Ühüd döyüşündə müsəlmanlar nə üçün məğlub oldular?


Cavab: İslam tarixindən məlumdur ki, Bədr döyüşündə müsəlmanlara məğlub olan Qüreyş tayfasından 70 nəfər öldürüldü. Əbu Süfyan qəzəbləri soyumasın, deyə qadınları ağlamağa belə qoymadı. Qüreyş «intiqam» deyə fəryad çəkirdi.
Həzrət Peyğəmbərin (s) əmisi Abbasdan Qüreyşin növbəti dəfə Mədinəyə hücumu barədə məktub aldı. Peyğəmbər (s) Mədinə əhlini toplayıb, onlarla məsləhətləşmə apardı. Müsəlmanlardan bir qrupu düşmən qoşununun gücünü nəzərə alaraq, şəhərdən çölə çıxmamağı, Qüreyşlə Mədinənin dar küçələrində döyüşməyi təklif etdilər. Amma Səd ibni Məaz da daxil olmaqla, döyüşgən cavanlar bunu özlərinə sığışdırmayıb, Mədinədən çıxmağı israrla təkid etdilər. Həzrət Peyğəmbər (s) Mədinədən çıxmağa meyilli olmasa da, çoxluğun təklifini qəbul etdi.
Döyüş başladı və müsəlmanlar bir güclü həmlə ilə düşmən qoşununu geri oturtdular. Qüreyşin tam məğlub olduğunu zənn edən müsəlmanlar, yanılmışdılar. Müsəlmanların arxayınlaşmasından istifadə edən düşmən, əks hücuma keçərək, Ühüd döyüşündə qələbə qazandı.
Bu döyüşdə müsəlmanların məğlubiyyətinin dörd əsas səbəbi vardır:
1. İslamı təzə qəbul edənlərdən bir hissəsi Allahın qeybi yardımlarından arxayınlaşaraq, lazımı döyüş hazırlığı görməmişdilər.
2. Həzrət Peyğəmbərin (s), oxatanların səngərdə qalmasına dair verdiyi əmrə itaətsizlik göstərildi.
3. Müsəlmanlardan bir hissəsi düşməni təqib etmək əvəzinə, silahı yerə qoyub, qənimət ardınca qaçdı.
4. Əvvəlki Bədr döyüşündəki qələbədən arxayınlaşan müsəlmanlar, Ühüd döyüşündə düşmənin gücünü düzgün qiymətləndirməmişdilər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter