlərin (tovhid və din elminə yiyələnməyənlərin) qəlblərinə beləcə (bədbəxtlik və anlamazlıq) möhür(ü) vurar”. (“Rum” 59).
7. Şeytan vəsvəsəsi.
Ürək qəsavətinə səbəb olan amillərdən biri də şeytan vəsvəsəsidir. Burada şeytan dedikdə həm cin nəzərdə tutulur və həm də hər cür şər insan.
8. Qadınlarla oturub-durmaq.
Qadın məclislərində iştirak etmək və onlarla çoxlu söhbət etmək ürəyi qəsavətli edər.
9. Əti çox yemək.
Heyvan ətini çox yemək də ürəyi qəsavətli edər. Düzdür ki, halaldır, ancaq təsir qoyar. İnsan hansı heyvanın ətini çox yeyərsə, həmin heyvanın sifətlərinə malik olmağa başlayar.
10. Çox yatmaq.
Çox yatmaq da ürəyi qəsavətli edər. Allah yuxunu istirahət və güc toplamaq üçün vermişdir. Lakin çox yatmaq insanı tənbəl edər, qəsavət gətirər.
11. Mal toplamaq.
İnsan əgər mal toplamağı hədəfi qərar verərsə, bu hədəfinə heç bir zaman çata bilməz. Çünki bir milyon toplayan zaman iki milyon istəyər və sair. Bunun sonu olmaz.
Beləliklə deyə bilərik ki, Quran ayələrinin və haqqın sözünü qəbul etməməyimizin səbəbi - öz həqiqətimizdən uzaq qalmaqdan başqa bir şey deyildir. Əgər pərdələri qaldırsaq, həqiqətimizə çata bilərik. Deyerler.org