İnsanlar arasında əlaqənin kəsilməsinə səbəb olan 3 amil hansıalrdır?


İmam Sadiq (ə) buyurur: “Qardaşlar öz aralarında üç şeyə ehtiyac duyurlar. Əgər istifadə etsələr, dostluq yaranar, əks halda bir-birindən ayrılar və düşmən də olarlar. Bu üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-biri ilə mehriban olmaq, bir-birinə həsəd aparmamaq”. (Tebyan)
Deməli, əlaqənin kəsilməsinə səbəb olan birinci amil: bir-birinə qarşı insaflı olmamaq. İkinci amil: bir-birinə qarşı mehriban olmamaq. Üçüncü amil: həsəd aparmaqdır. Hədisin söylədiyinə görə, bu üç amil insanı başqalarından uzaq salar və hətta düşmən belə edə bilər.
Bəs insaf nədir?
İnsaf - əxlaqın gözəl sifətlərindən biridir ki, ədalətli olmaq, insanların haqqını vermək, özün üçün istədiyi xeyri başqası üçün də istəyəsən, özün üçün bəyənmədiyin ziyanı başqası üçün də bəyənməyəsən mənasını verir. İnsaf - yəni ədaləti iki yerə bölürsən, özünlə başqaları arasında. Özünü başqalarından üstün bilmirsən.
İmam Əlinin (ə) Malik Əştərə tövsiyəsi
İmam Əli (ə) Malik Əştərə belə bir göstəriş verir: “Allaha və bəndələrinə qarşı insafı əldən vermə, ətrafındakılara, ailənə və əlinin altında olanlara qarşı insaflı ol. Əgər insaflı olmasan, zülm etmiş olarsan. O kəs ki, Allah bəndələrinə zülm edər, Allah onun düşməni olar. O kəsin ki, düşməni Allah olar, dəlilini batil edər (yəni, üzrünü qəbul etməz). Bu cür insan Allahla döyüşdə olar, məgər o halda ki, zülmdən əl çəkər və tövbə edər”.
İnsanın ən çətin vəzifəsi
İnsafa riayət etmək çox çətin bir işdir. İnsan gərək ona çox əhəmiyyət versin. İmam Sadiq (ə) buyurur: “Sizi Allahın xəlqinə vacib buyurduğu ən çətin vəzifədən agah edimmi?” Bu zaman üç mövzunu bəyan edir ki, onların birincisi insanlara qarşı insaflı olmaqdır.
Mehriban və rəhmli olmaq
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, rəhm etməz, rəhm olunmaz”. Ona görə də o kəs ki, başqalarına qarşı əməlində, danışığında rəhimli olmazsa başqaları da ona rəhm etməzlər. İctimai rabitələrdə bəzən rəhimli olmaq mövzusu aktual olur. İnsanlar bir-birinin səhvlərini bağışlayır və bir-birinə güzəşt edirlər. Bu zaman cəmiyyətdə rəhmlilik hakim olur. Ancaq bəzən də bir-birinə rəhm etmirlər. Bacardıqları qədər qarşı tərəfə əziyyət vermək və zülm etmək istəyirlər. Nəticədə cəmiyyət rəhm nemətindən məhrum olur. Bunu bilmək lazımdır ki, rəhimlilik ikitərəfli olmalıdır. İnsan ancaq başqasından bunu gözləməməlidir. İlk olaraq, özü bu işi görməlidir. Əgər siz belə deyilsinizsə, başqalarından da bunu gözləməyin.
Həsəd
Əxlaqın ən rəzil sifətlərindən biri həsəddir ki, bir çoxlarımız ona düçar olmuşuq. İmam Əli (ə) buyurur: “Həsəd - bütün çirkinliklərin başlanğıcıdır”. Həsəd yəni, başqasının sərvətinin əlindən getməsini istəmək, onun pisliyini istəmək, ona zərər dəyən zaman sevinməkdir. Həsəd aparan insan həmişə istəyir ki, bütün yaxşılıqlar ancaq ona çatsın. O, intiqam alan və tündxasiyyətdir, rəhmli deyildir. Rəqibin nailiyyətləri onu nigaran edər və heç bir zaman rahatlığı olmaz. İmam Əli (ə) buyurur: “Həsəd aparan insanın rahatlığı olmaz”.
Yenə də buyurur: “Həsəd aparan insanın dostu olmaz”.
Həzrət (ə) başqa yerdə buyurur: “Həsəd həyatı acı və qaranlıq edər”.
Bu üç amili tanıdığımıza görə ondan uzaq olaq və insanlarla rabitəmizi insaf, mehribanlıq və mehr üzərində quraq. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter