Rəcəb ayının əlamətdar tarixləri hansılardır?
Rəcəb ayının 1-i hicri 57-ci il - 5-ci İmam - İmam Muhəmməd Baqirin (ə) mübarək mövludu günüdür.
• Rəcəb ayının 3-ü hicri 254-cü il - 10-cu İmam - İmam Hadi (ə) (Əliyyən-Nəqi (ə)) şəhadətə yetişmişdir.
• Rəcəb ayının 8-i hicri 20-ci il - İslam dininin Misirə gəldiyi gündür.
•Rəcəb ayının 10-u hicri 195-ci il - İmam Muhəmməd Təqinin (ə) (müsəlmanlar bu mübarək şəxsi, İmam Cavad (ə) adı ilə də tanıyırlar) mübarək mövludu günüdür.
• Rəcəb ayının 12-i hicri 36-cı il - Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir.
• Rəcəb ayının 13-ü hicrətdən 23 il öncə Məkkə şəhərində, Kəbə evində Əmirəlmöminin Həzrət Əli (ə) dünyaya gəlmişdir.
• Rəcəb ayının 19-u, 9-cu hicri ilində, Təbuk qəzvəsi baş vermişdir. Gənc İslam qoşunu, Rum imperiyasının təcavüzünün qarşısını almaq üçün, Rəsuli-Əkrəmin (s) başçılığı altında, Mədinə şəhərindən
Ərəbistan yarımadasının şimalınadək yürüş etmiş, İslamın qüdrət və əzəmətini bütün ərəb tayfalarına nümayiş etmişdi.
• Rəcəb ayının 20-si, 13-cü hicri ilində müsəlman mücahidlərilə Rum imperiyası arasında Yərmuk döyüşü baş vermişdir.
•Rəcəb ayının 24-ü, 7-ci hicri ilində, mühüm strateji əhəmiyyətə malik olan Xeybər qalası müsəlmanlar tərəfindən fəth edilmişdir.
•Rəcəb ayının 25-i, hicri 183-cü ildə, müsəlmanların 7-ci İmamı – Həzrət Museyi-Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun-ər-Rəşid tərfindən zəhərlənərək, şəhadətə yetişmişdir. Mübarək hərəmi
Kazimeyn şəhərindədir. İmamı (ə) ziyarət etməyə əli çatmayanlar, onun qızlarının Vətənimizdə - Nardaranda və Bibi-Heybətdə olan məqbərələrini ziyarət edə bilərlər.
•Rəcəb ayının 27-də, hicrətdən 13 il öncə - Həzrət Muhəmməd ibn Abdullaha (s) peyğəmbərliyin verilməsi günü - Məbəs günüdür. Bu gündə oruc tutmaq çox müstəhəbdir.
•Rəcəbin 28-i, hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hərəkət etmişdir. Bu - Aşura salnaməsi ilə sonlanan, xilafəti qəsb etmiş zalım Yezid istibdadına qarşı mübarizə
hərəkatının başlanğıcı idi. Azsaylı tərəfdarları ilə İslamı yaşadan, zülmə, rəzilliyə «yox!» deyən İmam Hüseyn (ə), bu yenilməz mübarizəsilə misilsiz qəhrəmanlıq məktəbinin əsasını qoymuşdur.